AZ

Rey Manay “Sivasspor”un tarixinə düşdü

Türkiyə Super Liqasının 34-cü turunun “Konyaspor”la ev oyunu “Sivasspor”un hücumçusu Rey Manay üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, komandasının 1:0 hesabıyla qalib gəldiyi görüşdə Sivas təmsilçisinin qələbə qolunu məhz albaniyalı forvard vurub.

O, 86-cı dəqiqədə fərqlənməklə həm “Sivasspor”a 3 xal qazandırıb, həm də bu klubun tarixinə düşüb.

“Sivasspor” forması ilə Super Liqa mövsümünə damğasını vuran futbolçu qollarının sayını 18-ə çatdırıb. Bununla da Manay “qırmızı-ağ” forma ilə bir mövsümdə ən çox qol vuran futbolçu kimi adını “Sivasspor”un tarixinə yazdırıb. İndiyə qədər bu klubun formasını geyinən heç bir futbolçu bir mövsümdə bu qədər qola imza atmamışdı. Qarşıda hələ bir neçə tur olduğunu nəzərə alsaq, Manayın öz rekordunu daha da əlçatmaza çevirmək imkanı var.

Xatırladaq ki, Manaya qədər bu rekord 17 qol vurmuş Atif Şaheşuheyə məxsus idi. O, 2013/2014 mövsümündə Sivas təmsilçisinin rekordçusu olmuşdu.

Sivas klubunda daha öncə Maykl Eneramo 2011/2012 mövsümündə 15, Mehmet Yıldız 2007/2008 mövsümündə 14, Mustafa Yatabare 2019/2020 mövsümündə, Aruna Kone isə 2020/2021 mövsümündə 13 qol vurublar.

Manay Türkiyə Super Liqasının cari mövsümünün bombardirlər yarışında da üst sıralardadır. Cədvələ 21 qolla “Qalatasaray”ın hücumçusu Mauro İkardi başçılıq edir. “Fənərbaxça”nın hücumçusu Edin Dzeko 20 qolla ikincidirsə, Rey bu siyahıda 18 qolla üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, Rey Manay “Sivasspor”a cari mövsümün əvvəlində, 2023-cü ilin avqust ayında azad agent kimi gəlib. 27 yaşlı forvard Super Liqa təmsilçisinin heyətində bütövlükdə 32 oyuna çıxıb, 22 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Manay daha öncə “Albasete”, “Barselona” (B), “Spetsiya”, “Kremoneze”, “Qranada”, “Piza”, “Sampdoriya” (U-19), “Peskara”, “İnter”, “Uotford” kimi klublarda da forma geyinib. O, 2015-ci ilin noyabr ayında debüt etdiyi Albaniya milli komandasının heyətində 31 oyuna 6 qol vurub, 2 assist edib.

Bahar Rüstəmzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla