AZ

Sözsüz ki, Gürcüstan üçün çox həssas bir dönəmdir-Sultan Zahidov- ÖZƏL

"Ümumiyyətlə, qeyd etmək lazımdır ki, son bir ildə Gürcüstanda bu qanun, yəni Xarici təsirin şəffaflığı qanunu müzakirə obyektidir. İlk dəfə 2023-cü ilin mart ayında bu qanun layihəsi parlamentdə müzakirəyə çıxarıldı. Həmin vaxtı kütləvi şəkildə etirazlar baş verdiyindən hökumət bu qanun layihəsini müvəqqəti dondurmaq qərarına gəldi". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Amma bu bir il ərzində hökumətin də qeyd etdiyinə görə xaricdən Gürcüstana qeyri-şəffaf yatırımlar daha da artdığından və bu qeyri-şəffaf yatırımların bir çoxu radikal qruplaşmalara qeyri-qanuni şəkildə ötürüldüyündən Gürcüstan hökuməti bundan narahatçılıq deməli keçirərək növbəti dəfə belə bir qanunun parlamentdə müzakirə olunmasının təşəbbüskarı kimi çıxış etmiş və nəticədə aprel ayında xarici təsirin şəffaflığı qanunun parlamentdə müzakirəsi həyata keçirilmiş və ilkin oxunuşda bu qanun qəbul edilmişdi. Ötən gün isə ikinci oxunuş baş tutmuş və ikinci oxunuşda da qanun layihəsi qəbul edilmiş və bununla da qanun layihəsinin önündə ən son hədd kimi mayın ortalarında baş tutacaq üçüncü oxunuş qalır. Qanun layihəsi üçüncü oxunuşdan da keçərsə, ehtimal olunur ki, ölkə prezidenti Salome Zurabişvili bu qanun layihəsinə veto qoyacaq. Çünki özü də bu qanun layihəsinə qarşı idi. Amma veto qoyduqdan sonra qanun layihəsi yenidən parlamentə qayıdır və parlamentdə də biz bilirik ki, hakim partiyanın nümayəndələri çoxluq təşkil etdiyindən həmin qanun layihəsi artıq son olaraq qəbul olunacaqdır. İkinci oxunuşda da parlamentdə qanun layihəsi 83 nəfər lehinə səs verməklə qəbul olundu. Bu qanun layihəsinin əleyhinə Gürcüstanda bir çox insanlar ayağa qalxmış və parlament önündə etiraz aksiyaları həyata keçirmişdi. Məsələ burasındadır ki, Gürcüstanda bir çox QHT-lər var ki, onlar xaricdən maliyyələşirlər və bu maliyyələşmənin bəzən mənbəyi göstərilmədiyindən, şəffaflıq tam şəkildə təmin olunmadığından, sözsüz ki, Gürcüstan hökuməti haqlı şəkildə bununla bağlı öz narahatçılığını ifadə edir. Amma QHT-lər çərçivəsində xeyli insan xaricdən maliyyələşmə nəticəsində gəlir əldə etdiyindən sözsüz ki, onlar bu qanun layihəsinə qarşı çıxacaq etiraz edəcəklər ki, bu etirazlar da baş verdi. Amma bütün bunların fonunda biz görürük ki, Gürcüstana Qərbdən böyük təzyiqlər də baş verməkdədir. Həm Avropa Birliyi, həm qurumlar, ABŞ başda olmaqla bu qanun layihəsinin qəbulunu sərt şəkildə tənqid etdilər. Avropa Birliyi hətta bəyanat verdi ki, bu qanun layihəsi Gürcüstanı Avropa Birliyindən uzaqlaşdıracaqdır. İnsanları da meydana çıxaran amillərdən biri də bu oldu ki, Gürcüstanı onlar yenidən Rusiyanın təsiri altında görmək istəmirlər, Avropa Birliyi ölkəsi kimi görmək istəyirlər. Amma reallıq ondan ibarətdir ki, oxşar qanun layihələri dünyanın bir çox ölkələrində var, ABŞ başda olmaqla, Avstraliya olsun, İsrail olsun. Yəni Qərb ölkələrində də var və Gürcüstanda belə bir qanun layihəsinin qəbul edilməsi və buna qarşı sərt tənqidlər sözsüz ki, başa düşülən deyildir. Bu, bir daha onu göstərir ki, Qərb Gürcüstanda da öz oyunlarını oynamaqdadır. Qərb Cənubi Qafqazda hər vəchlə Rusiyanı sıxışdırıb çıxartmaq istəyir. Ermənistanda buna müəyyən qədər nail olmağı bacardılar. İndi isə hədəf Gürcüstandır. Bu da sözsüz ki, Gürcüstanın daxilindəki siyasi sabitliyi ciddi təhdid altında qoyur. Bu halda hətta bəzi ekspertlər Gürcüstanda növbəti dəfə "məxməri inqilab"ın baş tuta biləcəyini belə istisna etmirlər. Sözsüz ki, Gürcüstan üçün çox həssas bir dönəmdir. Gürcüstan hökuməti burada ən rasional addım atmalı və balanslı siyasət yürüdərək, tərəflərin, xalqın böyük əksəriyyətinin maraqlarını təmin etməlidir. Yəni balansı deyəndə sözsüz ki, belə bir qanun layihəsinin qəbulu heç bir halda Gürcüstanın Avropa Birliyi ilə bağlarının qoparmasına gətirib çıxarmamalıdır. Çünki Gürcüstan əhalisinin böyük əksəriyyəti Avropa Birliyinə inteqrasiyanın tərəfdarıdır və hökumətin indiki bəyanatlarından aydın olur ki, bu qanun layihəsinə baxmayaraq, Gürcüstan Avropa Birliyi yolundakı irəliləməsini davam etdirəcəkdir. Əgər bu baş verərsə, Gürcüstan Avropa Birliyi istiqamətində addımlar atarsa, mən düşünmürəm ki, hər hansı bir ciddi bir inqilab baş verər. Amma yox, Gürcüstan bir zamanlar Ukraynada Viktor Yanukoviçin etdiyi səhvi təkrarlayarsa, yəni Qərblə bütün bağlarını kəsib, yalnız Rusiya yönümlü siyasət yürüdərsə, bu, Gürcüstanda da növbəti "məxməri inqilabı"nın növbəti "avromeydan"ın yaşanmasına gətirib çıxaracaq ki, bundan da bütün Gürcüstan hakimiyyətinə və xalqına düşünürəm ki, zərər dəyə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla