AZ

“Fikrini izah eləmək qabiliyyətinin artırılması üçün mütaliənin yeri əvəzsizdir” – QHT sədri

“Kitab oxumağın təhsilə, insan həyatına çox böyük təsiri var. Eyni zamanda dünyagörüşlərinə, insanın söz ehtiyatı qabiliyyətinə ciddi təsiri var. Müasir dövrlərimizi 20, 30 il əvvəlki dövrlə müqayisə etmək çətindir. Müasir texnologiyaların inkişafı, müasir qəzetlərin yayılması və kitaba olan marağı azaldıb. Bu obyektiv səbəbdir. Gənclər daha çox müasir texnologiyalardan istifadə edirlər. Telefonlarda həddən artıq çox vaxt keçirirlər. Amma istənilən halda əgər telefonlarda da, yaxud komputer vasitəsilə normal bir kitab və ya hər hansı elmi publistik əsər və yaxud bədii əsər oxunursa, bunu da normal qəbul edirəm. Amma düşünürəm ki, həmin o əyləncə xarakterli saytlarda, sosial şəbəkələrdə yaxın tutduqda keçirilən vaxt heç olmasa 10 %-ni ya virtual olaraq kitablarına və yaxud elə əyani kağız daşıyıcılarda kitablara sərf etsələr daha səmərəli olardı”.
Bu sözləri Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanda bu məsələdə ciddi problemin olmağını sübut eləmək üçün məsələn Rusiya və yaxud da Türkiyə televiziyalarında, küçədə keçirilən sorğularda əhalinin davranışı, əhalinin fikrini izah etmək qabiliyyətindən bu bariz görünür: “İnsanlar ciddi məsələlərlə, ciddi əsərlərlə, ciddi kitablarla tanış olmağa meyilli deyil. Rusiyada körpələr öz fikirlərini, necə də səlis, necə dəqiq izah edirlər. Bir azərbaycanlı olaraq bizim uşaqlar, hətta bizim gənclər, orta nəsil insanlar fikirlərini dəqiq, səlis ifadə etməyi bacarmadığını düşünürəm ki, bu da mütaliənin aşağı səviyyədə olmağından irəli gələn bir məsələdir”.
QHT sədri hesab edir ki, bu gəncliyin, gələcəyimizin daha yaxşı inkişaf etməsi, daha çox gözəl dil qabiliyyətinin olması, dünya görüşünün geniş olması üçün oxumağa görə böyük ehtiyac var: “Dünyagörüşünün olması çox vacibdir. Hesab edirəm ki, fikrini izah eləmək qabiliyyətinin artırılması üçün mütaliənin yeri əvəzsizdir. Bunu təbliğ eləmək lazımdır və bu məsələdə kütləvi informasiyaların, televiziyaların rolu geniş olmalıdır. Təəssüf ki, gənclərin ən çox əyləndiyi, davranışlarına, tərbiyəsinə, mədəniyyətinə təsir edən bəzi əyləncəli sosial şəbəkələr, insanları asan qazanmaq portalları var ki, bunlar insanın dünyagörüşü, insanın mədəniyyətinə təsir edən digər vasitələrdən uzaqlaşdırır”.
 
Pərvanə Fərhadqızı

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla