AZ

Addım-addım sülhə doğru..

Prezident İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bir daha qeyd etdi ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün vasitəçi olmaq istəyənlərin bölgədən uzaq durması vacibdir

Sülh, sabitlik, əməkdaşlıq təhlükəsizliyin, rifahın və inkişafın əsasıdır. Torpaqları işğal altında olanda da, müharibədən sonra da rəsmi Bakı daim sülh çağırışları edib, hətta bu istiqamətdə İrəvana təkliflər belə göndərib. Azərbaycanın bu istəyi olmasaydı ki, 1994-cü il mayın 12-də atəşkəsə dair "Bişkek protokolu"u imzalanmazdı. Həmin sənəd Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədi daşıyırdı. Bu, bir daha sübut edir ki, torpaqları işğal altında olan rəsmi Bakı həmişə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub. Azərbaycan ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edəndən sonra da Ermənistana bir sıra ismarışlar göndərib. Ancaq qarşı tərəf müxtəlif bəhanələrlə sülh sazişi və sərhədlərin müəyyənləşməsi prosesini daim uzadıb. Kommunikasiya xətlərinin açılmasını müxtəlif bəhanələrlə əngəlləyib. Heç şübhəsiz Ermənistanın bu istiqamətdə əməli addımlar atmasında havadarlarının və iki ölkə arasında birbaşa münasibətlərin qurulmasına qarşı olanların da əli var. Belə ki, Qərb, o cümlədən Fransa Cənubi Qafqazda təsir imkanlarını gücləndirmək üçün uzun müddətdir Ermənistandan istifadə etməyə çalışır. Qərb dairələri bölgədəki “rıçaq”larını qorumaq məqsədilə gərginliyin davam etməsinə çalışırlar. Çünki sülh və sabitlik üçüncü güclərin bölgəyə müdaxiləsinin qarşısının alınması deməkdir. Təsadüfi deyil ki, Qərb dövlətləri uzun müddət Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşmasına dair məlumat yayırdılar. Onlar bu yolla əslində növbəti provokasiyalara zəmin yaradırdılar. Lakin qeyri-konstruktiv mövqeyi ilə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan tərəfi artıq sülh anonsları səsləndirir. Bu isə o deməkdir ki, rəsmi İrəvan artıq Azərbaycanın regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqları qəbul edir. Vurğulanmalıdır ki, bu siyasi-iqtisadi reallıqlar özündə sülhü və əməkdaşlığı aktuallaşdırır ki, belə bir iqtisadi platforma indiki zamanda Ermənistana hava-su kimi lazımdır. Sosial problemlərin əsirinə çevrilmiş bu ölkə Azərbaycanın ona tanıdığı imkandan maksimum bəhrələnməli, özünün yeni inkişaf mərhələsini formalaşdırmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. Dövlət başçısı Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb. Ötən ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etdiyini söyləyən Prezident bundan sonra ölkəmizin siyasi hücumlara məruz qaldığını, buna baxmayaraq, yenə də sülhü təklif etdiyini deyib. Bildirib ki, indi isə biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik. Dövlət başçısı beynəlxalq ictimaiyyətə onu da çatdırıb ki, sülhü bu qədər yaxın edən Azərbaycandır. Başqa sözlə, vasitəçilərin 30 illik fəaliyyəti isə daha çox qarşıdurmaya, işğal müddətinin uzanmasına və başqa bu kimi məsələlərə xidmət edib. Odur ki, Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyətin bu istiqamətdə fəallıq göstərməyə çağırıb.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının aprelin 19-da baş tutan səkkizinci görüşünün nəticələri nəinki regional, həm də beynəlxalq əhəmiyyətli oldu. Belə ki, nəticələr əsasına ən diqqətçəkən məqam Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə olunmasıdır. Ona əsasən dörd qeyri-anklav kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı Azərbaycana qaytarıldı. Qərara alındı ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. Öncə onu deyək ki, bu kəndlər 90-cı illərin əvvəllərində ermənilərin işğal etdiyi ilk yaşayış məntəqələri olub. Ermənilər həmin ərazilərdə ciddi vandallıqlar törədiblər. Bu mənada sərhədlərin müəyyənləşməsi prosesinin məhz həmin yerlərdən başlanması xüsusi əhəmiyyətə malikdir. Şübhəsiz ki, bu prosesin davamı da gələcək və işğal altındakı daha dörd kənd də danışıqlar yolu ilə Azərbaycana veriləcək.

Göründüyü kimi, Qazaxın kəndlərinin diplomatik yolla azad olunması ilə Qərb güclərinin təbliğat və təxribat cəhdləri bir daha ifşa olundu. Azərbaycan ABŞ və Avropa İttifaqının Qazaxın kəndləri ilə bağlı məsələyə qarışmasına imkan vermədi. Bakı və İrəvan qarşılıqlı anlaşma şəraitində məsələni həll etdilər. Bu, o deməkdir ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün Qərbin bölgədən uzaq durması vacibdir. Neoimperialist dairələr nə qədər proseslərdən uzaq dayansalar bölgədə sülh və sabitlik bir o qədər tez təmin olunar. Prezident İlham Əliyev Forumdakı çıxışında bildirib: “Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər”. Dövlət başçısı əlavə edib ki, biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik: “Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”.

Bu gün rəsmi Bakı ilə İrəvanın mövqeləri tədricən yaxınlaşır. Bu, gələcəkdə digər kəndlərin də işğaldan azad olunacağına və Ermənistanın Azərbaycanın şərtlərinə uyğun formada sülh sazişini imzalayacağına ümidləri artırır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
160
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq