AZ

“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO

“Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir şəhər filialı üzrə Gənclər Şurasının sədri seçildim. Məni bu məqama layiq gördükləri üçün başda filial sədri, ustad İsmayıl İmanzadəyə və digər həmkarlarıma təşəkkür edirəm. Mənə görə söz sənətinin keşiyində durmaq məsuliyyət və diqqət tələb edən bir vəzifədir. Çalışacam, göstərilən etimadı doğruldum. Ona görə də mənə yararı olmayan şeyləri özümdən kənarlaşdıraraq mütamadi oxuyur və yazıram. Məşhur yazıçı Stiven Kinq özünün "Yazı Sənəti" kitabında oxumaq üçün "şüşəli yeşikdən" ( yəni televizordan, telefondan) uzaq durmağı məsləhət görür. Mənim də uzaq durduğum "şüşəli yeşik" qəlibinə aid olan şeylər var”.
 
Bunu Moderator.az-a açıqlamasında AYB-nin üzvü, Mingəçevir Dövlət Dram Teatrının ədəbi hissə müdiri Elçin Məhərrəm deyib. O daha sonra teatr səhnəsində səhnələşdirilən əsərlərindən danışıb. 
 
“Bəlkə də qəribə səslənər, teatr mənim ən incə damarlarıma qədər nüfuz etməyi özünə məqsəd bilən mistik bir "parazitdir". Bu parazit daim səni narahat edir. O məcbur edir ki, sən yağışın "tut ucundan göyə çıx" növü yağarkən hələ də hara gedəcəyini bilməyən sağa-sola vurnuxan qocanı, çənəsinin yarısı qopub sallanan pişiyi, heç vaxt öz sinif yoldaşlarıyla yol getməyən (getməyə utanan) axsaq qızı müşahidə edəsən. Onları səhnəyə daşıyasan. Mən də artıq bu "parazitin" idarəsinə keçdiyimi hiss edirəm. Elə dram əsərlərini də məhz onun sifarişi ilə yazıram. Mənim Mingəçevir Dövlət Dram Teatrında da 2 pyesim, 1 ssenarim səhləşdirilib. Bunda teatrın direktoru Respublikanın Əməkdar artisti İntiqam Soltanın və baş rejissor Vüsal Mehrəliyevin rolu danılmazdır. Ən çox uğur gətirən və özümə də zövq verən "Yaddaş.Təqvim.Kukla" adlı yazdığım ekzissential tragediya olub. Bu əsəri onun ruhunu duyaraq "Teatrın İsası" (teatrı yaşatmaq üçün hər gün özünü çarmıxa çəkir) adlandırdığım peşəkar baş rejissor Vüsal Mehrəliyev səhləşdirib. Baxmaq istəyənlər buyurub gələ bilərlər. İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə keçirilən CHARACTERS Müasir Dramaturgiya Festivalında 50- ə yaxın pyesin içindən yazdığım "Teatrın pişiyi Kotello" adlı komediya 9-cu pilləyə düşdü. Bu əsər alleqorik bir komediyadır. İdeya hardan gəldi deyim. Mingeçevir Dövlət Dram Teatrına pişik dadanmışdı. Nə vaxt baxırdıq ki, zaldadır, səhnədədir. Bir gün bəzi əməkdaşlar o pişiyin bığlarını kəsərək azdırdılar. Bu hadisə "Teatrın pişiyi Kotello"- nu yazmağıma bir ilham mənbəyi oldu. Sürgündəki pişik birdən aktyor kimi geri dönərsə və teatrdakılar hamsı ona möhtac olarsa sizcə necə olar?
 
Qismətə, yazıya, talehə bir bax
Uca, alicənab Adəm övladı ,
Yalvarır, ağlayır qarnı da acdır.
Dünən qovduğuna, bu gün möhtacdır.
Yarılsın qübbənin mavi mərkəzi,
Bastetin lənəti tutsun hər kəsi.
Şığısın canlara ən asi ruhlar,
Məhv olsun kütlələr, qaragüruhlar.
 
Bu pyesdə yalnız Kotello və Doqdamonanın sözlərini nəzmlə yazmışam. Digər obrazlarınkı isə nəsrdir. Sözügedən festivala məhz bu əsəri göndərməyimi də istedadlı rejissor Abdulla Elşadlı məsləhət görmüşdü. Hətta, aramızda belə bir maraqlı, gülməli söhbət də oldu. Dedi “sən bunu göndərməsən səni məhkəməyə verəcəm”, - deyə Elçin Məhərrəm bildirib.
 
Elçin Məhərrəm son illər Mingəçevir Dövlət Dram Teatrında dəyişikliyi hiss etdiyini və bu dəyişikliyin bir parçası olduğunu vurğulayıb.
 
“Dəyişikliyin bir parçasına çevrildiyim üçün də sevinirəm. Ümumiyyətlə teatrda çalışanların bir neçəsini çıxmaq şərtilə əksəriyyəti bu dəyişiklikdən zövq alır. O bir neçəsi Danaidlərin çəlləyini doldurmaqla məşğuldurlar. Yunan mifologiyasında çar Danayın 50 qızı toy gecəsi həyat yoldaşlarını öldürürlər. Bundan acıqlanan yeraltı səltənətinə hökm edən Aid onları dibsiz çəlləyi doldurmaqla cəzalandırır. Yəni boş, bihudə işlə”, - deyə ədəbi hissə müdiri bildirib.
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla