AZ

Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası

Avazları yaxşı gəlirdi. Amma indi səs-soraqları yoxdur. Fonoqram oxuya bilmirlər, səs də o səs deyil, yumurta içməklə düzəlmir. Hərşeyşünas olmağa çalışdılar, gəl ki, ortaya iş qoymaq üçün bacarığın, istedadın olmalıdır. Arzulamaqla bacarmaq ayrı-ayrı məfhumlardır, “palatka” müğənnisi ariya oxuya bilməz. “Neftçi”də nəy bacarmışdı ki, indi ona bütün ölkə futbolunun taleyi tapşırılıb?

AFFA-da yeni prezident seçkilərinin bir ayı tamam olur. Ötən ayın bu günü köhnələr yola salınıb yenilər kresloya əyləşmişdi. Həm də təkcə prezident yox, İcraiyyə Komitəsi yenilənmişdi.

Vəssalam. İtirilən hər günün qızıla bərabər olduğu zamanda AFFA-nın yeni rəhbərliyi bir ayı boşa verib. Ölkə futboluna yeni nəfəs gətirəcəyini, islahatlar edəcəyini gözlədiyimiz, mütərəqqi qüvvə saydığımız adamlar sadəcə, kresloda 16 il əyləşənləri qaldırıb özlərini həmin yumşaq oturacaqlara səriblər.

Heç nə dəyişməyib… Yox, dəyişib. Bu müddətdə klublar daha öncə sabit aldığı aldığı dövlət yardımı üçün yalvarmaq məcburiyyətində qalıb, müxtəlif milli komandaların məğlubiyyətləri daha biabırçı hesablarla sıralanır, hakim səhvləri ən pik həddindədir. Bu dövr ərzində İcraiyyə Komitəsi bir dəfə də olsun yığışıb hər hansı qərar verməyib, müsbət dəyişikliklərin işartılarını göstərməyib.

Hələlik bacardıqları işlə məşğuldurlar – pulla oynayırlar. AFFA prezidenti Rövşən Nəcəf maliyyə yoxlamasına start verib. Əslində, bu da lazımdır, sabiqlər illərdir büdcəni havaya sovurmaqla məşğul idi və onun hesabatı istənilməlidir. Bildiyimizə görə, təkcə ötən ilin büdcəsində 4-5 milyon manatlıq kəsir var. Daha doğrusu, bu qədər məbləğ “digər xərclər” adı ilə yoxa çıxarılıb, hara getdiyini tapa bilmirlər. Bu rəqəmləri 16 ilə vursaq, 100 milyon manata yaxın vəsaiti axtarmaq lazım gələcək.

Nəcəf bu pulların geri qaytarılmasını təmin edə biləcəksə, onu ayaq üstə alqışlayaram, lakin onun Rövnəq Abdullayevdən, Elxan Məmmədovdan, hazırda eyni komitədə olduğu Elşad Nəsirovdan bunu tələb etməsi mümkünsüzdü. Bacarmaz. Bəlkə də Rövşən bəy bu praktikanı yoxa çıxan maliyyəni geri qaytarmaq üçün yox, gələcəkdə özü tətbiq etmək üçün öyrənir?!

Bir aylıq fəaliyyətsizlik şübhələrə əsas verir.

Bir ay kifayət qədər böyük zamandır. Bu müddətdə ən azı ilkin addımlar atılmalı, strategiya müəyyənləşməli, elan edilməliydi. Amma olmayan şeyi necə elan etsinlər? Hazıra nazil olublar, pul var, şərait var, vəzifə var, lakin bacarıq yoxdur, hələlik köhnələrin fəaliyyətini araşdırırlar ki, onun tərsini etsinlər ki, bəlkə uğurlu oldular.

Elxan Məmmədovun futbola yeritdiyi bütün kadrlardan birdəfəlik imtina olunmalıdır. Onlar futbola yox, ağalarına qulluq ediblər. Və Nəcəf bunu ötən bir ay ərzində reallaşdırmalıydı. Məsələn, Hakimlər Komitəsinin başsız qalması Barış Şimşəkin, dostlarına qulluq edən Cavid Cəlilovun orada əyləşməsindən daha yaxşıdır. Onsuz da çempionatı Riad Rəfiyev idarə edir…

AFFA rəhbərliyi ilk olaraq gündə bardaş qurub oturduqları, mənasız müzakirələr apardıqları Klublar Komitəsini, yarandığı gündən bəri nə iş gördüyü blinməyən Məşqçilər Komitəsini, daha neçə-neçə qurumu ləğv etməli, əsl mütəxəssislərdən ibarət beyin mərkəzi formalaşdırmalı idi. Ki, onların sayəsində indiyədək mövcud olmayan konsepsiya hazırlansın, strategiya müəyyənləşsin.

blank

Hələ də keçirilməyən iclasların protokollarını kiril əlifbası ilə dolduran regional federasiyalar, Konfransda səs hüququ olan müxtəlif ictimai birliklər səriştəsiz insanlardan təmizlənməliydi. Və s. və i.

Bir ay ərzində “Yol xəritəsi” hazırlanmalıydı…

AFFA rəhbərliyi isə büdcəni dağıtmaq, milyonları havaya sovurmaq, iş görüntüsü yaratmaq üçün əcnəbi dəstəsi axtarır. İşi əcnəbilər görəcəksə, elə AFFA prezidenti postunu da, vitse-prezident, baş katib vəzifələrini də hansısa gəlməyə niyə tapşırmayaq ki? İcraiyyə Komitəsinə seçilmiş insanlardan neçəsi futbolumuzu dirçəltmək, ideya irəli sürmək, yol göstərmək potensialına malikdir?

Bir ay keçib, amma sanki AFFA-da heç nə dəyişməyib. Prezident postunda Rövnəq Abdullayevin, yoxsa Rövşən Nəcəfin əyləşməsinin fərqi görünmür. Yenə də menecerlər əcnəbi daşımaq üçün növbəyə durub bazarlıq edirlər. İşi əcnəbilər görəcəksə, yerli mütəxəssislər neyləsin? Görəsən, bu müddətdə veteranlardan, mütəxəssislərdən kimsə AFFA-ya görüşə çağırılıbmı; fikir mübadiləsi aparılıbmı; təklifləri dinlənilibmi? Yoxsa Nəcəf hər şeyi bilir və himayədarının təyin etdiyi 2-3 nəfərlə zorən bir komanda olub kosmetik dəyişiklik etməklə işini bitmiş sayacaq?

Bir ay keçib, cənablar. İşləmirsiz, işləyə bilmirsiz, heç olmasa, vaxtınızı səmərəli keçirin, kinoteatrlara gedin, tamaşaya, baletə, operaya baxın, Balaşın ariyasına qulaq asın, sonrakı peşmançılığın heç bir fayda verməyəcəyini anlayın. Bəlkə ondan sonra tərpəndiniz.

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla