AZ

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Lük

Vyana, 2 may, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Vyanada keçirilən konfransın həsr olunduğu mövzu - ölkələrimizdəki assimilyasiya məsələsi müstəmləkəçiliyin ayrılmaz hissəsidir.

Bu fikirləri Bakı Təşəbbüs Qrupunun BMT-nin Vyana ofisində təşkil etdiyi “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfransın iştirakçısı, Martinik Azadlıq Partiyasının rəhbəri, Martinik Assambleyasının və BTQ-nin üzvü Lük Fransis Karol AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, uzun illər əvvəl, hətta assimilyasiyaya dair 1946-cı il 19 mart tarixli qanunun qəbulundan öncə assimilyasiyaya dair xüsusi strategiya olub. Yəni, Afrikada və digər ölkələrdə yerli xalqları öz mədəniyyətlərindən, soy-köklərindən uzaqlaşdırmaqla guya onların müasir sivilizasiyalar səviyyəsinə yüksəltmək məqsədi güdülüb. Belə ki, 1795-ci il avqustun 4-də Termidor Konvensiyası komissiyasının üzvü, yeni Konstitusiyanın hazırlanmasına məsul olan Fransua-Antuan dö Buassi d’Anqla (François-Antoine de Boissy d'Anglas) koloniyalarla bağlı assimilyasiya nəzəriyyəsini irəli sürdü. Bu yanaşmada müstəmləkə əhalisinə münasibətdə qardaşlıqdan əsər-əlamət yox idi. Bir ölkənin təsirinin və gücünün əsasında koloniyaların dayandığı irəli sürülərək, müstəmləkələri mərkəzə qəti şəkildə bağladılar və avtokton xalqların suverenliyə qovuşmasının qarşısını almağa çalışdılar. İqtisadi baxımdan Fransa hökumətinin xeyrinə olan sivilizasiyanın, irqin iyerarxiyalaşdırılması aparıldı. Bunları XIX əsr fransız filosoflarının fəlsəfəsində də aydın görmək olur. Əsl reallıq budur ki, müstəmləkələr avtokton xalqları biliklərindən, mədəniyyətlərindən uzaqlaşdırdı. Məsələn, müstəmləkəçi ölkənin atdığı ilk addım əhalinin əsl ad və soyadının fransız adları ilə dəyişdirilməsi oldu. Afrikalıların dinini cadugərlik hesab etdilər. Bütün vasitələr yerli əhalinin şəxsiyyətini məhv etməyə yönəlmişdi. Milli inkişafımız uğrunda apardığımı mübarizə, həmçinin müstəmləkəçinin bizə qarşı tətbiq etdiyi qadağalara qarşı mübarizədir.

Müstəqillik uğrunda mübarizədə qətiyyətli olduqlarını vurğulayan Lük Fransis Karol bildirib: “Assimilyasiya siyasəti müstəmləkəçilərlə müstəmləkə altındakı mədəniyyətlər arasında sadəcə dinc qarşıdurma deyil. Bu, tam müharibədir. Müstəmləkəçi ölkə hiylə, şantaj, hər cür təzyiq, tətbiq etdiyi inkişaf yolu, məhkəmə sistemi və dövlət zorakılığı ilə üstünlük əldə etməyə çalışır. Ümid edirik ki, Vyanadakı konfrans müəyyən qlobal istiqamətlərə çıxışa yol açacaq və bizim mübarizəmizi daha da sürətləndirəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla