AZ

Qurbanov: “Yerli məşqçiyə güvənmək lazımdır”

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov peşəkar futboldan uzaq düşüb. Bunu futbolinfo.az saytına açıqlamasında 32 yaşlı keçmiş hücumçu özü açıqlayıb.

O, kənarda qalmasını istədiyi təklifi almaması ilə əlaqələndirib: “Rusiyada fərdi məşqlər edirəm, tez-tez dostlarımla futbol oynayıram. Amma peşəkar futboldan uzağam. Açığı, həvəsim qalmayıb. Ancaq bilirəm ki, istəsəm, yaxşı səviyyədə dönərəm. Həyatdır, hər şey ola bilər”.

Qurbanov Azərbaycan millisinin hazırda boş qalan baş məşqçi postunda yerli mütəxəssisi görmək arzusundadır: “Məncə, artıq yerli məşqçiyə güvənmək lazımdır. İnanmıram ki, hansısa azərbaycanlı Canni de Byazidən zəif nəticə göstərər. Buna görə də əcnəbiyə böyük məbləğdə pullar xərcləməyi gərəksiz hesab edirəm. Ondansa həmin pulu Azərbaycan futbolunun inkişafı üçün xərcləmək olar”.

Ölkəmizdə bir çox klubun formasını geyinmiş forvard 2010-cu ildə onu Azərbaycana gətirən “Neftçi”nin hazırkı durumuna da toxunub: “Təəssüf ki, “Neftçi” indi qızıl medallara iddia edə bilmir. Müşahidələrimə əsasən düşünürəm ki, bunun səbəbi qeyri-stabillikdədir. Çünki həm məşqçi, həm də futbolçu heyətini tez-tez dəyişirlər. Belə vəziyyətdə isə uğur qazanmaq çətindir. Futbol elə səviyyəyə çatıb ki, indi kiçik bir səhvin rəqibin səni cəzalandırması ilə nəticələnə bilər. Buna yol verməmək üçün də stabilliyi qorumalısan”.

Qeyd edək ki, 2010-2016-cı illərdə “Neftçi”nin şərəfini qorumuş Ruslan Qurbanov müxtəlif illərdə “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Keşlə” (indiki “Şamaxı”) və “Zirə”də də oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla