AZ

İnək südü içən pişiklər quş qripinə tutuldu

Yazını böyüt
Yazını kiçilt

Heyvanlar arasında yayılan quş qripi pişiklərə də keçib. ABŞ-ın Texas ştatında süd fermasında yaşayan və xəstə inəklərin südünü içən insanların öldüyü, bəzilərinin isə kor olduğu müşahidə edilib.

Hafta.az-ın “Science Alert”ə istinadən yazdığına görə, son illər dünyada müxtəlif növlərdə müşahidə edilən A(H5N1) variantının Polşa, Cənubi Koreya və Fransa, eləcə də ABŞ-da pişiklərə yoluxduğu daha əvvəl müəyyən edilmişdi. Lakin adıçəkilən canlıların quş qripinin bu çox yoluxucu variantına inək vasitəsilə məruz qaldıqları ilk dəfə qeydə alınıb.

Aprelin 29-da ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) nəzərdən keçirilən “Emerging Infectious Diseases” jurnalında dərc edilən hesabatda deyilir ki, Texasdakı bir fermada yaşayan təxminən 24 pişiyin xəstə inəklərin südünü içdiyi üçün yarıdan çoxu ölüb.

Virusun fermada inəklərə mart ayının ortalarında keçdiyi fərq edilsə də, bir neçə gün ərzində oradakı pişiklərdə bəzi əlamətlər müşahidə olunmağa başlayıb. Heyvanlar daim dairələrdə gəzir, görmə qabiliyyətini və koordinasiyasını itirir, bədənləri sərtləşir, gözlərindən və burunlarından həddindən artıq selik axırdı. Pasterizə edilməmiş süd içən pişiklərdən bəziləri iki gün ərzində ölüb.

Ayova Dövlət Universitetinin tədqiqatçıları süd nümunələrini və iki pişiyin cəsədini araşdırdıqdan sonra virusun heyvanların ağciyərlərinə, beyninə, ürəyinə və gözlərinə keçdiyini müəyyən ediblər. İnək və pişiklərin toxuma nümunələrinin müqayisəsi nəticəsində iki heyvanda virusun “diqqətçəkən oxşarlıq” göstərdiyi müəyyən edilib. Bu səbəbdən də pişiklərin xəstəliyi inəklərdən tutduğu düşünülür.

Tədqiqatçılar hesabatda yazıblar: "Bu hesabatda sözügedən pişiklərin ölmüş çöl quşları ilə təmasda olması, onları yeməsi ehtimalı tamamilə istisna oluna bilməz. Bununla belə, pişiklərin xəstə inəklərdən alınmış pasterizə olunmamış süd və bulama istehlakı dəqiqdir. Süddə yüksək miqdarda virus nuklein turşusu olması virusun çox güman ki, süd və kolostrum qəbulu ilə ötürüldüyünü göstərir”.

2020-ci ildən bəri milyonlarla ev quşunun ölümünə səbəb olan epidemiya Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "heyvan pandemiyası" olaraq xarakterizə edilir. Digər tərəfdən, təşkilat A(H5N1) variantının insanlara keçmə ehtimalını "böyük narahatlıq mənbəyi" kimi görür.

Xüsusilə ABŞ-ın müxtəlif ştatlarında süd fermalarında inəklərin virusa yoluxması narahatlıq doğurur. Bununla belə, səlahiyyətlilər pasterizə edilmiş südün içilməsinin quş qripinə səbəb olmayacağını bildirir.

A(H5N1) variantının insanlar arasında ötürülməsi hələ müşahidə edilməsə də, heyvanlarla təmas buna səbəb ola bilər. Virusun inəkdən insana ilk ötürülməsi hadisəsi keçən ay qeydə alınsa da, CDC xəbərdarlıq edir: “İnsanların yoluxmuş vəhşi, ev və ya sahibsiz pişiklə təmasda quş qripi virusuna yoluxması ehtimalının az olmasına baxmayaraq, heyvanla uzunmüddətli və qorunmayan təmas olmaqdan çəkinsinlər. Bu təhlükəli ola bilər”.

Xəstə heyvanlar tüpürcək, nəcis və digər bədən mayeləri ilə insanlara qrip virusunu ötürə bilər.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla