AZ

Pianoçu Olqa Domnina: Avropada Azərbaycan musiqisini daha fəal şəkildə təbliğ etmək lazımdır

Bakı, 2 may, Anara Axundova, AZƏRTAC

Olga Domnina məşhur pianoçu, bir çox beynəlxalq müsabiqələrin laureatı, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının və London Kral Musiqi Akademiyasının məzunudur. Solo konsertlərlə yanaşı, dünya səhnələrində kamera və simfonik orkestrlərlə birgə çıxış edir. Olqanın konsert fəaliyyətində Azərbaycan bəstəkarlarının yaradıcılığı böyük yer tutur. Pianoçunun Azərbaycanın musiqi sənətinə marağı o qədər böyükdür ki, onu musiqimizin təbliğatçısı adlandırırlar. Pianoçu 10 ildən çoxdur ki, Siciliyada (İtaliya) yaşayır və Avropada konsertlərlə çıxış edir.

Olqa Domnina AZƏRTAC-a müsahibəsində söhbətində Azərbaycan musiqisinə necə maraq göstərdiyindən və onu necə təbliğ etməyə başladığından söz açıb.

- Olqa, Azərbaycan musiqisi ilə ilk dəfə necə tanış oldunuz? Bu musiqidə Sizi cəlb edən nə idi?

- Dmitri Şostakoviçin həyat və yaradıcılığını öyrəndiyim müddətdə tez-tez onun görkəmli tələbəsi, Azərbaycan bəstəkarı Qara Qarayevin adına rast gəlirdim. Onun ”Yeddi gözəl” baletinin musiqisini dinləmək qərarına gəldim və dərhal və əbədi olaraq məşhur “Vals”, “Gözəllər gözəli” və “Aişənin rəqsi” variasiyalarının əbədi sehrinə düşdüm. Bu melodiyalar uzun müddət musiqi yaddaşımda səslənməyə davam etdi. Sonralar mən bu dahi bəstəkarın XX əsrin fortepiano miniatürlərinin əsl incisi sayılan “İyirmi dörd prelüdiyası” ilə tanış oldum, Azərbaycan Mədəniyyət Nazirliyi məni 2018-ci ildə qeyd olunan Qara Qarayevin anadan olmasının yüzilliyinə həsr olunmuş möhtəşəm yubiley tədbirində iştirak etməyə dəvət edəndə, mən onları öz repertuarıma daxil etdim. “Prelüdiyaları” İtaliyada ifa etdikdən və auditoriyanın Qara Qarayevin bəstələrini necə böyük cosqu ilə qarşıladığını gördükdən sonra aydın oldu ki, Avropada Azərbaycan musiqisini bu gün daha fəal şəkildə təbliğ etmək lazımdır. Mümkün qədər bu missiyanı həyata keçirməyə çalışıram.

- Azərbaycan musiqisində unikal olan nədir?

- Azərbaycan klassik musiqisinin həqiqətən çox heyrətamiz taleyi var. D. Şostakoviç fenomenal istedada malik Qara Qarayevi öz sinfinə qəbul edərək, faktiki olaraq Azərbaycan musiqi tarixinin məcrasını dəyişib. Azərbaycanın yalnız özünəməxsus xalq musiqisinin bütün təbəqələri, Şostakoviçin Avropa Məktəbi ilə birləşərək, təkcə Qara Qarayevin özünün və şagirdlərinin deyil, həm də şagirdlərinin yetirmələrinin yaradıcılığında tamamilə misli-bərabəri olmayan vəhdət yarada bilib. Beləliklə, dahi Üzeyir Hacıbəylinin Şərqdə ilk opera sayılan əfsanəvi “Leyli və Məcnun” operasının ənənələrini davam etdirən Azərbaycan musiqisinin yeni inkişaf mərhələsi bu cür başlayıb. Məsələn, təkcə Şostakoviçin “musiqi şəcərəsininin övladlarından” biri olan Elmir Mirzəyevin “Fortepiano üçün beş üslub" şedevrində ağrını necə ifadə etdiyini dinləyin.

- Bəs Qara Qarayevdən başqa hansı bəstəkarın yaradıcılığı Sizə xüsusilə təsir edir?

- Mənim sonuncu maraqlı kəşfim Rəhilə Həsənovanın musiqisidir. Beş il bundan əvvəl Bakıda Milli Kitabxananın Not nəşrləri və Səsyazmaları şöbəsində özüm üçün yeni bəstəkarların axtarışında idim. Müxtəlif partituraların arasında Rəhilə Həsənovanın “Çeşmə” prelüdiyalar tsiklinə aid əlyazmasının bir nüsxəsini tapdım. Milli Kitabxananın kökdən düşmüş pianosunda bu prelüdiyaları ifa etməyə çalışanda dərhal anladım ki, qarşımda üzəri paxırla örtülən və əsrlər boyu özündə Venesiya tarixini deyil, həmin anda bütün Azərbaycan tarixini əks etdirən Venesiya güzgüləri açılır - mənə elə gəldi ki, qədim Azərbaycan torpağının nəbzini hiss edirəm, milli rəqslərə tamaşa edirəm və hamı ilə birlikdə gur yanan alovun üzərindən atlanıram. Rəhilə Həsənova mənə öz prelüdiyalarında gizli qalan elə mətləblərdən bəhs edir ki, zənnimcə, ürəyimin ən əziz guşəsində özünə yer edən ölkə barəsindəki bu sirləri heç bir kitabdan öyrənmək mümkün deyil. Musiqi aləmində azərbaycanlı müəllifə ilk vurğunluğum isə, əlbəttə ki, Fərəc Qarayevlə bağlıdır. Əvvəla, onun musiqisi mənim üçün çox böyük mənəvi əhəmiyyətə malikdir, o, əbədiyyət, həyat və ölüm haqqında ən ağlasığmaz yüksəklikləri fəth edir. Şərti adlandırsaq, əgər Rəhilə Həsənovanın yaradıcılığı mənim üçün “Yaradılış Kitabı”dırsa, Fərəc Quliyev “Apokalipsis”dir. Hər biri tamamilə fərqli musiqi vasitələrindən istifadə etsə də, onların bir ortaq cəhəti də var - bu bəstəkarların musiqiləri transsendentaldır. Fərəc Qarayev və Rəhilə Həsənova dinləyicilərinin şüuraltına nüfuz edə bilirlər. Maraqlıdır ki, aprel ayında Umeoda (İsveç) keçirilən “Palitra” adlı müasir Azərbaycan musiqisinə həsr olunmuş yeni proqramımın sonuncu konsertində, əksəriyyəti musiqiçi olan dinləyicilər mənə yaxınlaşaraq, Azərbaycan bəstəkarlarının musiqisinin onları hipnoz edərək, trans vəziyyətinə saldığını bildirirdilər. Ona görə də, səmimi qəlbdən belə hesab edirəm ki, Azərbaycan mədəniyyətinin gerçək səfirləri məhz Fərəc Qarayev və Rəhilə Həsənovadır - onlar öz doğma vətənlərinin musiqi ənənələrinin əsl tərənnümçüləridir.

- Başqa hansı ölkələrdə Azərbaycan musiqisinə xüsusi marağın olduğunu müşahidə etmisiniz?

- Mənə elə gəlir ki, Azərbaycan musiqisinə hər bir ölkədə xüsusi maraq var. Keçən ilin dekabr ayından bəri Avropada “Palitra” konsertlərimlə çıxış edirəm və əlbəttə ki, hər bir ölkənin mədəni ənənələrinin nə qədər əhəmiyyətli rola malik olduğunu görürəm. Məsələn, bu ilin fevral ayında İngiltərənin Kembric şəhərində təqdim etdiyim konsert proqramından sonra təkcə Avropa musiqisindən deyil, həm də Şərq musiqisindən agah olduğu bəlli olan dinləyicilər mənə suallar ünvanlayırdılar. Ancaq bu heç də təəccüblü olmamalıdır, çünki İngiltərədə müxtəlif xalqların və dini konfessiyaların nümayəndələri yaşayırlar. Ancaq “Palitra”nın dünya üzrə premyerasının keçirildiyi İtaliyada isə vəziyyət demək olar ki, əksinə idi. Konsertimə C.Verdinin operalarını nəinki əzbər bilən, həm də dünya tarixində sonuncu keyfiyyətli musiqinin C.Verdinin əsərləri ilə yekunlaşdığını düşünən dinləyicilər gəlmişdi. Ağır atletika ilə məşğul olanların dili ilə desək, “bu ağırlıqdakı yükü qaldırmaq” mənim üçün heç də asan olmayacaqdı. Lakin konsertimin sonunda eşitdiyim gurultulu alqışlar və dinləyicilərin simasında gördüyüm heyranlıq ifadəsi zəhmətimin həqiqətən bəhrə verdiyinə məni açıq-aşkar inandırdı. İtaliyadakı bu konsertdən sonra Azərbaycanın Qara Qarayev, Fərəc Qarayev, Rəhilə Həsənova, Elmir Mirzəyev və Ayaz Qəmbərlidən ibarət “Palitra”sı üçün artıq heç bir auditoriya qorxulu deyil.

- Bəs konsertlərinizə gələn azərbaycanlılar Sizin ifanıza necə reaksiya verirlər?

- Belə görürəm ki, Azərbaycan ictimaiyyəti mənim interpretasiyamı bəyənir, konsertlərdən sonra çox xoş sözlər eşidirəm. Vurğulayım ki, mən Azərbaycan ifaçılıq məktəbinə mənsub deyiləm, bəstəkarların qarşıya qoyduğu vəzifələrin həlli üçün məqsədli şəkildə özümə məxsus yollar axtarıram və yalnız bundan sonra azərbaycanlı həmkarlarımın bu istiqamətdə gördükləri işlərlə tanış olmağa çalışıram. Beləliklə, kompozisiyanın mahiyyətini öz üslubumla açmağa çalışıram, musiqinin mətninini, necə deyərlər, “xam” baxışla nəzərdən keçirirəm. Bu müəyyən qədər riskli işdir, amma kompozisiyaya öz fərdi münasibəti olmayan ifaçı necə ola bilər? Axı peşəmiz də elə bunu tələb edir. Bir neçə azərbaycanlı həmkarım var ki, onların fikirlərinə tamamilə etibar edirəm, onlardan biri bəstəkar Fərəc Qarayevdir, digər tənqidlərə isə sakit yanaşıram, çünki bu, olduqca normal haldır.

- Olqa, Siz dəfələrlə Azərbaycanda olmusunuz. Azərbaycan mentaliteti necədir?

- Bəli, mən dəfələrlə Azərbaycanda olmuşam, bakılı dostlarımın köməyilə ölkənin həyatı və mədəniyyəti ilə böyük məmnuniyyətlə tanış olmağa və onu qavramağa çalışıram, üstəlik, məndə çoxdan belə bir təəssürat yaranıb ki, mən bir manatım belə olmadan Bakıya uça bilərəm, həm də heç nəyə baxmayaraq, nə evsiz, nə də ac qalmaram. Bəzi naməlum səbəblərdən şəhərdə tək qalmalı olsam və yanımda dostlarım və tanışlarım olmasa belə, Bakı özü məni ipək örpəyinə bürüyəcək. Bütün bu dəyərlərin hamısı mənim doğma Azərbaycanımdır!

Seçilən
121
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1038
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
678
Sabah 5 kəndin qazı kəsiləcək
502
Bu yol qovşağında təmir işləri aparılacaq
456
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
417
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
281
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
265
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
238
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
213
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
209
Çingiz Mustafayevin toyudur - FOTOLAR
166
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
157
Bakıda 9 otaqlı evdə yanğın baş verib
157
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
153
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
111
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
103
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
73
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
70
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
69
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
62