AZ

BMU-da “GreenAgroHack” hakaton yarışı ilə bağlı infosessiya keçirilib - FOTO

Bakı Mühəndislik Universitetində (BMU) “GreenAgroHack” hakaton yarışı ilə bağlı infosessiya keçirilib.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Tədbirdə BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, “FemTech” Akselerasiya Mərkəzinin, “SABAH.HUB” İnnovasiya Mərkəzinin nümayəndələri və digərləri çıxış edərək sözügedən müsabiqənin önəmini vurğulayıblar. Eyni zamanda karyera inkişafı baxımından yarışmanın yaratdığı fürsətlərə diqqət çəkilib.

Tədbirdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutacaq müsabiqə ilə bağlı əsas məqamlar, hakatonun şərtləri, iştirak qaydaları barədə dolğun məlumat verilib. Qeyd edilib ki, “GreenAgroHack” 15-17 may 2024-cü il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı çərçivəsində təşkil olunur. Müsabiqə qabaqcıl ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə müəyyən müddət ərzində (29 saat, 29 dəqiqə, 29 saniyə) kənd təsərrüfatı sahəsi istiqamətində xüsusi proqram təminatlarının hazırlanması, ağıllı həllər, aqrar sahədə innovasiyanın rolu və əhəmiyyətini gənclər arasında təşviq etmək məqsədi daşıyır.

Müsabiqə şərtlərinə gəlincə, yarışda ən az iki fərqli universitetin tələbələrindən formalaşdırılan maksimum 5 nəfərdən ibarət (minimum 1 xanım olmaqla) komanda şəklində və ya fərdi qaydada iştirak etmək olar.

Sonra tədbirdə tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla