AZ

Ponomaryov: “Sabah” bu çətin vəziyyətdən başıuca çıxmağı bacardı” - MÜSAHİBƏ

Misli premyer-liqasında 32-ci tur arxada qalıb. Mübarizə son və həlledici mərhələyə qədəm qoyub.

Çempionun adı, eləcə də sonuncu yerin sahibi müəyyənləşdiyindən əsas sual medalçılar, avrokuboklara vəsiqə ilə bağlıdı. Hazırda 2-4-cü yerlər uğrunda 6 komanda – “Neftçi”, “Zirə”, “Sumqayıt”, “Sabah”, “Turan Tovuz” və “Səbail” mübarizə aparır.

“Sabah” 32-ci turda “Səbail"i məğlub edəndən sonraturnir cədvəlinin 5-ci pilləsində yer alıb. Komanda 30-cu turda “Qarabağ”ı evdə, 31-ci turda "Kəpəz"i səfərdə evdə üstələmişdi. Hazırda "bayquşlar”ın avrokuboklar uğrunda mübarizədə şansı artıb. Xatırlatmaq yerinə düşər ki, 2 ay əvvələ qədər Masazır təmsilçisinə rusiyalı mütəxəssis Murad Musayev başçılıq edirdi. Onun istefasından sonra xorvatiyalı çalışdırıcı Krunoslav Renduliç komandanı 7 turda meydana çıxarıb. Bu oyunların 5-i qələbə, 2-si isə məğlubiyyətlə bitib. Belədə sual yaranır: Renduliç “bayquşlar”a növbəti dəfə avrokubok həyəcanı yaşada biləcəkmi? “Sabah”ın idman direktoru İqor Ponomaryovla söhbətdə bizi maraqlandıransuallara cavab tapmağa çalışdıq.

- “Sabah”“Kəpəz”lə matçda vacib 3 xalı qazana bildi. Komandanın çempionatda bütün rəqibləri məğlub edə bilməsinin sirri nədi?
- Çox vacib 3 xal qazandıq. Əlbəttə, hamımız gözəl oyun, hücum, topa nəzarət və s. görmək istəyirik. Amma indi 3 xal qazanmaq və avrokuboklara vəsiqə uğrunda mübarizən davam etdirmək daha vacibdi.

- “Sabah” çempion “Qarabağ”ı da məğlub etdi. Amma kubok oyununda bu komandaya 1:7 uduzmuşduz.
- Bu ki ”Qarabağ” üzərində ilk qələbəmiz deyildi. Son 3 oyunda komandamız ”Qarabağ”la çox yaxşı mübarizə aparıb, 10 qol vurub. Razıyam, belə rəqibə qarşı oynamaq həmişə motivasiyalı və maraqlı olur. Ümumiyyətlə, bütün komandalar özündən yüksək pillədəki rəqiblərə qarşı daha motivasiyalı olurlar.

- Sizcə, bu ilki çempionat daha gərgin keçir? “Sabah”ın cari mövsümdəki çıxışını əvvəlki illərlə müqayisədə necə dəyərləndirirsiz?
- “Qarabağ” bu gün artıq 1-ci yeri təmin edib. Qalan üç yer, avrokuboklara düşmək üçün gərgin mübarizə gedir. Bildiyiniz kimi, biz mövsümə yaxşı başlamadıq. Ona görə də indi itirilmiş xalları kompensasiya etməyə çalışırıq. Bu da hər oyunda bizdən əlimizdən gələnin ən yaxşısını etməyi tələb edir. Xal itirə bilmərik. Komandanın mövsümün gedişində qərarlaşdığı 8-ci yerdən yüksəlməsi heç də asan deyildi. Oyunçular, məşqçilər korpusu öz işinə məsuliyyətlə yanaşır. Bunu dəyərləndirməmək olmaz. Bu mövsüm əvvəlkindən daha gərgin keçir. Təkcə biz yox, başqa komandalar üçün də.

- Hazırda komandanız 5-ci pillədə yer alıb. Mövsümün sonunda “Sabah”ın hədəfi nədi?
- Əsas məqsəd çempionatı ilk “üçlük”də başa vurmaq, avrokuboklara vəsiqə qazanmaqdı.

- Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalardan kimi özünüzə əsas rəqib görürsüz?
- Hər birini. Hər şeyə qarşıdakı 4 oyunda aydınlıq gələcək.

- Baş məşqçidən gözləntiniz nədi?
- Renduliç həm yaxşı insan, həm də yaxşı mütəxəssisdi. Onun futbola öz baxışı, ideyaları var. Qalan hər şeyi zaman göstəcək. Biz klub olaraq, ona inanır, qarşısına qoyulan hədəflərə çatmaqda uğurlar arzulayırıq.

- İllərin təcrübəsinə söykənərək bugünkü “Sabah”ı necə qiymətləndirirsiz?
- Mövsümün gedişində, baş məşqçi istefa verəndə komanda 8-ci pillədə qərarlaşmışdı. Amma “Sabah” bu çətin vəziyyətdən başıuca çıxmağı bacardı. Bu gün avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdiririk. Məncə, bu, “Sabah”ın gücünü göstərir. Komandamızın qarşıya qoyulan hədəfə çatacağına inanıram.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla