AZ

"Bu formada saqqalla mübarizə aparmaq olmaz" - Deputatdan AÇIQLAMA

Bir neçə gün əvvəl Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bunun səbəbi isə saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub.

Məlumdur ki, ölkəmizdə insanın geyimindən, saqqallı, ya da hicablı olmasından asılı olmayaraq, təhsil almaq hüququ var. Ancaq müxtəlif zamanlarda hansısa ali məktəbin bu cür qadağaları ilə rastlaşırıq.

Mözvu haqqında Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü deputat Ceyhun Məmmədov dedi ki, bu cür məsələlər əslində mövcud sənədlərlə, nizamnamələrlə tənzimlənir:

"İnanmıram ki, bu məsələdə hansısa qanuni baxımdan, hüquqi baxımdan əsas olsun. Adətən universitetlər özləri bu cür qərarları qəbul edirlər və görünür, bunun da əsas hədəfi və məqsədi bu cür halların qarşısının alınmasıdır. Mən isə gənclərin kütləvi formada saqqal saxlamasının tərəfdarı deyiləm. Yəni bu gün gənclərin mütləq əksəriyyəti saqqal saxlayır, saqqal saxlamaq da rahatdır. Biri var, hər gün durub üz qırxasan, biri də var ki, həftələrlə üz qırxmayasan. Yəni bunu o qədər də yaxşı hal saymıram. Gənclərin kütləvi saqqal saxlaması tendensiyası təəssüf ki, artır. İndi bəzi dindar insanlar var, din xadimləri var, onlar bunu edirlər, dinə görə edirlər. Amma ümumi kütləvi şəkildə bu hal normal hal deyil. Universitetlərə gəldikdə isə, hesab edirəm ki, bu cür məsələlər mövcud sənədlərlə, mövcud qaydalarla tənzimlənməlidir. Əgər universitetlər bunu etmək istəyirlərsə, hansısa bir sənəd olmalıdır, hüquqi normativ akt olmalıdır. Bu formada saqqalla mübarizə aparmaq, hesab edirəm ki, ətrafda birmənalı qarşılanmır. Ona görə bu kimi məsələlərdə universitetlərimiz diqqətli olmalıdır".

Humay İSGƏNDƏRLİ

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla