AZ

Toni Kroos: “Bayern”lə oyunda “Real” heç-heçəyə layiq idi”

“Real”ın yarımmüdafiəçisi Toni Kroos UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, alman mütəxəssis 2:2 hesabıyla başa çatmış oyundan sonra bunları dilə gətirib:

“Oyun gərgin keçdi, hər iki komanda fərqli keyfiyyətdə mərhələlər yaşadı. Qəribəsi odur ki, bütün qollar digər komanda daha yaxşı oynayanda vurulurdu. Bu, meydanda fərdi keyfiyyətli oyunçular olanda baş verir. Düşünürəm ki, heç-heçəyə layiq idik, amma əlbəttə ki, evdə finala vəsiqəmizi təmin edəcəyimizə əminik”, deyə Kroos əminliklə bildirib.

Xatırladaq ki, cavab oyunu mayın 8-də “Santyaqo Bernabeu”da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Toni Kroos “Real”a 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində məhz “Bayern”dən keçib. Alman yarımmüdafiəçinin “kral klubu” ilə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kross “qaymaqlılar”ın heyətində 43 oyuna 1 qol vurub, 8 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 460 oyun, 28 qol, 97 məhsuldar ötürmə.

Yarımmüdafiəçi “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 3 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 4 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku – cəmi 21 qəniməti var.

“Hanza Rostok”un yetirməsi olan təcrübəli alman futbolçu “Real”a qədər ölkəsində “Bayern” və “Bayer” klublarının formasını geyinib.

Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 108 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni “bundestim”lə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla