AZ

Sülh müqaviləsi üçün maneələr... –BİZİM ŞƏRH

Azərbaycan və Ermənistan arasında nəzərdə tutulan sülh müqaviləsi 2020-ci ilin noyabr ayından etibarən aktualdır. Həm tərəflər, həm vasitəçilər, həm də seyrçilər sülh müqaviləsinin olmasını lazımlı hesab edir.

Amma bütün bu istəklərə baxmayaraq 4 ilə yaxındır ki, bu barədə ancaq danışılır.

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə beynəlxalq beyin mərkəzləri nümayəndələri ilə görüşündə Azərbaycan və Ermənistanın bu gün sülhə çox yaxın olduğunu bildirib.

Prezidentin dediklərinin açması odur ki, sülh müqaviləsinə mane olan məqamlar artıq aradan qaldırılıb.

Bəs nə mane olurdu sülh müqaviləsinə və nələr aradan qaldırılıb:

BİRİNCİSİ – Qarabağ erməniləri. Ermənistan tərəfi 2020-ci ildən sonra sülh müqaviləsində Qarabağ ermənilərinin gələcək taleyinin təminat altına alacaq bəndin olmasını istəyirdi. Artıq Ermənistan bunu tələb etmir.

İKİNCİSİ – Ərazi bütövlüyünün və sərhədlərin qarşılıqlı tanınması. Artıq belə qarşılıqlı tanınma var və sərhədlərin müəyyənləşdirilməsi başlayıb. Tərəflər razılaşıblar ki,  sərhədlərin delimitasiya və demarkasiyası uzun proses olduğundan bunu sülhə mane olan fakt kimi qəbul etməsinlər.

ÜÇÜNCÜSÜ – Zəngəzur dəhlizi. Diplomatik mənbələrdən daxil olan məlumata görə tərəflər Zəngəzur dəhlizinin sülh gündəliyinə mane olmayacağına razılaşıblar və sülh sazişindən sonra kommunikasiyaların açılması prosesinə başlamaq niyyətindədir.

DÖRDÜNCÜSÜ – Ermənistan ana qanununda Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırılması. Baş nazir Nikol Paşinyan bu problemi referendum yolu ilə həll edəcəyini demişdi. Lakin Ermənistandakı son proseslər onu bu təklifi arxa plana keçirtməyə sövq elədi. Bəzi ekspertlər hesab edir ki, Nikol Paşinyanın bu addımı atmaqdan Qərb çəkindirib. Digər ekspertlər isə hesab edir ki, Azərbaycan bu düzəliş olmadan böyük sülh sazişi yox, çərçivə sənədi və yaxud da niyyət sənədi imzalamağa razılıq verə bilər. İmzalanan sənəd sülh sazişi olmasa da tərəflər arasında müəyyən məsələlərə aydınlıq gətirilməsinə və sülh prosesinin davam etməsinə vəsilə ola bilər.

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla