AZ

Qırğızıstan çətin durumda: Qonşu ölkə vaxt verdi

Qırğızıstanın türk dövlətləri ilə inteqrasiya fəaliyyəti Çində diqqətlə izlənilir. Qırğızıstanın Çinə əvvəllər təxirə salınmış borcunun ödənilməsinin vaxtı gəlir və bu, Mərkəzi Asiya ölkəsində güclü şərq qonşusundan maliyyə asılılığının dərinləşməsi ilə bağlı ictimai narahatlığı artırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Qırğızıstan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra yığılmış ümumi borcu təqribən 6.2 milyard dollardır:

“Bunun təxminən 1.7 milyardını Çinə borcludur. Çinin İxrac və İdxal Bankı 2021-ci ildə borcdan 32 milyon dolların ödənilməsini təxirə salmışdı. Pekin Bişkekin əlavə möhlət və ya alternativ ödəmə sxemləri ilə bağlı təkliflərini rədd edir. Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov fevralın 2-də hökumətin iclasında xarici borc üzrə ödənişlərin pik həddinə çatdıqlarını açıqlamışdı. Onun sözlərinə görə, borcun ödənilməsi üçün Qırğızıstan büdcəsindən 2024-cü ildə 400 milyon, 2025-ci ildə 430 milyon, 2026-cı ildə isə 390 milyon dollar ayrılması tələb olunacaq.

Qırğızıstan hökumətinin məlumatları göstərir ki, Çin kreditləri Pekinin qlobal “Bir Kəmər, Bir Yol” təşəbbüsünün bir hissəsi kimi iri infrastruktur layihələrinə xərclənib. Bunlara paytaxtın mərkəzi istilik stansiyasının modernləşdirilməsi, Şimal-Cənub magistralının yenidən qurulması və ölkənin elektrik şəbəkəsinin yenilənməsi daxildir. Kreditlər 20 il ərzində qaytarılmalıdır. Hökumət borcun ödənilməsi forması kimi bəzi gəlirli mədən aktivləri üzərində nəzarəti Çinə ötürməyi nəzərdən keçirsə də, ictimai etirazların qorxusundan buna yaşıl işıq yandırmayıb. Çin istənilən halda bu ideyanı rədd edib, eyni zamanda 32 milyon dolların təxirə salınmasına razılaşıb.

Qırğızıstan rəsmiləri keçən il Çinə borcunun bir hissəsini yaşıl təşəbbüslərə dəyişməyi təklif edib. Bişkek Çinə Qırğızıstanın bərpaolunan enerji layihələrinə sərmayə yatırmaq təklifini verib. Gəlir bölünməlidir. Çin bu təklifi də rədd edib”.

Mərkəzin ekspertləri bildirirlər ki, Qırğızıstanın borcunu ödəyə bilməsə, Çinin nə edəcəyi ilə bağlı qırğızlar arasında narahatlığı artırıb:

“Bişkekdə 2019-2020-ci illərdə Çinin Qırğızıstandakı investisiyalarına qarşı yönəlmiş etirazlar aksiyaları olmuşdu. Qırğızıstan borcunu qaytara bilməsə, Çin Bişkekin mərkəzi istilik stansiyası və Şimal-Cənub magistral yolu kimi bəzi əsas aktivlərə nəzarəti ələ keçirə bilər. Qırğız ekspertlərdən biri borcun iki ölkə arasında gərginlik mənbəyinə çevrilə biləcəyini söyləyib: “Problem ondadır ki, biz Çinin Mərkəzi Asiya və Qırğızıstanla bağlı uzunmüddətli strateji hədəflərinin nə olduğunu bilmirik. Pekin bölgədə sülhdə maraqlı olduğunu bildirir, ancaq qırğızlar Çinin siyasətinə etibar etmirlər”.

Qırğızların qardaş uyğurlara dəstəyi Pekini narahat edir. Pekin Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğzıstanı uyğurlara dəstəkdən imtina etməyə çağırır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla