AZ

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının effektivliyinin artırılmasına yönəlmiş gərgin fəaliyyət

Nadir bir şəxsiyyət, polkovnik, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, alim, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Malik oğlu Xəlilov haqqında oçerk yazmağı özümə borc bildim. Uzun illər onun yüksək mədəniyyətinə, səmərəli çoxşaxəli fəaliyyətinə heyran olmuşam.

Narahat dünyamızda yaxın ətrafımıza lazımınca diqqət yetirmirik, bizimlə yanaşı yaşayan və işləyən, cari məsələləri birgə həll etdiyimiz insanları layiqincə qiymətləndirmirik, onlarla ən yaxşı halda hava haqqında danışırıq... Halbuki, hər bir insan özünə görə maraqlı, qabiliyyətli və istedadlıdır. Biz başqa bir insana diqqət yetirməməklə, əslində, özümüz yoxsullaşırıq, reallığın bir çox aspektlərindən xəbərsiz qalırıq. Digər tərəfdən, ayrı-ayrı insanların “portretinə” müraciət etməklə, onların həyat fəaliyyətini təhlil etməklə dövrün real mənzərəsini yaratmaq olar.

Cəlil Malik oğlu Xəlilovla ünsiyyətdən həmişə məmnun oluram. Bu məsuliyyətli, savadlı insan şərəfli hərbi və əmək yolu keçib. Təbiət ona analitik təfəkkür, xeyirxahlıq, yüksək əxlaqi keyfiyyətlər bəxş edib. Onun insanlara həssas münasibəti, başqalarının qayğı və problemlərini anlamaq cəhdi nəinki heyrətləndirir, həm də ahəngdar, səmimi ab-hava yaradır.

Cəlil heyrətamiz dərəcədə diqqətcildir, onun qibtə edilməyə layiq erudisiyası yeni biliklər əldə etməyə hədsiz həvəsinin nəticəsidir. Tarix, geosiyasət, mədəniyyətşünaslıq onun hobbisidir. Təhlükəsizlik məsələlərində isə o, əsl peşəkar kimi tanınmışdır: bir sıra elmi əsərlərin və ali məktəblər üçün dərsliklərin müəllifidir. Bu əsərlərdə bir çox aparıcı ölkələrin milli təhlükəsizlik sistemlərini hərtərəfli müqayisəli təhlil edən müəllif eyni prinsiplər əsasında Azərbaycanın xüsusiyyətlərini nəzərə alaraq, respublikanın təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üçün innovativ yollar təklif edir.

Cəlil hesab edir ki, milli təhlükəsizliyin təmin edilməsi üçün ilk növbədə ölkədə sosial sabitlik, etnik və dini həmrəylik olmalı, milli iqtisadiyyat inkişaf etdirilməli, dövlət hakimiyyəti orqanlarının işinin keyfiyyəti artırılmalı, onların vətəndaş cəmiyyəti ilə səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri yaradılmalıdır. Yaşamaq, işləmək, mənzil almaq, sağlamlıq, əlçatan təhsil və mədəni inkişaf hüququna riayət olunması məsələləri xüsusi diqqət tələb edir.

Ümumiyyətlə, Cəlilin qənaətinə görə, bu ali məqsədlərə nail olmaq üçün hakimiyyətin müxtəlif qollarında korrupsiyaya qarşı mübarizə və dövlət idarəçiliyinin effektivliyinin artırılması prioritet əhəmiyyət kəsb edir. O, haqlı olaraq belə hesab edir ki, korrupsiya dövlət idarəçiliyi, insanların sosial və iqtisadi rifahı üçün əsas bəladır.

Belə bir məsəl var: əgər insan istedadlıdırsa, o, hərtərəfli istedadlıdır. Cəlil gözəl publisistdir, gözəl qələm sahibidir, rus dilində sanki ana dilində olduğu kimi yazır. Yaxın vaxtların söhbətidir: onunla vətənpərvərlik fenomenini müzakirə edirdik. Bu məsələyə müxtəlif baxışlara nəzər saldıq, müasir rus “liberal”larından birinin fikri onu bərk qəzəbləndirdi. Həmin “liberal” yazırdı ki, XVIII əsr şotland yazıçısı Ceyms Bosuell haqlıdır: “vətənpərvərlik əclafın son sığınacağıdır”. Cəlil bir neçə gün Bosuellin əsərlərini öyrəndi, hər şeyi aydınlaşdırdı və mənə zəng etdi. Onun səsində sevincli bir rahatlıq vardı. Dedi, bilirsən, bu ifadə kontekstdən çıxarılıb. Bosuell o sözləri yazarkən cinayət törətmiş və həbs olunmamaq üçün “vətənpərvərlik” aurasından istifadə edərək əfv fərmanı alan və “dar ağacından asılmaq əvəzinə” Britaniya koloniyalarında xidmət etməyə gedən ingilisləri nəzərdə tuturdu.

Cəlil müəllim vətənpərvərlik mövzusunda çox parlaq bir məqalə yazmışdı. “Bakinskiy raboçiy” qəzetində dərc olunmuş bu yazının anonsu bir ilə yaxın qəzetin birinci səhifəsində qaldı. Bu, həmin məqaləyə verilən yüksək qiymətin göstəricisidir. Maraqlıdır ki, müəllif həmin məqaləyə epiqraf kimi Ulu Öndər Heydər Əliyevin “Vətənpərvərlik insanın daxilindəki duyğulardır, əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır” və böyük ingilis şairi Corc Bayronun: “Öz Vətənini sevməyən insan heç nəyi sevə bilməz” sözlərini vermişdi.

Vətənpərvərlik mövzusunda tədqiqatları davam etdirən Cəlil müəllim “Vətənpərvərlik mədəniyyətdir” sərlövhəli məqalədə “vətənpərvərlik mədəniyyəti” anlayışını araşdırmışdır. Bu məqalə Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada nəşr olunmuş “Mədəniyyətlərin dialoqu - müasir dövrün çağırışları” kitabına da daxil edilmişdir.

Vətənpərvərlik xalqın tarixi yaddaşının digər tərəfidir. Əgər siz xalqın tarixi yaddaşını bu və ya digər vasitələrlə məqsədyönlü şəkildə “malalaya” bilirsinizsə, o zaman tarixi istədiyiniz şəkildə yenidən yaza, ictimai şüuru manipulyasiya edə, təhrif olunmuş geosiyasi transformasiyalarla barışacaq nəsillər formalaşdıra bilərsiniz. Bu baxımdan, Azərbaycan vətənpərvərliyinin formalaşmış qanunlarına qarşı xarici təxribat törədilə biləcəyini həmişə nəzərə almaq lazımdır. Cəlil haqlı olaraq belə hesab edir ki, vətənpərvərliyin mənşəyini sarsıtmaq – gələcəkdə dövlətin əsaslarını dağıda biləcək təhlükəli və mürəkkəb proseslərə zəmin yarada bilər. Bu, çox vaxt hakimiyyətdən narazı olan daxili düşmənlərin, “beşinci kolon”un əli ilə edilir. Adətən bunlar milli maraqlara, dövlət siyasətinə qarşı çıxan siyasi qruplardır. Tarixdə “beşinci kolon”un dağıdıcı fəaliyyətinin nümunələri çox olub. Sovet İttifaqının dağılmasını xatırlamaq kifayətdir. Məhz sovet vətənpərvərliyini gözdən salmağa başlamış yenidənqurma ideoloqları sovet xalqının fəxr etdiyi, müqəddəs saydığı bütün dəyərlərə sistemli şəkildə aşağılamağa yönəlmiş ideoloji iş apardılar.

1982-ci ildə Simferopol Ali Hərbi-Siyasi Məktəbini bitirən Cəlil Xəlilov son dərəcə təhlükəli bir zonada - SSRİ-nin Tacikistan-Əfqanıstan sərhədində xidmətə göndərildi. Burada “düşmənlər” tərəfindən tez-tez törədilən quldur hücumlarını, qəddarlığı görərək həyatın əsl dəyərini anladı.

Qəribədir ki, bu ekstremal şəraitdə Cəlil oxumağa da vaxt tapırdı. 1990-cı ildə o, Tacikistan Dövlət Universitetinin hüquq fakültəsini qiyabi bitirərək, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Milli şüur ​​və milli təhlükəsizlik” mövzusunda dissertasiya müdafiə etmiş və siyasi elmlər üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.

SSRİ dağılandan sonra Cəlil müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasında fəal iştirak edib. O, nəşr edilmiş əsərlərində vurğulayır ki, hər bir dövlətin effektivliyinin əsas göstəricisi onun ölkə ərazisinin toxunulmazlığını və əhalinin xarici təhdidlərdən qorunmasını təmin etmək bacarığıdır. Bu, çoxsaylı amillərdən asılı olan mürəkkəb məsələdir. Amma aydındır ki, onun həlli üçün ilk növbədə, yüksək mütəşəkkil sərhəd qoşunları və həyatını bu qoşunlarda xidmət etməyə həsr etmiş peşəkarlar olmalıdır.

General Mustafa Nəsirova həsr etdiyi oçerkdə Cəlil sərhədçini bu cür xarakterizə edir. “Sərhədçi qeyri-adi hərbçidir, onun xidməti ölkənin periferiyasında, dövlət sərhədi xəttində keçir. Bu - dağlar və meşələr, çöllər və səhralar, çay dərələri və dəniz sahilləri deməkdir. Sərhəddəki sərt, riskli xidmətə bir çox cəhətdən ancaq məsuliyyətli, yüksək əxlaqlı insanlar, əsl vətənpərvərlər tab gətirə bilər. Əsgərin hətta qısa müddətə sərhəddə xidmət etməsi də şücaət sayıla bilər. Bütün həyatını sərhəddə xidmətə həsr edənlərin şücaəti isə ölçüyəgəlməzdir”.

Cəlil həmişə siyasi və ictimai hadisələrin “qaynar nöqtələrində” olur. Media ilə müntəzəm əlaqə saxlayan, aktual məsələlərin şərhinə həsr olunmuş çıxışlar edən müəllif ictimaiyyətin diqqətini İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxmaq cəhdləri, Qarabağ probleminin həllinin nəticələri, veteranların müasir cəmiyyətdə mövqeyi, təhsilin məzmununda hərbi-vətənpərvərlik mövzularının əks olunması, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, diasporla əlaqələr kimi aktual mövzulara cəlb edir.

2020-ci ildə Cəlil Xəlilovun hər bir azərbaycanlı üçün müqəddəs olan Qarabağın azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsi dövründə və 2023-cü ildə Qarabağın separatçılardan tam təmizlənməsi üçün aparılan tədbirlər zamanı fəaliyyətini xüsusi qeyd etmək istərdim. Bu qanlı-qadalı günlərdə o, dəfələrlə cəbhə bölgəsinə gedib, əsgərlərlə yaxından ünsiyyətdə olub, onları ruhən dəstəkləməyə yönəlmiş mənəvi-psixoloji məzmunlu söhbətlər aparıb, Qarabağın işğaldan azad edilməsinin tarixi mənasını və əhəmiyyətini izah edib. O, həm də mətbuatla fəal əlaqə saxlayır, Respublika Prezidenti İlham Əliyevin yüksək diplomatik və dövlətçilik siyasətini izah edirdi.

Cəlil ictimaiyyətin diqqətini belə bir incə məqama yönəldir ki, bizim qələbəmiz misilsizdir, çünki Azərbaycan təkcə Qarabağ separatçılarını və erməni hərbi birləşmələrini deyil, həm də əsr yarım ərzində mifik “dənizdən dənizə Böyük Ermənistan”ın yaradılması üçün ilkin şərt olan “Artsax” layihəsini bəsləyən dünya ermənilərini məğlub edib.

Qələbə Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl siyasi rəhbərliyi, sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı nəticəsində mümkün olmuşdur. Bu, şəxsiyyətin tarixdəki xüsusi rolunun, xalqı səfərbər etmək  bacarığının sübutu deyilmi! Məhz İlham Əliyevin aydın və dəqiq mövqeyi, hərtərəfli düşünülmüş, tarazlaşdırılmış daxili və xarici siyasəti ölkənin bütün imkanlarını qələbəyə səfərbər etməyə imkan verdi.

İqtisadiyyatın inkişafı, müasir ordunun yaradılması, vətənpərvərlik tərbiyəsi son 20 ildə Azərbaycanın dövlət strategiyasını müəyyənləşdirən amillərə çevrilib. Eyni zamanda, Prezident “yumşaq güc”ün formalaşmasına xüsusi diqqət yetirib. Bu, erməni diasporunun səyləri sayəsində dünyada süni şəkildə yaradılmış antiazərbaycan mifi aradan qaldırmaq və Azərbaycanı qlobal kommunikasiya məkanında obyektiv şəkildə təmsil etmək üçün, ölkə, xalq, onların arzuları haqqında həqiqəti əks etdirən məlumatlar yaymaq üçün lazım idi. Gözümüzün qabağında Bakı, Gəncə, Qəbələ, Şəki çoxsaylı humanitar forumların, müxtəlif beynəlxalq festivalların, irimiqyaslı idman yarışlarının keçirildiyi mərkəzlərə çevrilib.

Azərbaycan xalqı tarixin sərt sınağından – yetkinlik imtahanından ləyaqətlə çıxdı. Bu sınaqdan ləyaqətlə və ən az itki ilə çıxmaq üçün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizim bütün mədəni, diplomatik, iqtisadi, hərbi potensialımız səfərbər olundu. Düzgün aparılan informasiya siyasəti, Prezidentin mətbuatda proqram xarakterli çıxışları, sistemli vətənpərvərlik tərbiyəsi sayəsində azərbaycanlılara belə bir ideya aşılanıb ki, bu gün Azərbaycan torpağında baş verənlər həyat uğrunda mübarizədir, bu – Vətən müharibəsidir.

Cəlil Xəlilov mötəbər mənbələrə istinad edərək diqqətə çatdırır ki, erməni qəsbkarlar ölkəmizə qarşı hərbi təcavüzlə, əzəli Azərbaycan torpaqlarını ilhaq etməklə yanaşı, xalqımıza məxsus qeyri-maddi dəyərləri mənimsəmək və ya onların tarixi mənasını təhrif etmək cəhdlərindən əl çəkmirlər. Məlumdur ki, özlərini “qədim xalq” hesab edən ermənilər təkzibolunmaz tarixi faktlara rəğmən utanıb-qızarmadan özlərini Cənubi Qafqazın aborigenləri kimi təqdim edir və region xalqlarının həm maddi, həm də qeyri-maddi mədəni dəyərlərini özlərininki kimi qələmə verirlər.

Cəlilin bir çox əsərlərində Rusiya imperiyası dövründə ermənilərin indiki İran, Suriya və Türkiyə ərazilərindən Cənubi Qafqaza, ilk növbədə Azərbaycan xanlıqlarının torpaqlarına köçürülməsi ilə bağlı tarixi hadisələr şərh edilir. O vurğulayır ki, çar Rusiyası tərəfindən idarə edilən bu miqrasiyanın gözlənilməz nəticələrindən biri həm yerli əhalinin tədricən sıxışdırılması, həm də onların mədəni irsinin məhv edilməsi və ya mənimsənilməsi olub.

Cəlil öz fəaliyyətində Heydər Əliyevin vəsiyyət etdiyi multikulturalizm və Azərbaycançılıq konsepsiyalarına sadiqdir. Buna görə təsadüfi deyil ki, Azərbaycanın veteranlar təşkilatı respublikanın rus, ukraynalı, belarus icmaları ilə fəal əlaqələr saxlayır, MDB ölkələrinin səfirlikləri ilə əməkdaşlıq edir.

Faşist Almaniyası üzərində qələbəyə Azərbaycanın verdiyi töhfənin layiqincə qiymətləndirilməməsi Cəlili ciddi narahat edir. Həqiqətən, o vaxt Azərbaycandan 700 min nəfər cəbhəyə gedib, onların yarısı döyüş meydanlarında qəhrəmancasına həlak olub. Böyük Vətən Müharibəsi illərində göstərdiyi şücaətlərə görə Azərbaycanın 124 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı yüksək adına layiq görülüb. Üstəlik, Sovet ölkəsi üçün o çətin günlərdə cəbhəyə neft və neft məhsullarının əsas tədarükçüsü məhz Azərbaycan idi. Ölkədə yanacaq istehsalının 80 faizi Azərbaycan Respublikasının hesabına təmin edilirdi. Bakıda 123 növdən çox silah və sursat istehsal olunurdu. Buna görə, heç də təsadüfi deyil ki, sovet xalqının böyük şücaətinin xatirəsi Azərbaycanda böyük ehtiramla yad edilir.

Müharibə veteranlarına qayğı, onların sosial müdafiəsi Cəlil üçün müqəddəs işdir. Onun təşəbbüsü ilə Azərbaycanda “Veterana kömək et” ictimai hərəkatı çərçivəsində demək olar ki, hər bir cəbhəçi himayəyə götürülüb. Gənclərin Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmətə yola salınmasına həsr edilmiş təntənəli mərasimlərdə veteranların iştirakı, veteranların iştirakı ilə igidlik dərsləri, ədəbi və musiqi müsabiqələrinin keçirilməsi xoş ənənəyə çevrilib.

Cəlilin beynəlxalq fəaliyyəti diqqətəlayiqdir. Müxtəlif veteran təşkilatlarının Moskvada, Parisdə, Belqradda keçirilən yığıncaqlarında onun çoxsaylı çıxışları iştirakçılar tərəfindən həmişə böyük maraq və rəğbətlə qarşılanır. O, çıxışlarında göstərir ki, son on ildə Azərbaycan iqtisadiyyatının görünməmiş dərəcədə inkişafı sayəsində nəinki əhalinin həyat səviyyəsinin və yaşam keyfiyyətinin aşağı düşməsini dayandırmaq, hətta bu göstəricilərin artmasını təmin etmək mümkün olmuşdur. Vətəndaş cəmiyyətinin və hüquqi dövlətin inkişafı ilə bağlı dövlət siyasəti müxtəlif separatçı hərəkatların əsaslarını sarsıdıb. Orduya, onun mütəşəkkilliyinə, müasir silah növləri ilə təminatına lazımi diqqət və qayğı göstərilməsi sayəsində ölkənin müdafiə qabiliyyəti artıb. Nəticə etibarı ilə, xarici ekspansiya təhlükəsi aradan qalxıb. Beynəlxalq siyasətdə və digər dövlətlərlə münasibətlərdə adekvat mövqelər müəyyənləşdirilərkən milli maraqlar əsas götürüldüyü üçün ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artıb.

Eyni zamanda, bu çıxışlarda hökmən Xocalı soyqırımı, qaçqınların vəziyyəti, bəzi ölkələrdə faşizmin yenidən baş qaldırması cəhdləri kimi mövzulara toxunulur, dinləyicilər dünyada faşizmin yenidən baş qaldırmasının səbəbləri və bu mənfur hərəkətlərə son qoymaq barədə düşünməyə dəvət edilir.

Bu yaxınlarda Cəlilin qələminin məhsulları olan iki maraqlı, dərin məzmunlu kitab nəşr edilib: Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Xalqa həsr edilən ömür” kitabı və ali məktəblər üçün “Milli təhlükəsizlik nəzəriyyəsi” dərsliyi. Hər iki kitab Azərbaycanın elmi, pedaqoji və mədəni ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Mən bu oçerkdə Cəlil Malik oğlu Xəlilovun irimiqyaslı nəzəri və praktiki işinin yalnız bəzi məqamlarını işıqlandırmağa çalışmışam. Onun ən humanist təsisat olan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının effektivliyinin artırılmasına yönəlmiş gərgin fəaliyyəti, gündəlik cari işləri kölgədə qaldı.

Nizami Məmmədov,
fəlsəfə elmləri doktoru, professor,
Beynəlxalq Yazıçılar və Publisistlər Birliyinin üzvü

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla