AZ

Saç qurutma maşını (mətin və audio)

 

    Yaşadığımız bu müasir dövrdə təsəvvür edə bilirsinizmi, çimdikdən sonra soba borusundan gələn isti hava ilə yaş saçları qurutmaq olub?  

  Düşünərkən belə ağlımıza sığmayan bu qəribə görüntü 150 il əvvəl gündəlik həyatın normal bir hissəsi idi. Xüsusilə sənaye inqilabından sonra böyük şəhərlərdə getdikcə daha çox iş həyatına, izdihama qarışan qadınlar səliqəli saçla ortaya çıxmaq istəyirdi. London, Paris kimi yağışlı və rütubətli şəhərlərdə yaş saçların yaratdığı baş ağrısı, miqren, sinüzit kimi xəstəliklər bütün insanların ortaq düşməninə çevrilirdi.

  İlk vaxtlar saç qurutma problemi sadə yollarla həll edilirdi: açıq od və ya sobanın kənarında dayanaraq saçları qurutmaq məlum olan ən sadə üsul idi. Lakin baş ağrısından əziyyət çəkən fransız stilist Aleksandr-Ferdinand Qodfruaya (Alexander-Ferdinand Godefroy, 1852-1933) təsadüfən də olsa, qaz sobasından çıxan isti havanı bir boru köməyilə yaş saça yönləndirmək fikri gəldi. Bunun üçün qaz sobası, isti havanı yönləndirmək üçün təmiz boru və ucunda incə başlıq lazım idi. Beləliklə, indi hər evin hamamında rast gəlinən saç qurutma maşınının tarixi bu gün bizə sadə görünən belə bir fikirdən yarandı.

  Aleksandr-Ferdinand Qodfrua bu ideyanı 1890-cı ildə layihəyə çevirdi və tarixdə məlum olan ilk saç qurutma maşınını icad etdi. Proses sadə idi: saçını qurutmaq istəyən şəxs oturur, sobadan çıxan isti hava boru və başlıq vasitəsi ilə müştərinin saçına yönəldilirdi.

  10 il ərzində təkmilləşdirilən və 1900-cü ildə yeni şəkildə meydana çıxan ilk salon tipli saç qurutma maşını bərbərlər tərəfindən istifadəyə verilincə parexmaxerlik sahəsində yeni bir dövr açıldı. Mühəndislər tərəfindən sürətlə inkişaf etdirilməyə başlanan saç qurutma maşınları ilk dövrlərdə çox böyük, bahalı və tez qızdığı üçün səmərəli deyildi.

  1920-ci illərdən etibarən bərbərlər öz müştərilərinə sağa-sola, qabağa-dala döndərilməsi mümkün olan yeni saç qurutma maşınları ilə xidmət göstərə bildilər.

  İlk dəfə 1911-ci ildə bir istehsal şirkəti tərəfindən patentləşdirilən və “salon tipi saç qurutma maşını” adlandırılan makina 70-ci illərə qədər çox da dəyişmədi. Yəni saç qurutma maşınları hələ böyük idi.

  Evdə saç qurutma cəhdləri də 1920-ci illərdə başladı. Mühəndislərin təkmilləşdirmə səyləri zamanla nəticə verdi və 70-ci illərdən etibarən saç qurutma maşınları lüks şəkildə olmasa da, evlərin hamamlarında öz yerini tutdu.

  Bu gün bir çox şirkətlər müxtəlif ölçülərdə və rənglərdə saç qurutma maşınları istehsal edir. Biz də istədik ki, bu ixtiranın necə yarandığı və günümüzə necə gəlib-çatdığına dair qısa da olsa, məlumat verək.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
Mənbələr
Şərh ()
Bağla