AZ

"Azərbaycan iqtidarının indiyə qədərki ən böyük problemi normal müxalifətinin olmamasıdır" - Deputat

"Bəlkə də, Azərbaycan iqtidarının indiyə qədərki ən böyük problemi normal müxalifətinin olmamasıdır. Müxalifəti güclü olan ölkələrdə siyasət daha çevik inkişaf edir. Bu mənada müxalifət sarıdan Azərbaycanın bəxti gətirməyib. Yəni müxalifət ya dağıdıcı mövqedə olub, ya xarici qüvvələrə xidmət etməklə, ya da kimlərinsə sifarişini həyata keçirməklə özünü alternativ sayıb. Hətta 1990-cı illərin əvvəllərində hakimiyyətdə olduqları dövrdə də nələri itirdiyimizi hər birimiz bilirik. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanı az qala itirmək təhlükəsinin qarşısı alındı, bugünkü müasir Azərbaycan yenidən yarandı, təşəkkül tapdı. Ölkə Prezidenti cənab İlham Əliyev həmin düzgün siyasəti daha uğurla, müasir çağırışlara uyğun, milli maraqlara söykənən tərzdə inkişaf etdirir".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

 

Onun sözlərinə görə, müxalifətin mitinq etmək arzusu şakər halını alıb: "Bu, zaman-zaman özünü göstərib. Əslində, insanların sərbəst toplaşmaq azadlığı var. Azərbaycan dövləti heç vaxt bunun qarşısını almağa cəhd etməyib. Təbii ki, müharibə dönəmidirsə, xüsusi fövqəladə vəziyyət varsa, bu, ayrı məsələdir. Dünyanın hər yerində belədir. İnsanların normal, stabil zamanlarda toplaşmaq, mitinq, biketlər etmək hüquqları var. Bu, qanunla tənzimlənir. İndi isə nəyin tələbinə, nəyə görə mitinq keçirilməsinin istənilməsi bizdə sual doğurur. Bu, stəkanda fırtına yaratmaqdır. Əvvəla, mitinqin keçirilməsinə icazə verilib, yer də ayrılıb. Amma özünü "müxalifət" sayan bu qrup ora getmək istəmir. Əgər sənin elekotrat problemin yoxdursa, ətrafınızda kütlə varsa, nəyə görə sizə ayrılan yerə getməkdən çəkinirsiniz?
Nəyə görə mitinqi şəhərin mərkəzində keçirməyə çalışırsınız? Tamaşaçıların sayını artırmaqla öz "sayınızı" göstərmək istəyirsiniz? Asayişi pozmaqla, sabitliyə xələl gətirərək mərkəzdə qarşıdurma yaratmaq istəyirsiniz? Bunlar ritorik suallar da olsa, cavabını ala bilmirik. Çünki qarşı tərəf heç birinə cavab vermir. Yalnız təkid edir ki, "şəhər mərkəzində mitinq". Qoyduqları absurd tələblər də heç nəyə sığmır. Bu gün ölkəmizin qarşısında dayanan böyük yaralar, problemlər öz həllini tapıb. Azərbaycan tarixində olmadığı qədər güclüdür, müstəqildir. Ölkəmiz qlobal anlamda heç vaxt bu qədər nüfuza malik olmayıb. Hər bir azərbaycanlı bununla qürur duyur. Dünyada baş verən hadisələrə, siyasi təlatümlərə, müharibələrə, terror təhlükələrinə, donmuş münaqişələrə və digər qarşıdurmalara baxanda anlayırıq ki, ölkəmizin stabilliyi bizim sərvətimizdir. Bəs biz nə üçün bu stabilliyi, normal həyatı qarışdıraraq problemlər yaratmaq istəyirik? Bunlar radikallara verilən cavabsız suallardır. Yalnız digər resurslardan istifadə edirlər, qarayaxma kampaniyaları aparırlar, olmayan məsələləri tələb kimi qoymağa çalışırlar. Əlbəttə, bunların sosial sifarişi, dəstəyi yoxdur. Məhz buna görə də mərkəzdə sabitliyi pozmağa çalışırlar. Bir neçə nəfərin mitinqə baxmasını özlərinin "elektoratı" kimi göstərməyə cəhd edirlər. Bu isə mümkün deyil. İstəyirlər, "Gürcüstan variantı" desinlər, istəyirlər "Ermənistan variantı". Burada Azərbaycan variantı var! Normal, hüquqi, doğru, düzgün yanaşma var. Gürcüstanın hazırda nə çətinliklər yaşadığını bilirik. Ermənistanın da müstəqil olmadığı üçün hansı vəziyyətdə olduğunu görürük. Ukraynada da çox mitinqlər etdilər. Rəngli-rəngli inqilablar keçirdilər və bu gün vəziyyətləri gözümüzün qarşısındadır. Buna görə də müxalifət öz sosial bazasına arxayındırsa, ona təqdim olunan yerdə mitinqini keçirə, tələblərini səsləndirə bilər. Onların hüququdur və bu hüququ heç kim əllərindən almayıb".

 

Aytəkin Qardaşova

Tarix: 3 May 2024, 08:40   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla