AZ

Finalda “Veles Sarsfild” və “Estudiantes” oynayacaq

Aprelin 28-də və 30-da Argentina Liqa Kubokunun (LK) pley-offunda növbəti mərhələnin oyunları keçirildi.

“Football-plus.az” xəbər verir ki, yarımfinalın qalibləri “Veles Sarsfild” və “Estudiantes” oldular.

Xatırladaq ki, qrup mərhələsində 28 komanda iki qrupda birdövrəli sistemlə mübarizə aparıb. Qruplarda ilk 4 yeri tutanlar kubok uğrunda mübarizəni davam etdirmək hüququ qazanıblar. Qrupu 1-ci və ya 2-ci yerdə başa vurmağın üstünlüklərinin olduğunu da qeyd edək. Belə ki, ilk iki yerin sahibləri 1/4 finalda digər qrupda uyğun olaraq 4-cü və 3-cü yerləri tutan komandalarla qarşılaşmaq hüququna malik idilər. A qrupunda ilk 4 yeri uyğun olaraq “River Pleyt”, “Arxentinos Xuniors”, “Barrakas Sentral” və “Veles Sarsfild”, B qrupunda isə “Qodoy Krus”, “Estudiantes”, “Defensa y Xustisiya” və “Boka Xuniors” tutmuşdu. 1/4 finalda “Boka Xuniors” əzəli rəqibi “River Pleyt”ə 3:2, “Estudiantes” “Barrakas Sentral”a 3:0, “Veles Sarsfild” “Qodoy Krus”a 2:1, “Arxentinos Xuniors” isə əsas vaxtı 1:1 hesabı ilə nəticələnən oyunda “Defensa y Xustisiya”ya penalti seriyasında qalib gəlmişdi (3:2).

Yarımfinalın ilk matçı aprelin 28-də San Nikolas de los Arroyosda keçirildi. “Arxentinos Xuniors” “Veles Sarsfild”i yalnız topa sahibolma planında üstələdi. “Yeniyetmələr”in 72 faizlik üstünlüyü isə səbəbsiz deyildi. Belə ki, əvvəlki mərhələdə dubl etməklə “Veles”in “Qodoy Krus” üzərində qələbəsində böyük rol oynayan Brayan Romero bu dəfə komandasını çətinə saldı. 32 yaşlı hücumçunun rəqibə qarşı kobud hərəkəti 14-cü dəqiqədə qarşısında birbaşa qırmızı vərəqə görməsi üçün kifayət etdi. “Arxentinos Xuniors”un bundan yararlanıb qələbə qazanacağını düşünmək olardı. Lakin bu baş vermədi. 75 dəqiqədən artıq müddətdə on nəfərlə mübarizə aparan “Veles Sarsfild” əzmkarlıq nümayiş etdirərək əsas vaxtda top buraxmadı. LK-nın reqlamentinə görə, 30 dəqiqəlik əlavə vaxt nəzərdə tutulmadığı üçün komandalar əsas vaxt bitəndən sonra penalti seriyasında gücünü sınamalı oldular. Bu sınaqdan 4:2 hesabı ilə “Veles” qalib çıxdı.
“Boka Xuniors” finala çıxmaq üçün “Estudiantes” ilə qarşılaşdı. Kordoba şəhərində keçirilən matçın əsas vaxtında da qalib müəyyənləşmədi. Təxminən bərabər mübarizə şəraitində keçən oyunun fasiləsi ərəfəsində Merentyel “Boka”nı hesabda önə keçirdi. “Tələbələr” ikinci hissədə məğlubiyyətdən qurtulmaq üçün çox şey etdilər. 73-cü dəqiqədə rəqibin mərkəz müdafiəçisi Lema növbəti xəbərdarlığa görə komandasını meydanda azlıqda qoydu. Onun səbəbkarı olduğu penaltini Setre dəqiq erinə yetirdi. Qalan vaxtda hesab dəyişmədiyindən penalti seriyası labüd oldu. Maraqlıdı ki, ilk üç zərbə qeyri-dəqiq alındı və əsas vaxtın hesabını müəyyən edən Setre ilə Merentyel, həmçinin sonuncunun məşhur uruqvaylı oyundaşı Kavani qapıya yol tapa bilmədilər. Qalan zərbələrin müəlliflərindən yalnız Fiqal (Boka Xuniors) uğursuzluq yaşadı. Nəticədə “Boka Xuniors”a 3:1 hesabıyla üstün gələn “Estudiantes” finala adladı.
Beləliklə, LK-nin finalında “Veles Sarsfild” ilə “Estudiantes” qarşılaşacaq. Turnirin qalibi mayın 5-də müəyyənləşəcək.

yarımfinal
Arxentinos Xuniors - Veles Sarsfild 0:0, p. – 2:4
Estudiantes - Boka Xuniors 1:1, p. – 3:1
Setre, 76-p. - Merentyel, 41.
Bombardirlər: Borxa (River Pleyt) - 13, A.Martines (Rasinq) - 12, İ.Ramires (Nyuellz Old Boyz) - 8.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla