AZ

Dünya neokolonializm təcrübəsinə göz yummamalıdır!

Azərbaycan bu mübarizənin önündə yer alır

Dünyada beynəlxalq hüquqa zidd davranışlar, fundamental azadlıqların təmini, hətta istismar və neokolonialist niyyətlər artıq intensiv hal almaqdadır. Xüsusilə, özünü ayrı-ayrı dövlətlər üzərində “haqq sahibi” hesab edən bəzi ölkələrin davranışları bu mənada, bəyan etdikləri “demokratik prinsiplərlə” uzlaşmır. Azərbaycan digər istiqamətlərdə olduğu kimi bu cür hallara qarşı mübarizənin də önündə yer alır - ölkəmiz haqqı tapdanan, istismar edilən, neokolonializm siyasəti ilə üz-üzə qalmış toplumlara, xalqlara və dövlətlərə öz yardım əlini uzadır. Buna ən real misal ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dönəmindən əsası qoyulmuş neokolonializmə qarşı aktiv mübarizə faktıdır.

Biz ədalətə, beynəlxalq hüquqa bağlı idik

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, biz bir məsələni də Qoşulmama Hərəkatının sədri kimi hər zaman təşviq edirdik. Bu, yeni müstəmləkə tendensiyalarına qarşı mübarizədir: “Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır”.

Bəli, Azərbaycanın XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından narahatlığı mühüm bir məsələdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkənin işğal olunması, sərvətlərinin talanması, xalqlarının uzun illər əsarətdə saxlanılması təssüfləndirici hal yaratdığı qədər dözülməzdir. Mənfi nəticələr yalnız asılı ölkələrin suverenliyinin məhdudlaşmasında, yeraltı və yerüstü sərvətlərinin talanmasında müşahidə edilmir. Fundamental insan hüquqlarının tapdanması müasir dövr müstəmləkəçiliyinin  ən ağır təzahürüdür. Təzad bundan ibarətdir ki, müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan ediblər. Ancaq həmin ölkələr neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar.

Avropa Parlamenti və AŞPA niyə susur?

Neokolinalizmin ən bariz nümunəsi Fransanın timsalında təzahür edir. Fransada  insan hüquq və azadlıqlarına münasibət birmənalı şəkildə fərqli standartlara əsaslanır. Bu, rəsmi Parisin neokolonialist siyasətə üstünlük verməklə bəşəri dəyərləri deqradasiyaya uğratdığının göstəricisidir. Maraqlıdır ki, neokolonist arzularından əl çəkməyən Fransa tarixdən dərs götürmək belə istəmir və günümüzdə yenidən özünün bu çirkin addımlarını davam etdirir. Beynəlxalq ekspertlərin də şərhlərinə görə, Fransa tarixən müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən ölkədir. Ötən dövrün tarixinə isə Fransa adını qanlı və qara hərflərlə yazdırıb - həyata keçirdiyi soyqırımları, insanların vəhşicəsinə qətlə yetirlməsi faktları, milyonlarla insanın kölələşdirilməsi kimi saysız-hesabsız məqamlar rəsmi Parisin tarixdən silə bilməyəcəyi üz qarasıdır. Ən təəssüfləndirici hallardan biri isə özünü “insan hüquq və azadlıqlarının qoruyucusu”, fundamental hüquqların keşikçisi kimi qələmə verən bir sıra beynəlxalq, xüsusilə Avropa təsisatlarının bu prosesi susqunluqla izləməsidir. Özünü “demokratiya jandarmı” kimi təqdim edən bu təşkilatlar Fransanın dənizaşırılarına qarşı apardığı istismar siyasəti qarşısında susqunluq nümayiş etdirir, baş verənləri görməzdən gəlir. Azərbaycanın rəhbərliyi tərəfindən başladılan antineokolonializm mübarizəsi, “Bakı Təşəbbüs Qrupu”nun aktiv fəaliyyəti bu dövlətlər üçün azadlıq yoluna çevrilməkdədir. Onların azadlıq mübarizələrinə, azadlıq arzularına dəstək verməli olan təşkilatlar isə prosesi izləməklə kifayətlənirlər. Prezident İlham Əliyev çıxışında bildirib ki, ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır: “Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz?”

Bu, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil

Fransanın bu çirkin addımları günü-gündən genişlənməkdədir. Məsələn, Korsikanın azadlıq mübarizəsi Fransa üçün artıq uzun illərdir ki, “baş ağrısına” çevrilib - hətta Korsika dilinə qadağa qoyulub. Eyni zamanda, sərhədlərindən çox uzaqda yerləşən ərazilərə belə iddialarını davam etdirən rəsmi Paris Mayot adasını müstəmləkəsinə çevirib - Mayot adası hazırda departament formasında Fransanın nəzarətində olan adadır. Hətta Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanıyıb. Fransa isə beynəlxalq hüquqa hörmət göstərməyərək özünün müstəmləkəçilik siyasətindən əl çəkmir - Mayot Adası əsl sahiblərinə təhvil verilmir. Bu isə özünü Avropa demokratiyasının ən əsas dayaqlarından sayan Fransanın əsl xislətini ortaya çıxarmış olur.

Eyni zamanda, Yeni Kaledoniya, Polineziya kimi torpaqlar da Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumları sayılır. Fransa hökumətindən bu ərazidə “öz müqəddəratını təyinetmə prosesinin ədalətli və səmərəli qurulmasını asanlaşdırmaq və sürətləndirmək”, eləcə də Polineziya əhalisinin müstəqilliyə qərar verə biləcəyi referenduma və ya öz müqəddəratını təyinetmənin ara statusuna yol açmaq tələb olunub. Amma Fransa yenə də beynəlxalq hüququ ayaqlar altına alaraq özünün müstəmləkə siyasətinə son vermir.

Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır. Ölkəmiz kolonializimin bütün təzahürlərini pisləyir və insan hüquq və azadlıqlarının qorunmasına böyük önəm verir. Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyimizi göstərir. Vurğulandığı kimi, Fransa müstəmləkəçiliyinə qarşı yaradılan Bakı Təşəbbüs Qrupu hətta BMT müstəvisində bir sıra sənədlər yayaraq Fransanı ifşa edib. Bu mübarizə dünyada ədalətin bərpasında, həqiqətlərin üzə çıxmasında, Fransanın ifşasında mühüm faktoloji əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Bakıda keçirilən Forumdakı çıxışında qeyd edib ki, bu, elə bir məsələdir ki, hesab edirəm hər bir normal insan məhz bu hüququ müdafiə edər: “Bir sözlə, bu, çox vacib məsələdir. Bu, həmçinin mədəniyyətlərarası dialoq üçün vacibdir. Biz burada ikiüzlü ola bilmərik, ikili standartları tətbiq edə bilmərik. Yaxud da ki, əgər görürüksə ikili standartlar nümayiş etdirilir, biz buna göz yuma bilmərik. Əgər siz insanlara xoş olan tolerantlıqdan, demokratiyadan, insan hüquqlarından danışıb, amma digər tərəfdən, siz dənizdə olan 10-dan artıq ərazidə bunun əksini edirsinizsə, bu, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil. Əlbəttə ki, bu sahələrdə həmin yanaşma tətbiq olunacaqdır”.

P.SADAYOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla