AZ

Baltik ölkələrində çaxnaşma: "Zirzəmiləri sığınacağa çevirin"

Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putinin növbəti hədəfinin Baltikyanı ölkələr ola biləcəyi qorxusu davam etdiyi üçün latviyalılara zirzəmilərini hava hücumları üçün sığınacaqlara çevirmələri tövsiyə olunur.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, Latviyanın paytaxtı Riqanın meri Vilnis Kirsis bəyan edib ki, insanlar zirzəmilərə sığınmağa hazır olmalıdırlar.

"Biz hamını “Böyük Təmizləmə” zamanı və ondan sonra öz zirzəmilərini təcili sığınacaq üçün əlçatan etməyə çağırırıq" deyib Kirsis.

Rusiya ilə təxminən 214 kilometr uzunluğunda sərhədi olan keçmiş Sovet Respublikası Latviya 2004-cü ildən NATO-nun üzvüdür.

Kremlin Ukraynaya müdaxiləsi davam etdikcə, Rusiya prezidentinin hərbi alyansa daxil olan Latviya və ya qonşu Baltikyanı dövlətlərdən biri olan Estoniya və Litvanı hədəfə ala biləcəyi ilə bağlı qorxular artır.

Riqanın mülki müdafiə komissiyası da mümkün hücuma hazırlıq məqsədilə bütün şəhərdə ictimai binalarda sığınacaqlar yaratmağa başlayıb.

Komissiya sədri Gints Reynsons ilin sonuna qədər hər ay 100 sığınacaq hazırlayacaqlarını bildirib.

Yerli mediaya açıqlama verən Reynsons, "İctimai binaların, məktəblərin, qocalar evlərinin, xəstəxanaların və bələdiyyə binalarının zirzəmiləri səlahiyyətlilər tərəfindən araşdırılacaq və hücum halında gizlənmək üçün istifadəyə hazır vəziyyətə gətiriləcək" deyib.

Yanvarda üç Baltikyanı ölkə Kremlin artan təcavüzü davam etdiyi üçün Rusiya və onun müttəfiqi Belarusla sərhədlərində birgə müdafiə zonası yaratmaq barədə razılığa gəliblər.

Üç ölkənin müdafiə nazirləri Riqada görüşərək şərq sərhədlərində “hərəkət əleyhinə müdafiə obyektləri”nin tikintisini və raket-artilleriya əməkdaşlığının inkişaf etdirilməsini təsdiqləyiblər.

Estoniyanın müdafiə naziri Hanno Pevkur həmin vaxt verdiyi açıqlamada, "Rusiyanın Ukraynadakı müharibəsi göstərdi ki, Estoniyanı qorumaq üçün texnika, sursat və canlı qüvvəyə, eləcə də sərhədin ilk metrindən fiziki müdafiə vasitələrinə ehtiyacımız var" deyib.

Estoniyanın ictimai yayımı ERR-in məlumatına görə, ölkə təxminən 295 kilometrlik Rusiya sərhədi boyunca 60 milyon avroluq ilkin büdcə ilə 600 sığınacaq tikəcəyini açıqlayıb.

Müdafiə Nazirliyi hər biri 10 əsgər üçün nəzərdə tutulmuş sığınacaqların tikintisinə 2025-ci ilin ilk aylarında başlamağı planlaşdırır.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla