AZ

Kürəyini hökmlüyə söykəyən kürəkən – O, sahibkarın biznesinə “qonub”

 

Türkiyədə məşhur bir ifadə var, bir zamanlar Atatürk dilə gətirib, hazırda bütün dövlət idarələrinin görünən yerlərinə şüar kimi həkk edilir. O ifadə belədir: “Ədalət mülkün təməlidir”.

Bir az yanlış anlaşıla bilər, buradakı “mülk” sözü “malikanə” və ya “imarət” mənasında deyil, “dövlət” mənasındadır. Yəni dövlətin təməli ədalətdir. Ədalətsiz dövlətin ömrü uzun olmaz, mütləq sonu süqutdur. Minlərcə örnək var.

Hazırda qalmaqallı bir biznes məsələsinə görə ölkə mediasında yer alan sənədli-sübutlu yazını oxuyanda bəlli olur ki, dövlətin təməlinə əməll-başlı hücum olub.

İşin fiqurantı vaxtilə ölkənin de-yure 4-cü, nüfuzuna görə isə faktiki olaraq 2-ci adamı, Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin kürəkəni Əliyev İlham Əlisəftər oğludur.

İlham Əlisəftər oğlu qayınatasının ölkənin nüfuzlu adamlarından biri olduğu illərdə Milli Məclisin deputatı olub. İndi onun “seçilməsi” və ya “təyin olunması” haqda uzun danışmağa ehtiyac yoxdur. Hamı bu işlərin necə başa gəldiyini beş barmağı kimi bilir. Adama deyiblər ki, Xaçmazın deputatı sən olacaqsan və olub.

Ancaq o, həmin zonanın deputat mandatını qamarlamaqla kifayətlənməyib, həm də bölgədə biznes fəaliyyəti ilə məşğul olmaq qərarına gəlib. Deputatların bizneslə məşğul olması yasaq olsa da, bir çoxları qanundan yan keçməyi bacarırlar, sənədlərdə yaxınlarının adı gedir, amma biznesi özləri idarə edirlər. İlham Əlisəftər oğlu da elə edib.

Sadəcə, o sıfırdan başlayaraq biznes qurmaq istəməyib, hazır biznesə əl qoyub.

Rusiya və Türkiyədə çoxdan dəb olan, hətta müxtəlif sənədli və bədii filmlərin baş mövzusuna çevrilən bu proses birincidə “reyder”, ikincidə “biznesə qonma” adlanır. İlham Əlisəftər oğlu nüfuzlu qayınatasının himayədarlığından istifadə edərək Xaçmaz və Şabran rayon sakinlərinin yaratdığı, hər il milyonlarla manat gəlir əldə edən “Dostluq - MK” MMC-yə qarşı “reyder” həyata keçirib və onların hazır biznesinə “qonub”.

“Dostluq - MK” MMC-ni 2011-ci ildə şabranlı sahibkar Mansur İbrahimovla YAP-nın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşov birlikdə təsis edibmişlər. Ancaq bir günün içində ona İlham Əlisəftər oğlu sahiblənib. O, Cavid Balaqadaşovun biznesdəki payını “el qaydası”yla, pulunu ödəyərək, necə deyərlər, “halallığını alaraq” əldə etsə də, nəyə görəsə Mansur İbrahimovla atı daşlığa sürüb.

İlham Əlisəftər oğlu Mansur İbrahimovun gəlirli biznes strukturundakı payını əlindən alarkən, ona qara qəpik ödəməyib, hətta alqı-satqının həyata keçirilməsi zamanı ödənilməli olan rüsumu (5600 manat) da quru yurdda qoyduğu sahibkara ödətdirib. Bir günün içində adamın 3 milyonluq biznesi əlindən alınıb, hələ 5 600 manat ziyana da düşüb.

Sual çıxa bilər: nədən bu şəxs şikayətlərini o vaxt yox, indi edir? Kim belə bir sual səsləndirəcəksə, ya hansı ölkədə yaşadığından xəbərsizdir, ya da özünü xəbərsiz kimi göstərir.

Əgər sahibkar indi dilə gətirdiyi sözləri, göstərdiyi sənədləri o vaxt, Ramiz Mehdiyevin ölkədə əsas söz sahiblərindən biri olduğu vaxt desəydi və göstərsəydi, onu mütləq nələrdəsə dolaşdırıb həbsə atardılar. Bəlkə belə olmazdı? Mütləq belə olardı. Nəticədə biznesi əlindən çıxan şəxs azadlığını da itirərdi, əzizləri türmə qapılarında qalardı. Zatən, adam artıq sağlamlığını itirib.

Ona görə də o, təmkinli şəkildə bu günləri gözləyib, düşünüb ki, Ramiz Mehdiyev ömrü boyu PA rəhbəri olmayacaq, əlbət, bir gün kənarlaşdırılacaq, ondan sonra İlham Əlisəftər oğlu da deputat olmayacaq, arxa-dayağını itirəcək, bax, o zaman meydana çıxıb haqqını tələb edə bilər.

İndi həmin zaman yetişib. Sahibkar qanuni yollarla haqqını tələb edir, amma hələ də İlham Əlisəftər oğluna gücləri çatmır. Çünki onun mənsub olduğu klanın lideri böyük dövlət vəzifəsi tutduğu 25 ildə kürəkən də köklənib, rişələnib, hər yerdə, hər strukturda adamı, ən əsası, pul-parası var.

Xatırlayırsınızsa, ləğv olunmuş MTN-in generallarının işində də belə epizodlar vardı. Onlar da ayrı-ayrı sahibkarları tutub dövlətin təcridxanasına salmış, bizneslərinə əl qoyduqdan, milyonlarını əllərindən alandan sonra buraxmışdılar. Hazırda onların bəziləri quldurluqla əldə etdikləri, sonrdan dövlət tərəfindən müsadirə olunmuş varidatı geri istəyirlər – o sərvətin əsl sahibləri isə ya vəfat ediblər, ya da qorxularından səslərini çıxarmırlar.

Azərbaycan kimi ölkələrdə yüksək dövlət vəzifələrinə can atmağın əsas motivi budur. Nəsildən biri yüksək dövlət vəzifəsi əldə edəndən sonra qayınlar, qardaşlar, kürəkənlər, yeznələr avtomatik biznesmen olur, əvvəlcədən gözlərinə kəsdirdikləri biznes strukturlarını ya müftə-müsəlləm, ya da az pul ödəməklə, amma mütləq zorla mənimsəyirlər.

Nəticədə kimsə milyonçu, kimsə müflis olur, əsas zərbə isə dövlətin təməlinə, ədalətinə, xalqın bu ədalətə inamına dəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla