1907-ci ildə sosioloq Fransis Qeltonun “Nature” jurnalında bir məqaləsi dərc olundu. Onun məqaləsinin adı “Xalqın səsi” idi. O məqaləyə belə başlıq verməklə toplumun doğru qərara çata biləcəyinə işarə vermək istəmişdi. Belə ki, İngiltərənin Plimut şəhərində keçirilən, 800 nəfərin qatıldığı bir festivalda apardığı araşdırma nəticəsində belə qənaətə gəlmişdi. Həmin festivalda bir öküz kəsilirdi və kəsilən öküzün sümüksüz ətinin ağırlığını doğru təxmin edənə böyük mükafat vəd edilmişdi. Yarışmaya qatılan insanların içində müxtəlif sahələrdə çalışan şəxslər var idi. Öküz kəsildikdən sonra isə təxminlər kağıza yazılıb qutuya atıldı. Qelton nəticələrə baxdı. Yarışa qatılanların əksəriyyəti uzaq rəqəmlər vermişdi. Lakin, çox cüzi hissə doğru çəkiyə yaxın rəqəmlər yaza bilmişdi. Daha sonra, Qelton belə qərara gəldi ki, Yarışa qatılanların təxminlərinin ədədi ortasını tapsın. Və nəticə inanılmaz idi. Belə ki, sümüksüz ətin çəkisi 544,5 kq, Qeltonun əldə etdiyi nəticə isə 544 kq idi. Bu isə həmin təcrübənin uğurlu olmasından xəbər verir. Bu təcrübədən təsirlənən Ceyms Suroviyecki 2004-cü ildə “The Wisdom of Crowds/ Kütlənin müdrikliyi” adlı kitabı qələmə aldı.






Ceyms bu kitabda izdihamın qərarlarının 3 şərt əsasında doğru olduğu fikrini irəli sürdü:


Fərqlilik – Yəni, cəmiyyətdə tamamilə fərqli düşüncələri olan insanlar olmalıdır.


İnsanların sərbəst şəkildə qərar vermələri üçün mühit yaradılmalıdır; Heç bir propaqandanın, yaxud manupulasiyanın qurbanı olunmamalıdır.


İnsanlar müstəqil düşünmə və qərar vermə bacarığına sahip olmalıdır.


Əgər bu şərtlər təmin olunsa, “kütlənin müdrikiyi” müsbət nəticə verə bilər. Əsas odur ki, hər kəsin eyni düşüncəsi və onların fikirlərinə müdaxilə olunmasın ki, əldə edilən nəticə qənaətbəxş olsun.




Buna “Kasparov Dünyaya qarşı” oyununu misal göstərmək olar. Belə ki, 1999-cü ildə internet vasitəsilə oynanılan şahmat oyununda 75 ölkədən 50.000 nəfər Harri Kasparova qarşı oynamışdır. Dünya komandasının gedişlər səs çoxluğuna əsasən müəyyən olunurdu. Amma, Kasparov oyunu 62-ci gedişdə qazandı. Deməli, ortaq düşüncə yaradıcılıq tələb edən seçimlərdə uğurlu olmur.


Bu incəsənətdə ən çox rast gəlinən hallardandır. Yeni bir musiqiçi yeni janr, yaxud yeni rəssam yeni üslub kəşf edir. Bunlar fərqli düşünmənin nəticəsidir. Əlbəttə ki, hər kəs eyni pəncərədən baxsa, eyni mənzərəni görəcək. Onun üçün dünyaya fərqli aspektlərdən baxmaq gərəkdir. Amma bunu da nəzərə almaq lazımdır ki, cəngəlliyin ortasından da yeni cığır açmaq asan iş deyil…



Aydın Kərimli