AZ

Beynəlxalq ekspert: Bərpaolunan enerjiyə keçid Azərbaycan və Qırğızıstan üçün mühüm imkanlar yaradır -MÜSAHİBƏ

Beynəlxalq

Bakı, 1 may, AZƏRTAC

Azərbaycanın Mərkəzi Asiya ilə, o cümlədən regionun türkdilli dövlətləri ilə getdikcə fəallaşan əlaqələri yeni geosiyasi reallıqlara uyğun inkişaf edir və strateji xarakter alır. Qırğız Respublikası, Qazaxıstan, Özbəkistan və Türkmənistanla əlaqələr milli-mənəvi maraqlara sadiqliyi ilə seçilir. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana bu yaxınlarda səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsində mühüm mərhələ olub. Mövzu ilə bağlı bu ölkənin Joqorku Keneş (parlament) Aparatının sabiq rəhbəri, dövlət və bələdiyyə idarəetməsi sahəsində, MDB ölkələri üzrə ekspert Şabdanbek Alışev AZƏRTAC-ın suallarını cavablandırıb.

- Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana səfər edib və bu səfər zamanı bir sıra sazişlər imzalanıb. Bu səfərin nəticələrini necə qiymətləndirirsiniz? Səfər ikitərəfli iqtisadi əlaqələrin inkişafına necə təsir edəcək?

- Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-25-də Azərbaycana dövlət səfəri hər iki ölkənin tarix kitablarına salınacaq. Bu səfərin əsas aspekti Qırğızıstanla Azərbaycan arasında dərinləşdirilmiş strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Birgə Bəyannamənin imzalanması olub. Bu, xalqlarımız arasında hər iki dövlətin strateji perspektivlərini müəyyən edən yeni addımdır. Bütövlükdə, prezidentimizin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış ikitərəfli sazişlərin bütün paketi əməkdaşlığın yeni miqyasını nümayiş etdirir. Qırğızıstanın Azərbaycanın Ağdam rayonunda məktəb tikintisi təşəbbüsü böyük əhəmiyyət kəsb edir. Ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq bu xarici siyasət təşəbbüsü prezident Sadır Japarov tərəfindən həyata keçirilir. Beləliklə, Qırğızıstan Prezidentinin Azərbaycana səfər proqramından da göründüyü kimi dövlət səfəri ikitərəfli münasibətlərin ən yüksək səviyyəsini əks etdirir - Bakı və Bişkek ikitərəfli əməkdaşlığın səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə üstünlük verirlər. Artıq yeni konturlar müəyyən edilib, sənədlər paketi imzalanıb, konkret razılaşmalar əldə olunub. Və konkret nəticəyə ciddi diqqət yetirildikdə, bütün planlar vaxtında və ən yüksək səviyyədə həyata keçiriləcək.

- Səfər zamanı iş adamlarından çoxlu müraciətlər daxil olduğundan Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitinin artırılması qərara alınıb. Ölkələrimiz arasında investisiya sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaiti 100 milyon dollara çatdırılıb. Fondun Qırğızıstanda fəaliyyətə yeni başladığını nəzərə alsaq, fikrimcə bu, görünməmiş addımdır. İş adamlarının müraciətlərinin sayının artması Qırğızıstanın Azərbaycanın investisiya yanaşmasına böyük inamından xəbər verir. Bundan əlavə, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin gələcəkdə dəfələrlə artacağına əminəm. Bunu Qırğızıstanda həyata keçirilməsi planlaşdırılan layihələrin siyahısı, o cümlədən Azərbaycan tərəfinin İssık-Kul gölünün sahilində beşulduzlu otel tikməsi də sübut edir. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında saziş Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanıb. Fond Qırğızıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın təşviqi, sənayenin modernləşdirilməsi və inkişafı, ikitərəfli iqtisadi əməkdaşlığın səmərəli istifadəsi və genişləndirilməsi məqsədilə yaradılıb.

- Görüşdə Qırğızıstanın böyük potensialı və Azərbaycan şirkətlərinin bərpaolunan enerji sahəsində işləməyə marağı qeyd olundu. Ölkələrimizin bu istiqamətdə əməkdaşlığı barədə nə deyə bilərsiniz? Alternativ enerji resurslarının inkişafı Azərbaycan və Qırğızıstanın iqtisadiyyatına necə təsir edəcək?

- İlk növbədə, Azərbaycan neft emalı sənayesinin inkişafına görə öz regionunda liderdir. Ölkəmizin cənubundakı neft və qaz hasilatı məntəqələrinin müasirləşdirilməsi imkanlarımızı nəzərə alaraq, bu aspekt Qırğızıstan üçün vacibdir. Eyni zamanda, mən tam əminəm ki, Azərbaycan tərəfi hidroenergetika sənayesi layihələrində iştirakda çox maraqlıdır. İlk növbədə, təbii ki, bu, Kambarata SES-1 layihəsinin həyata keçirilməsi, eləcə də Qırğızıstanda bir sıra kiçik su elektrik stansiyalarının tikintisidir. Bundan əlavə, bərpaolunan enerjiyə keçid həm Azərbaycan, həm də Qırğızıstan üçün mühüm iqtisadi və ekoloji imkanlar yaradır.

- Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması perspektivləri nədən ibarətdir?

- İkitərəfli ticari-iqtisadi əlaqələrimiz birbaşa siyasi əməkdaşlığın səviyyəsindən asılıdır. Əminəm ki, prezident Sadır Japarovun bu səfərindən sonra ticarət dövriyyəsinin intensivləşməsi göz qabağında olacaq. Bundan başqa, danışıqlar zamanı iqtisadi və humanitar əməkdaşlıq üzrə Qırğızıstan-Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bu görüşdə iqtisadi əməkdaşlığımıza mane olan bütün məqamlar müzakirə olunacaq. Biz kənd təsərrüfatı məhsullarının tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirik. Hər kəsə məlum olduğu kimi, Qırğızıstanın kənd təsərrüfatı məhsulları yüksək keyfiyyətə malikdir. Biz 2030-cu ilə qədər ölkələrimiz arasında ticarət dövriyyəsinin 500 milyon dollara yaxın səviyyəsini təmin etməyi hədəfləyirik. Sürətlə inkişaf edən ikitərəfli münasibətlər Qırğızıstan ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin qurulması və genişləndirilməsi üçün ən yaxşı imkanlar yaradıb. Ortamüddətli əsasda aktiv işi təmin etmək üçün 2029-cu ilə qədər dövlətlər arasında zəngin əməkdaşlıq proqramı hazırlanıb. Bu proqrama bütün perspektivli istiqamətlər - ticarət dövriyyəsinin artırılması, nəqliyyat əlaqələrinin inkişafı, maliyyə-bank, mədəni, humanitar və digər sahələr daxildir.

- İki ölkə arasında işgüzar əlaqələrin genişləndirilməsi üçün daha hansı addımlar atılmalıdır?

- İlk növbədə, ölkələrimiz Qırğızıstan və Azərbaycanın işgüzar dairələrinə yardım üçün real alət yaradıblar. Məncə bu, Azərbaycan-Qırğızıstan İnkişaf Fondudur. O, təkcə perspektivli layihələr üçün maliyyə mənbəyi deyil, həm də ikitərəfli işgüzar əlaqələrin təşkili üçün platformadır. Mən Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədri Almaz Məmbətovla tanışam, o, iqtisadi menecer kimi nadir müşayiət olunan keyfiyyətlərə malik təcrübəli dövlət xadimidir. Fikrimcə, ölkələrimiz arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addımlar bu fondun platformasında həyata keçirilməlidir. Ötən il iyulun 26-da İssık-Kul vilayətinin Bosteri kəndində Qırğızıstan-Azərbaycan biznes forumu keçirilib və bu, hər iki ölkənin iş adamları arasında işgüzar əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaradıb. İnvestisiya üçün prioritet sahələr siyahısına aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, qaz sənayesi, geyim və toxuculuq sənayesi, mədənçıxarma və metallurgiya aiddir.

- Qırğızıstan və Azərbaycan nəqliyyat sektorunda fəal əməkdaşlıq edir. Ölkələrimiz qeyd olunan sahədə hansı mühüm layihələr həyata keçirib?

- Regional səviyyədə infrastruktur layihələri özlüyündə çox perspektivli iqtisadi istiqamətdir. Eyni zamanda, Qırğızıstan kimi kontinental ölkələrin Xəzər dənizinə çıxışı daha geniş bazar üçün yeni körpü olacaq. Qırğızıstan üçün bütövlükdə Trans-Qafqaz marşrutu çox böyük və cəlbedici perspektivlər açır. Qırğızıstanın qabaqcıl iqtisadi sahələri - toxuculuq sənayesi və kənd təsərrüfatının belə logistik marşruta ciddi ehtiyacı var. Birincisi, bu, potensial ixracatçı ölkələrin coğrafiyasını genişləndirəcək, ikincisi, Qırğızıstan və Azərbaycanın regional miqyasda həyata keçirə biləcəyi yeni infrastruktur layihələri yaranacaq. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yollarının tikintisi həyata keçirilir. Xəzər dənizindən, Mərkəzi Asiyadan keçən marşrutun Avropaya cəlbedici olması üçün rəqəmsallaşma baxımından nəqliyyat marşrutlarının əlaqələndirilməsi üzrə məsləhətləşmələrə başlamaq lazımdır.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 3,8 dəfə və ya 17,3 milyon dollar artaraq 23,3 milyon dolları üstələyib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, cari ilin ilk rübündə Azərbaycandan Qırğızıstana 20,8 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 4,9 dəfə və ya 16,6 milyon dollar çoxdur. Azərbaycanın Qırğızıstandan idxal etdiyi məhsulların dəyəri isə 42,9 faiz və ya 769,9 min dollar artaraq 2,56 milyon dollar təşkil edib. Cari ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Qırğızıstanla ticarətin payı 0,24 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,19 faiz bəndi üstələyir.

 

Seçilən
92
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21148
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19327
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18265
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17678
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16861
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16667
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16100
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15510
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11992
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11268
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9145
"Zaur, yenə çaşdın..." - VİDEO
8872
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8344
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8004
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7520
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7162
Minimum əmək haqqı nə qədər arta bilər?
7091
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6362
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5768