AZ

İndi ədəbi məhsul çoxdur, amma dəyərli ədəbi məhsul, mənim fikrimcə, çox azdır-SƏFƏR ALIŞARLI ilə Ədəbiyyatsöhbətləri

"Olaylar"ın  AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi fil.f.d., dosent Elnarə Qaragözovanın moderatorluğu ilə  "Ədəbiyyat söhbətləri" layihəsinin növbəti qonağı yazıçı, tərcüməçi  Səfər Alışarlıdır.

Davamı...

Əvvəlini buradan oxuya bilərsiniz - https://olaylar.az/news/edebiyyat/554558

E.Q.- Bu gün bizim ədəbiyyatımızda demək olar ki, kənd nəsri yoxdur. Sanki 80-ci illərin sonu, 90-cı illərin əvvəli kənd nəsrinin son işartıları idi. 90-cı illərdə urbanizasiya o qədər sürətləndi ki, kənd nəsri anlayışı itdi. Kənd nəsri olmadığından təbii ki, şəhər nəsrindən danışmaq da absurddur. Hətta kənd həyatına xüsusi sevgisi olan Səfər Alışarlının da son dövrdə yazdığı əsərlər kənd nəsri nümunələri deyil. Sizcə, artıq kənd nəsri anlayışına gərək yoxdurmu? Yox, əgər varsa, XXI əsrin kənd nəsri Səfər Alışarlıya görə necə olmalıdır? Bu kontekstdə "Qız və maneken" əsərinizə də toxunaq.

S.A.- 1957-ci ildə SSRİ-yə Gənclər Festivalına artist kimi düşə bilmiş Q.Q. Markes SSRİ-ni nəzərdə tutaraq deyirdi ki, burada insanlar necə  pis yaşadıqlarını dərk etmirlər. Deyirdi ki, Moskva lupa altında böyüdülmüş bir Ukrayna kəndinə oxşayır. Paradoksal bir detal kimi Markes Qızıl meydanın kiçikliyini qeyd edirdi. Sözümü ona gətirirəm ki, mən yazmağa başlayanda ilk məqsədim insanlara necə yaşadıqlarını göstərmək olub. Mən kənddə doğulmuş bir adamam.Mütaliəm sayəsində  insanların necə yaşamalı olduğunu bir az da fantastik cizgilər və rənglərlə təsəvvür edirdim. Və bu təzadı öz sovet kəndimizin timsalında hər gün, hər dəqiqə hiss edirdim. İnsanların sovet qəzetlərində, kitablarda yazılan kimi yaşamadığını görür və bunu  onlara göstərmək istəyirdim. Sovet dövründə kənd əhalisi, kənd zəhmətkeşləri üstünlük təşkil edirdi. Paytaxt Bakı əhalinin çox az hissəsini əhatə edirdi. Həmin dövrdə kənd insanının düşüncə tərzi, həyatı şəhər insanlarından çox fərqlənirdi. Buna görə şəhər nəsri ilə kənd nəsri arasında müəyyən bir səddin mövcudluğu özünü göstərirdi. O dövrün şəhər nəsrinə fikir verin. Maqsud, Rüstəm İbrahimbəyovlar, Anar, Elçin şəhər nəsrini təmsil edirdilər. Çünki onlar şəhərdə doğulmuşdular, şəhər insanını yaxşı tanıyırdılar. Biz isə kənd uşaqları idik, kəndi, onun insanını gözəl tanıyırdıq. Zaman keçdikcə kənd dəyişməyə başladı, şəhərə axın sürətləndi. İndi kənd əhalisi əvvəlkindən daha azdır. Mən zaman və ədəbiyyat məsələsinə toxunmaq istəmirəm. Sırf suala cavab vermək istəyirəm. Kəndin bu gün sanki ədəbiyyata ehtiyacı yoxdur. Kənd gələcəkdə şübhə etmirəm ki, öz nasirlərini yetişdirəcək. O nasirlər artıq dəyişmiş, müasirləşmiş kəndin nasirləri olacaqlar. Torpaqla, mal-qara ilə işləyən insan insanla işləyən insandan qat-qat səxavətli, bərəkətli və yumşaq olur. Mən yaradıcılığa başlayanda kəndin ədəbiyyata ehtiyacını daha çox hiss edirdim. Hətta elə zamanlar olub ki, şəhər mövzusuna müraciət etməyi özüm üçün israfçılıq saymışam. Kənddə mənim yazılarıma daha çox ehtiyac olduğu düşüncəsində idim. Ona görə kənd mövzusu mənə daha doğma idi. Amma zaman keçdikcə insan dəyişir, yazıçı artıq ədəbi tələbatın harada daha çox hiss olunduğunu duyur. Məsələn, bu gün şəhər mühiti, şəhər insanı ədəbiyyata daha çox ehtiyac duyur. Biz yazıçılar bunu hiss edirik. Şəhər insanına onun həyatını, yaşadığı mühiti göstərmək daha mühümdür. Mən konkret işlə məşğul olan insanı təsvir etməyi daha çox sevirəm. Onun gördüyü işin fonunda onun mənəvi-əxlaqi dəyərlərini qabartmaq mənim üçün daha rahatdır.  "Qız və maneken" povestimdəki neftçi qəhrəmanım da bu qəbildəndir. Bu əsərdə bayaq dediyim postmodern elementlər və mistik düşüncə tərzi əks olunub. Qəhrəmanın qızının dənizdə baş verən fəlakəti öncədən görə bilməsi və atasını faktiki olaraq dənizi tərk etməyə məcbur etməsi öz -özlüyündə bir ədəbi priyomdur. Orada cəmiyyətin kütlə olaraq ideya arxasınca qaçışına sanki müəyyən bir baryer yaratmağa çalışmışam. İnsan kütlə axını ilə getməməlidir. Kütləyə qoşulmaq insana fayda vermir. Xüsusilə fərdi düşüncəsi, fərdi fikri olan adamlar kütlədən həmişə kənarda durmağa çalışırlar. Bu baxımdan həmin qəhrəmanın düşdüyü vəziyyətlər kütləyə və axına qarşı etirazın formalarından qidalanır. Azərbaycan ədəbiyyatında bu gün təsnifatlandırma bir qədər diqqətdən kənardadır və  buna görə də oxucuya nəyi oxumağın vacib olduğunu bildirməkdə çətinlik çəkirik. Sosial şəbəkələri ədəbi kontekstdə izləyən  bir adam kimi görürsünüz ki, ardı-arası kəsilmədən material təqdim olunur. Bəziləri satılmaq, bəziləri ürəklərə yol tapmaq, bəziləri şedevr iddiası ilə yaradılan bu ədəbi məhsul çoxluğu içərisində onsuz da az olan oxucu çaşıb qalır. Oxucu daha ucuz mövzular arxasınca qaçır, əyləncəli, parıltılı məqamları daha çox bəyənir. Oxucudan da müəyyən bir səviyyə tələb olunur ki, ciddi əsərləri oxuyub qavraya bilsin. "Faust"un oxucusu "Xortdanın cəhənnəm məktubları"nın oxucusu ilə bəlkə də bir məcraya sığar. Amma "Faust"un oxucusu dinsizlik, allahsızlıq əleyhinə yazılmış komediya janrına o qədər də meyl etməz. Bizdə bu təzadlar güclüdür. Məhşur bir kəlam var ki, oxucu bir əsər oxuyur, ikinci əsəri oxuyur, üçüncünü isə artıq özü yazmağa başlayır və fikirləşir ki, yazmaq çox asandır. Həyatda baş verənlər hələ ədəbiyyatın materialı deyil. Həyatda baş verənlərin ədəbiyyatın materialı olması üçün orada ümumiləşdirmə, tipikləşdirmə, giriş, kulminasiya, fabula olmalıdır. İndi ədəbi məhsul çoxdur, amma dəyərli ədəbi məhsul, mənim fikrimcə, çox azdır. Bizim əsl mənada yaza bilən yazıçılarımızın bir çoxu müasir mövzulara müraciət etmirlər, bəsit mövzular işləyirlər, özlərini də, ədəbiyyatı da aldatmağa çalışırlar.

E.Q.- Səfər müəllim, bayaq teatrdan, dramaturgiyadan danışdıq. "Göz-gözə" povestinizin qəhrəmanı da aktyordur. Əsərin üst qatı nakam məhəbbətdən bəhs edir. Lakin alt qatda daha dərin problemlər qoyulub. Elə buradan çıxış edərək yaradıcılıq və istedad məsələsinə toxunaq. İstedad insanı idarə edir, yoxsa insan istedadı idarə etməlidir?

S.A. - Yadıma bir aforizm düşür: dahi bir şeyi bacarır, istedad çox şeyi. Amma dahinin bacardığını heç kim bacarmır. İstedad çox ağır bir yükdür. Bizim cəmiyyət uzun müddət istedadı sovet ölçüləri ilə ölçüb. O ölçülərin bəzi parametləri bu gün də tətbiq olunur. Bu çox mürəkkəb məsələdir. Əgər istedad ədəbiyyatla məşğul olursa, onun ədəbiyyatdan başqa məşğuliyyəti olmamalıdır. İnsanlar isə bir neçə həyatlarının olmasına, çoxüzlü həyat sisteminə adət ediblər. İnsanın yeganə səmimi olduğu yer ədəbiyyatdır. İstedad yalnız sözü oynatmaq deyil. Bugünkü istedada böyük bir mütaliə, böyük bir mədəniyyət bünövrəsi lazımdır. Bu bünövrə olmadan cəmiyyətdə özünütəsdiq mümkün deyil. Mən şəxsən yazmayanda günün boş və hədər xərcləndiyini düşünürəm. Yazmayanda nə üçün yaşamalı olduğumu müəyyənləşdirməkdə çətinlik çəkirəm.

E.Q. - "Sifət möcüzələri" povestiniz koronovirus epidemiyasının tüğyan etdiyi dövrdə yazıldı. Bu əsərdə diqqətimi əsas cəlb edən məqam mistik, magik süjetin əsərin əsas strukturuna daxil edilməsi oldu. Yaradıcılığınızda yeri özəl olan bu əsər barədə düşüncələriniz maraqlıdır.

S.A.- "Sifət möcüzələri" povestinin əsasında həyat faktı durur. Bu əsər koronovirus epidemiyası vaxtı vəfat etmiş əmimoğlu ilə bağlı hadisələrdən qaynaqlanıb. Biz onunla bir sinifdə oxumuşduq. Texnikumda da  dörd il bir yerdə oxuduq. Sonralar ikimiz də Bakıda yaşadıq. Onun ölümü mənə çox pis təsir etdi. Epidemiyadan başqa məni dəhşətə gətirən fakt, həmin povesti yazdıran fakt morq oldu. Biz əmimoğlunun meyidini götürməyə bir qədər tez getmişdik, hələ qapılar açılmamışdı. Orada bir nəfər pəhləvan cüssəli morq işçisi dedi ki, hələ tezdir. Sonra yuxarı qalxıb ondan fərqli olaraq çox cılız, cansız olan partnyorunu oyatmağa başladı. Həmin şəxs morqu açdı və morq açılandan sonra məni içəri dəvət etdi. Dedi ki, meyit çoxdur, ölünüzü özünüz axtarın tapın. Axtarmaq da o deməkdir ki, hər meyitin qoyulduğu kisəni açıb mərhumun sifətinə baxmalısan. O fikirləşdi ki, bəlkə də mən bu məqamdan qorxub içəri girməyəcəyəm. Mən çox qəribə bir arxayınçılıqla, qorxmadan içəri girdim. O baxdığm sifətlərdəki müxtəlif təsvirolunmaz ifadələr məni dəhşətə gətirdi. Mənə elə gəldi ki, o ölən şəxslərin hər biri bir düşüncə ilə, son dəfə çox fərqli düşüncə ilə bu həyatla vidalaşıb. Bu prosedur çox ağır olsa da mənim üçün çox maraqlı idi. Mən əsgərlikdə də, 20 yanvar hadisələrində də morqda olmuşdum. Yəni morq mənim üçün ekzotik bir məkan deyildi. Lakin bu morq məndə tam fərqli assosiasiyalar yaratdı və bu morqu təsvir etmək qərarına gəldim. Mənə elə gəlir ki, bu povestdə ən dəyərli məqam məhz morqdur və məhz morqun bədii təcəssümü xətrinə o povesti yazmağa dəyərdi. Povestin digər hadisələri reallıqdan kənara çıxan faktura deyildi. Adi insan taleyi, adi insan bioqrafiyasıdır.

E.Q. - Hal-hazırda hansısa əsər üzərində işləyirsinizmi?

S.A. - Hal-hazırda bitmiş və bitməmiş hekayələrim var. Xatirələrimin bir hissəsini qələmə almışam. Xatirələrdə bədii boyalardan istifadə etmədən sırf faktura materialı ilə işləyirəm, həyatımın müxtəlif anlarını dəyərləndirməyə, qiymətləndirməyə çalışıram.  Memuar qeydlərimdə müəyyən mənada yaşadığım dövrün, zamanın, insanların, hadisələrin təsvirində o tipikliyi, o ümumiləşdirmələri və özümün bu həyatdan necə keçdiyimi, necə yaşadığımı verməyə çalışıram. Mən bilmirəm geniş oxucu kütləsi bu xatirələrlə maraqlanacaqmı, maraqlanmayacaqmı? Bu o qədər də prinsipial məsələ deyil. Önəmli məqam odur ki, mənim bu il 70 yaşım tamam olur, bu az yaş deyil və belə desək, həyatın verdiyi bonusları geri qaytarmaq vaxtıdır. O xatirələri daha sonra yazmağım mümkün olacaqmı, həvəs olacaqmı, sağlamlıq olacaqmı? Amma indi imkanın var ki, mən onları qələmə alım.

E.Q.-  Müasir ədəbi prosesimizdə olan gənc imzalara ədəbiyyatda var olmaları və məhz Azərbaycan nəsrini dünyada təmsil etmələri, ədəbiyyatımızın gələcəyi olmaları üçün ustad bir yazıçı kimi hansı tövsiyələri verərdiniz?

S.A. - F.M. Dostoyevski deyirdi ki, ali ideya olmadan nə insan, nə də cəmiyyət yaşaya bilər. Bu mənada hər bir yazıçının qarşısına qoyduğu bir ali ideya olmalıdır. O ideya bəzən konkret ola bilər, bəzən qeyri-konkret. Amma bütün hallarda o olmalıdır. İnsan birinci öz istedadının kalibrini müəyyənləşdirməlidir. Müəyyənləşdirməyi bacarmalıdır ki, mən nəyə qadirəm,  hansı rənglərlə daha yaxşı işləyə bilərəm, hansı situasiyaları yaxşı təsvir edə bilərəm. Bunlar yaradıcılıq üçün mühüm cəhətlərdir. Mənim ədəbi dünyagörüşümün, ədəbi zövqümün formalaşmasında, heç şübhəsiz, M.Qorki adına Ədəbiyyat İnstitutunun rolu böyükdür. Mən M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsilimə qədər də dünya ədəbiyyatını, rus ədəbiyyatını çox oxumuşdum, klassik ədəbiyyatın əlli faizini mütaliə etmişdim. Amma o institutda nəyi gördüm? Ədəbiyyatı yox, onu yaradanları və o haqda danışanları bilavasitə yaxın məsafədən gördüm, onların fədakarlığının, ədəbiyyat sevgisinin şahidi oldum. Onların cəmiyyətə, ədəbiyyata, yaradıcılığa həmişə alternativ təqdimat istəyi ilə yanaşdığını gördüm. Onların az maddi nemətə qane olmaqla böyük mənəvi yükün daşıyıcısına çevrildiyini gördüm. Bax, bu dəyərlər mənim ədəbi zövqümün və ədəbi dünyagörüşümün formalaşmasında çox mühüm rol oynayıb. Mən indi də çalışıram ki, bu dəyərləri özümdə yaşadım, özümdə tərbiyə edim. Yazdığım əsərlərlə çalışıram ki, gənc nəslə kömək edim, dəstək olum. Bu məsələlər mənim yaradıcılıq missiyamın əsaslarını təşkil edir. Ədəbi gənclik termini məncə bir qədər köhnəlib. Əvvəlki ədəbi gəncliyin kütləviliyi, ədəbiyyata kütləvi gəlişi yoxdur. Amma bunun əvəzində ədəbiyyata yüngül məşğuliyyət kimi münasibəti müşahidə edirəm. Halbuki ədəbiyyat böyük əzablar məktəbidir. Əzablara qatlaşmadan, özünü sözə təslim etmədən, dünyanın parıltısından imtina etmədən dəyərli bir əsər yaratmaq çətindir. Ədəbi gənclik fikrimcə bundan sonra istedadına görə daha çox seçiləcək. İndiki çap imkanlarının genişliyində kimin nə gətirdiyi dərhal bəlli olur. Ədəbiyyat adına yüksək pafoslu ideyalar yox, sırf bədii inikas gələndə maraqlı olur. Özümdən sonrakı gənc nəslə tövsiyyəm ilk növbədə çox mütaliə etməkdir. Dünya ədəbiyyatının gözəl nümunələrini mükəmməl bilsinlər. Yazıçının özündən əvvəl yaradılmış mədəni irsə, xüsusilə ədəbi-bədii irsə bələdçiliyi yüksək səviyyədə olmalıdır. Zaman keçdikcə ədəbiyyatdan kənar məqamlar silinəcək, yalnız həqiqi bədii dəyərlər qalacaq. Gənc dostlarımız yazdıqları əsəri mürəkkəbi qurumamış sosial şəbəkəyə qoymamalıdırlar. Çünki əsərə müəyyən zaman keçdikdən sonra qayıdanda orada müəyyən qüsurları görürsən, müəyyən yanlışlıqları aradan qaldırırsan. Buna görə əsəri üzə çıxarıb təqdim etməyə tələsmək lazım deyil.

E.Q. - Geniş, əhatəli müsahibə üçün təşəkkür edirik, Səfər müəllim!

S.A. - "Ədəbiyyat söhbətləri"nin müsahibi olmaq xoş idi. Təşəkkür edirəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
Mənbələr
Şərh ()
Bağla