ABŞ dollarının dünya iqtisadiyyatında uzunmüddətli hökmranlığı ABŞ-a böyük imtiyazlar və xarici siyasətə geniş təzyiq imkanları verir.

Beynəlxalq ticarət əməliyyatlarında iştirak payına və müxtəlif ölkələrin valyuta ehtiyatlarında həcminə görə ABŞ dolları hələ də liderdir.

Çox yaxın gələcəkdə Çin yuanı, bitkoin və ya hansısa başqa valyutanın dünyanın ehtiyat valyutası kimi dolları əvəz edəcəyini düşünmək üçün hələ çox tezdir, amma onun mövqeyi o qədər də sarsılmaz deyil.

Son illərdə ölkələrin dollara marağı azalmağa başlayıb. ABŞ hökumətinin iqtisadi sanksiyalar tətbiq etdiyi İran, Əfqanıstan, Venesuela, Rusiya kimi ölkələr qarşılıqlı hesablaşmalar üçün avro, yuan, rubldan getdikcə daha çox istifadə edirlər.

Bəs ABŞ dollarının dünya ticarətində və beynəlxalq valyuta əməliyyatlarında bugünədək dominantlığının səbəbi nədir?

Qlobal iqtisadiyyatda “dünya valyutası” ifadəsi əksər beynəlxalq ödəniş əməliyyatlarının aparıldığı valyuta deməkdir və çox vaxt əsas ehtiyat valyutası kimi qəbul olunur. Ehtiyat valyuta satıcıya satdığı mal müqabilində valyuta qəbul etməyə, valyutanı təhlükəsiz saxlamağa və sonra öz seçiminə uyğun olaraq digər tərəfdən mal almaq üçün istifadə etməyə imkan verir.

Dolların dünyanın əsas ehtiyat valyutasına çevrilməsini anlamaq üçün tarixə nəzər salmaq lazımdır.

Beynəlxalq ticarət əməliyyatlarında qarşılıqlı hesablaşmalar zamanı müxtəlif valyutaların müqayisəsi problemini qızıl valyutaların universal ekvivalenti kimi qəbul olundu.

Qızıl əksər böyük ölkələrdə var idi və ondan sikkələr hazırlayırdılar.

Milli valyutaların qızıla bağlanması onların bir-birinə nisbətlərini müqayisə etməyə kömək edirdi. Məsələn, bir valyutanın bir vahidi 10 qram, digərinin isə 15 qram olduğu halda, bu, həmin valyutaların müvafiq olaraq 1,5-in 1-ə nisbətində dəyişdirilməsi demək idi.

Qızıl standartının başlanğıcı 1816-cı il hesab olunsa da, əslində o, öz tarixini 1699-1727-ci illərdə Böyük Britaniya Kral Zərbxanasının idarəedicisi İsaak Nyutonun bir unsiya qızılın qiymətini 4,24 funt sterlinq təyin etməsi ilə başlayıb.

Dollardan əvvəl dünyanın ehtiyat valyutası Britaniya funtu hesab olunurdu. Digər valyutaların da qızılla dəstəklənməsinə baxmayaraq, heç bir ölkə ticarət həcminə görə Böyük Britaniya müqayisə oluna bilməzdi və nəticədə dövlətlər beynəlxalq ticarət əməliyyatlarında öz valyutalarını Britaniya funtu vasitəsilə ifadə etməyə başladılar.

Funt sterlinqin hegemonluğu ABŞ-ı qane etmirdi və Birləşmiş Ştatlar dolların qızıla nisbətdə bir unsiya üçün 20,672 dollar səviyyəsində sabitləşməsinə və azad qızıl ticarətinin bir qayda olaraq yalnız London və ya Nyu-Yorkda aparılmasına nail oldular. Digər valyutaların məzənnələri isə yalnız qızılın konkret ölkəyə daşınmasının həcmindən asılı olaraq dəyişə bilərdi.

Birinci Dünya müharibəsi dünya iqtisadiyyatını çox sarsıtdı, bu da qlobal maliyyə sisteminə təsir etməyə bilməzdi. Müharibənin əsas iştirakçılarından olan Böyük Britaniya artıq öz valyutasını qızılla təmin edə bilmədiyindən nəticədə qızıl standartından imtina etməyə məcbur oldu.

1922-ci ildə İtaliyanın Genuya şəhərində keçirilən beynəlxalq iqtisadi konfransda yeni qızıl standartı müəyyən olundu. Yeni standart ABŞ dollarının qızıl təminatını saxladı və dollar artıq rəsmi olaraq qızıla bərabər ölçü meyarı kimi tanındı. Funt sterlinqin məzənnəsi isə dollara bağlandı.

Qlobal iqtisadi böhranın 1931-ci ildə Birləşmiş Ştatların dolların qızıla nisbətdə məzənnəsini bir unsiya üçün 20,67 dollardan 35 dollara dəyişdirməsinə səbəb oldu.

İkinci Dünya Müharibəsi zamanı Norveçin boşaldılmış qızıl ehtiyatlarının bir hissəsi ABŞ-ın əlinə keçdi və 1943-cü ilin yanvarında Amerika anbarları Müttəfiq qüvvələr tərəfindən almanlardan geri alınan Polşa, Belçika, Hollandiya və Fransa qızılları ilə dolduruldu.

Döyüşlər ABŞ-ın ərazisində aparılmadığından, ölkə çiçəklənirdi. ABŞ valyutası tamamilə qızılla təmin edilmişdi və dollar əskinasları asanlıqla metala dəyişdirilə bilərdi. Dolların möhkəmlənməsindən sonra bir çox dövlətlər ən etibarlı və sabit valyuta kimi ehtiyatlarını bu valyutada  formalaşdırmağa başlamışdılar.

1944-cü il iyulun 1-də 44 ölkənin nümayəndə heyəti müharibədən sonrakı dünyanın maliyyə quruluşu problemini həll etmək üçün Bretton-Vuds konfransında toplaşdılar. Konfransda ABŞ eyni zamanda əvvəlki maliyyə sisteminə çox oxşayan və eyni zamanda Amerikanın dünyada aparıcı rolunun rəsmi tanınmasına səbəb olan bir sistem qəbul edildi. Yeni sistem ABŞ dollarını bir troya unsiyası üçün eyni 35 dollar və ya bir dollar üçün 0,88571 qram olmaqla qızıla bağlayırdı. Yeni qəbul edilmiş qaydalara görə digər valyutalar məzənnələrini dollara nisbətdə müəyyən edirdilər və dollar və funt sterlinqdən başqa heç bir dünya valyutası qızıla dəyişdirilə bilməzdi. Qızıl almaq üçün əvvəlcə dollar və ya funt sterlinq almaq lazım idi.

Ötən əsrin 60-cı illərində Almaniya və Fransa dollar ehtiyatlarının bir hissəsini ABŞ-la qızıla dəyişmək istəyirdilər. Bu iki ölkəyə təxminən 3 min ton qiymətli metal vermək üçün Birləşmiş Ştatlara 2 il vaxt lazım gəlir və bu, ABŞ-ın anbarlarında qızıldan daha çox valyuta emissiya etməsi barədə şayiələrə səbəb olur. Kreditorların dolları ABŞ xəzinəsinə qaytarıb əvəzinə qızıl almaq istəyi tezliklə ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

İqtisadiyyatın çökməsinin qarşısını almaq üçün o zamanki ABŞ prezidenti Riçard Nikson qlobal maliyyə aktivliyinin artmasını səbəb gətirərək Bretton-Vuds sazişindən imtina etdiyini açıqlayır.

1976-cı ildə inkişaf etmiş ölkələr günümüzədək qüvvədə olan Yamayka pul sistemini qəbul edirlər. Hazırda valyuta məzənnələri dövlətlər tərəfindən deyil, bazar tərəfindən müəyyən edilir.

Bütün bunlara baxmayaraq dünyanın ən məşhur pul vahidi reputasiyasını qoruyub saxlamağı bacarıb.

2023-сü ilin may ayında beynəlxalq hesablaşmalarda dolların payı 42,71%-ə yüksəlib ki, bu da son iki ilin ən yüksək göstəricisidir. Beynəlxalq hesablaşmalarda ikinci yeri 32,74 %-lə avro, üçüncü yeri 6,58%-lə britaniya funtu, dördüncü yeri isə   3,51% yapon yeni tutur.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2023-сü ilin aprel ayında dolların beynəlxalq valyuta ehtiyatlarında payı 58,36% təşkil edib.

Oxundu: 227