AZ

“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO

“4 iyun tarixində Heydər Əliyev adına sarayda “Ömrün Xanım fəsli” adlı yaradıcılıq gecəm keçiriləcək. Artıq uzun illərdir ki, mən yaradıcılıq gecəsi keçirmirəm. Bu fikrə sevənlərimin, pərəstişkarlarımın istəyi ilə gəldim. Öz istəyim də onların istəyi ilə üst-üstə düşdü. Düşündüm ki, həm özüm, həm də sevənlərim üçün sözümün, musiqimin bir bayramını keçirim”.
 
Bunu Moderator.az-a açıqlamasında şair, bəstəkar Xanım İsmayılqızı deyib. O daha sonra əlavə edib.
 
“Bir neçə ildir ki, artıq bu gecə haqqında düşünürdüm, götür-qoy edirdim, planlar qururdum amma heç cür ürək edə bilmirdim. Çünki mənim sonuncu yaradıcılıq gecəm 22 il bundan əvvəl baş tutub. Sözün düzünü deyim ki, çox çətin prossesdir. Yaradıcılıq gecəsi keçirən insanlar bunu gözəl bilir. Çünki hər şeyin məsuliyyəti sənin çiynindədir. Səhnədən tutmuş ifaçı, orkestr, rejissor işi, təşkilati işlər və s. Hər işin başlanğıcında, önündə, arxasında sən durmalısan. Yazdıqlarımı onsuz da yazmışdım, yeni bir əsər yazmamışam. Amma bunları bir yerdə toplayıb bir gecəyə çevirmək çox zəhmət tələb edir. Hazırda o zəhmətin, işin içindəyəm, yorğun anlar da var. Təki belə yorğunluq olsun” deyə bəstəkar bildirib.
 
Xanım İsmayılqızı bildirib ki, gecədə sürprizlər olacaq.
 
 
“Gecədə həm sözü və musiqisi mənə aid olan mahnılarım, həm də başqa şairlərin sözlərinə bəstələdiyim mahnılar yer alacaq. Demək olar ki, bizim sənət, musiqi aləmində müxtəlif janrlarda ifa edən müğənnilərin böyük bir buketi olacaq. Eynilə gül dəstəsi kimi. Xanəndələrimiz, xalq musiqisinin, muğamlarımızın gözəl ifaçıları Teyyub Aslanov, Nəzakət Teymurova, Mələkxanım Eyubova, Nazpəri Dostəliyeva, Fərqanə Qasımova, Bəyimxanım Vəliyeva, Ayşən Mehdiyeva çıxış edəcəklər. Lirik ifaları ilə ürəklərə yol tapanlar ifa edəcəklər. Mətanət İsgəndərli, Abbas Bağırov, Samir Piriyev, Zabitə Alıyeva, Çinarə Məlikzadə, Lalə Məmmədova, Rəşad İlyasov, Cahangir Qurbanov və s. müğənnilər yer alacaqlar. Gənc ifaçılar Ağabala Sadıqzadə, Rasim Səfər, Orxan Bağırov, Pərviz Abdullayev olacaq. Və ən nəhayət.. Estrada musiqisinin seçilənləri, liderləri Faiq Ağayev, Röya Ayxan, Dilarə Kazımova, Elnur Hüseynov, Elnarə Xəlilova, Səidə Sultan gecədə ifalarını səsləndirəcəklər. Mən bütün ifaçıların, yaradıcılıq gecəmdə iştirak edənlərin adını çəkdim və onları birləşdirib, 4 hissəyə bölüb dedim. Onların hər biri mənim üçün xüsusi, özünəməxsusdur. Yaradıcılıq gecəmdə eksklüzivlər də olacaq. Bu seçimim mənim özümü də heyrətləndirib. Mən inanıram ki, siz də heyrətlənəcəksiz. Çünki elə mahnılarım elə müğənnilərin ifasında səslənəcək ki, bu da fərqli yanaşma olacaq və həmin mahnılara ikinci nəfəs veriləcək. Mənim yaradıcılığımda xüsusi yerləri olan amma bu gün dünyalarını dəyişmiş sənətkarlarımızın repertuarına müraciət olunacaq. Daha dəqiq desək İlhamə xanım Quliyeva, Elçin Cəlilov, Səməd Səmədovun yaradıcılığına. Bu insanlar yaradıcılığıma gəldikləri ilk günlərdən, yanımda olduqları son anlara qədər mənim yaradıcılığımda xüsusi yerləri olub. Onların repertuarlarındakı mahnıları oxumaqla həm xatirələrini yad edəcəyik, həm də ruhlarını şad edəcəyik. Mənim də ürəyim yerinə gələcək. Çünki onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda var, olub və olacaq. Özləri olmasalar da bu ifaları onları yaşadır. Bütün yaradıcılığımı mən “Ömrün Xanım fəsli” nə sığışdıra bilməzdim. Amma ən sevilənlərini, seçilənlərini seçdim. Poeziya dəqiqələri də olacaq. Kamran Ağabalayevin, Kamal Yaşarın ifalarında şeirlərim səslənəcək. Gecənin aparıcılığını Leyla Quliyevaya, rejissorluğunu isə Nail Naiboğluna həvalə etmişəm. “Royal streeng” orkestrin rəhbəri Nərgiz Əliyevanın müşayiəti ilə canlı ifalar olacaq. Burada sənətçiləri rəqs ansamblları da müşayiət edəcək. İstər milli, istərsə də müasir rəqslərdən söhbət gedir. Səhnə tərtibatı, səslənmə və s. bütün hər şey peşəkar əllərdədir. Mən inanıram ki, bu gecədən özüm də, tamaşaşaçılar da məmnun qalacaq” deyə Xanım İsmayılqızı bildirib.
Seçilən
50
50
Mənbələr
Şərh ()
Bağla