AZ

Ruslan İrqaşev: “Simonov karyerasının zirvəsinə yüksəlib”

“Nikita Simonov demək olar ideal görünürdü. Yəqin ki, bu, onun karyerasının ən yaxşı çıxışı idi”.

İdman.biz xəbər verir ki, bunu idman gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisi Ruslan İrqaşev deyib.

O, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmanın qarşılanma mərasimində Riminidə keçirilən Avropa çempionatında gümüş medal qazanan Nikita Simonovun tarixi nailiyyətini qiymətləndirib: “O, çalışırdı və bütün proqramı yerinə yetirdi. Dohada bəxtimiz gətirmədi ki, Olimpiadaya lisenziya qazanaq. İdmanda belə də olur. Deməli nəyi isə lazım olduğu kimi etməmişik. Çalışmağa davam edəcəyik. Avropa çempionatında Simonov çox yaxşı görünürdü, qızıla layiq idi. Amma biz olimpiya çempionu Elefterios Petruniasla mübarizə aparırdıq ki, rəqib də 7-ci dəfə Avropa qızılını qazandı. Burada insan faktoru da rol oynayır. Nikita gümüş əldə etdi. Amma əminəm ki, gələcəkdə Avropa çempionatında daha yüksək əyarlı medal üçün mübarizə aparacaq”.

İrqaşev idmançının ən yüksək formasında olduğunu bildirib: “Bizim Olimpiada üçün xüsusi hazırlıqlar var idi. O, pik səviyyəyə çatıb və lisenziya qazansaydı, olimpiya medalı qazanmaq üçün daha da artıracaqdı”.

Baş məşqçi yığmanın durumuna da toxunub: “Mənsur Səfərov, Rəsul Əhmədzadə kimi gənclər var. Onlar tədricən liderlərə yaxınlaşırlar. Amma onlar hələ çox çıxış etməli və təcrübə toplamalıdırlar. Ümid edirəm ki, zaman keçdikcə yaxşı səviyyəyə yüksələcəklər”.

Mütəxəssis qarşıdakı planlara da aydınlıq gətirib: “Yəqin ki, Nikita Simonov və İvan Tixonov indi istirahət edəcəklər. Onlar artıq 7 yarışa qatılıblar. Bu, çoxdur və idmançılar bərpa olunmalıdırlar. Gənclər isə yəqin ki, mayda dünya kubokuna yollanacaqlar”.

Zəki Feyzullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla