AZ

SİNQAPUR NİYƏ ASİYANIN ƏN XOŞBƏXT ÖLKƏSİ SAYILIR? – “Asiyanın İsveçrəsi”nin sirləri haqqında reportaj (+FOTO)

Bura dünyanın ən təmiz, ən bahalı, ən təhlükəsiz və ən çox müşahidə kameraları olan şəhəridir

1951-ci ilin oktyabrında bir quldur dəstəsi Sinqapurun şimal-şərqində yerləşən Punqol liman şəhərində böyük bir tiryək partiyasını qaçırır. O dövrün Sinqapuru bu gün bildiyimizə çox az bənzəyirdi: Ada Hindistan və Çin arasında narkotik ticarətində əsas məntəqə kimi cinayət və korrupsiya ilə əhatə olunmuşdu...

İngilis müstəmləkə orqanları oğurluğu araşdırdıqda, aralarında Sinqapur polisinin bir neçə yüksək rütbəli əməkdaşının olduğunu aşkar edir. Qalmaqaldan sonra müstəmləkə administrasiyası Korrupsiya Təcrübələri İstintaq Bürosunu yaradır.

Sinqapur müstəqillik əldə etdikdən bir neçə il sonra yeni Baş nazir Li Kuan Yu ölkəni rüşvətxorluqdan təmizləməyə söz verdi və qətiyyətli addımlar atdı: güclü qanunvericilik bazasının yaradılması, antikorrupsiya qanunlarının ciddi şəkildə icrasının həyata keçirilməsi, hökumətdə və cəmiyyətdə dürüstlük və hesabatlılıq mədəniyyətinin təşviqi də daxil olmaqla, kompleks tədbirlər vasitəsilə Sinqapurda korrupsiyanı azaltdı. Li Kuan Yu həmçinin, rüşvətxorluğu azaltmaq üçün dövlət qulluqçularının yaxşı maaş almasını təmin və hökumət proseslərində şəffaflığı təşviq, rüşvət alarkən tutulanlar üçün sərt həbs cəzaları tətbiq etdi. Ölkədə korrupsiyanın kökünü kəsmək üçün hətta nazirləri, yaxınlarını həbsə atdırdı. Bu yolda intihar edən, güllələnənlər də oldu.

Beləliklə, Li Kuan Yunun rəhbərliyi və korrupsiyanın aradan qaldırılması öhdəliyi Sinqapurun təmiz və səmərəli idarəçiliyi ilə tanınan ölkəyə çevrilməsində mühüm rol oynadı. O, öz eksperimental ölkəsini “Asiya İsveçrəsi”nə çevirə bildi.

İndi kiçik, dövlət-şəhər olan Sinqapur dünyanın ən təmiz, təhlükəsiz, firavan, korrupsiyadan uzaq bir ölkəsinə çevrilib. “Yüz eşitməkdən, bir görmək yaxşıdır” deyib, yol aldım Sinqapura...

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla