AZ

İran nüvə silahı əldə etməyin bir addımlığındadır – BAEA Tehrana heyət göndərəcək

İranın nüvə bombası hazırlamasına yetərli sayılacaq qədər zənginləşdirilmiş uran əldə etməsi üçün bir neçə aya deyil, bir neçə həftəyə ehtiyacı var.

“AzPolitika” xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi "Deutsche Welle"yə müsahibəsində deyib.

“İranın nüvə müəssisələrinə hücum etmək çıxış yolu deyil. Düzdür, bu o demək deyil ki, bu zaman dilimində İran nüvə silahı əldə edəcək. Funksional nüvə başlığından ötrü, bölünə bilən material öz yerində, bir çox başqa şeylər də gərəkdir", - Qrossi vurğulayıb.

Onun sözlərinə görə, İranın nüvə hədəfləri spekulyasiya məsələsidir. Qrossi İranın uranı zənginləşdirmə fəaliyyətini, habelə onun BMT müfəttişlərinə nüvə müəssisələrinə zəruri çıxış imkanı verməməsini də tənqid edib. Agentlik rəhbəri İranın nüvə proqramı ilə bağlı hələ də çözülməmiş məsələlərin qaldığını söyləyib. Bu məsələlərdən biri də gözlənilməyən yerlərdə uran izlərinin aşkar edilməsidir.

"Bunların hamısını bir yerə toplayanda, təbii ki, çoxlu sualla üzləşirsən", - Qrossi belə deyib və BAEA nümayəndə heyətinin tezliklə İrana yollanacağını bildirib.

Qrossinin bu açıqlaması İsraillə İran arasında münasibətlərin gərildiyi və hər iki ölkəni açıq savaş təhlükəsi ilə üz-üzə qoyduğu dövrə təsadüf edir. İsrail Suriyada İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) generallarını öldürəndən sonra İran İsrail üzərinə raket və dron hücumu gerçəkləşdirmişdi. Baş verənlər fonunda dünya ictimaiyyəti İranın nüvə müəssisələrinə İsrailin hücum edə biləcəyindən rahatsızdır.

"Nüvə silahları, nüvə silahı atılması, nüvə silahlarının əldə edilməsi haqda söhbətlərin adiləşdirilməsi çox acınacaqlıdır", - Qrossi deyib.

Qrossi fevralda İranın 60 faiz təmizliyə çatanadək uranı zənginləşdirməyə davam etdirdiyini bildirib. Bu göstərici kommersiya ehtiyaclarını aşır və onu nüvə silahına gərəkli 90 faizlik təmizlikdən yalnız bir kiçik texniki addım ayırır.

“AzPolitika.info”

Seçilən
148
50
Mənbələr
Şərh ()
Bağla