AZ

Superliqaya yüksələn daha bir klub bəlli oldu

Ötən həftəsonu Türkiyənin 1-ci liqasında 32-ci turun oyunları keçirildi.

“Football-plus.az” xəbər verir ki, həmin turda elitaya vəsiqənin daha bir sahibi müəyyənləşdi. Daha öncə Arda Turanın çalışdırdığı ''Eyupspor'' tarixində ilk dəfə superliqaya vəsiqəni təmin etmişdi. Bu dəfə isə ''Gənclərbirliyi''ni məğlub edən ''Göztəpə'' mövsümü ilk ''2-lik''də tamamlamağı rəsmiləşdirərək elitaya vəsiqə qazandı. Bununla da İzmirin ikiillik elita həsrətinə son qoyuldu. ''Göztəpə'' sonuncu dəfə 2021/22-də superliqada oynamışdı. Türkiyənin ən köklü klublarından olan, indiyə qədər ümumilikdə elitada 30 mövsüm keçirən ''Göztəpə'' tarixində 6-cı dəfə superliqaya yüksəlib. Avrokuboklarda yarımfinal görmüş ilk Türkiyə təmsilçisi statusunu daşıyan ''sarı-qırmızılar'' eyni zamanda Türkiyə futbolunda əcnəbilər tərəfindən ələ keçirilən ilk kollektivdi. Bilindiyi kimi, 2022-nin yayından etibarən İzmir təmsilçisinin səhmlərinin böyük hissəsi danimarkalı iş adamı Rasmus Ankersenə məxsus ''Sport Republic'' şirkəti tərəfindən satın alınıb. Xarici investorların dönəmindəki ilk mövsümdə elitaya qayıtmaq mümkün olmamış və komanda 2022/23-ü 7-ci pillədə bitirərək heç pley-offa da vəsiqə qazana bilməmişdi. Bu mövsümə İzmir təmsilçisi Radomir Kokoviçlə baslasa da, 12-ci turda onu Stanimir Stoylov əvəzlədi. Yaxın keçmişdə ''Astana'' ilə 4 çempionluq qazanan, yetərincə təcrübəli bolqarıstanlı mütəxəssis qarşıya qoyulan hədəfə çatmağı bacardı. Bir ara 10 oyunluq məğlubiyyətsiz seriya yaxalayan ''Göztəpə'' ikinci dövrənin ilk turunda yüksəldiyi 2-ci pillədən sona qədər də enmədi. Maraqlıdı ki, Stoylov Türkiyə futbolu tarixində bir komandanı elitaya yüksəldən 6-cı əcnəbi və 2-ci bolqarıstanlı məşqçi oldu. Buna qədər əcnəbilərdən macarıstanlı İqnaç Molnar 1965/66-da “Altınordu”nu, rumıniyalı İlie Datku 1982/83-də “Fatih Karagümrük”ü, rumıniyalı Valeriu Neaqu 1985/86-da “Boluspor”u, bolqarıstanlı İvan Kuçukov 1991/92-də “Karşıyakanı” və türkəsilli bosniyalı Nenad Biyediç iki fərqli klubu – 2005/06-da “Sakaryaspor”u, 2007/08-də “Əskişəhərspor”u elitaya yüksəldib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla