AZ

Rus Dram Teatrında “Voytsek” tamaşasının premyerası keçirilib

Bakı, 29 aprel, Tatyana İvanayeva, AZƏRTAC

XIX əsrin alman dramaturqu, alimi və şairi Georq Bühnerin eyniadlı yarımçıq qalmış pyesinin əsasında “Voytsek” tamaşasının premyerası Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində baş tutub. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

AZƏRTAC xəbər verir ki, pyes 1837-ci ildə yazılıb və 1879-cu ildə Karl Emil Franzoz tərəfindən əsaslı dəyişikliklər edilməklə nəşr olunub. Yazılmasından uzun illər sonra da aktual və həyəcanverici olan “Voytsek” öz bədii gücü və dərinliyi ilə tamaşaçıları heyrətləndirməyə davam edir. Yüz il əvvəl olduğu kimi, səhnədə cərəyan edən hadisələr insan qəddarlığının və çarəsizliyinin təbiəti haqqında hər kəsi ciddi düşüncələrə qərq edir. Təsadüfi deyil ki, tamaşa alman dramaturgiyasının ən böyük əsərlərindən biri kimi tanınaraq opera, müzikl və kino da daxil olmaqla, bir çox janrda işlənib.

Adi bir əsgərin hekayəsi, rejissorun planına görə, parçalanır və tamaşaçıya tibbi arayışdakı qısa qeyd kimi təqdim olunur və bu, qəhrəmanın bu dünyada güc nümayiş etdirməyə çalışanların əlində vasitəyə çevrildiyi proseslərə istinaddır. Tamaşaçıların gözləri önündə, mövcud şərait və qəddar reallıq səbəbindən cinayətə sürüklənən saf insanın faciəsi canlanır. Rüfət Əliyev yaratdığı Voytsek obrazında təkrarolunmazdır. Onun qəhrəmanı vətəndaş nikahında yaşadığı Mariyanın könlünü şad etməyə çalışır. Mariya rolunu aktrisa Olqa Arsentyeva ifa edir.

Zaldakı sürəkli alqışlar sübut etdi ki, tamaşada böyük əməyi olan Azərbaycanın əməkdar artistləri Timur Rəhimov və Murad Məmmədov, artistlər Rüfət Nəzərov, Ramil Əliyev, Tamerlan Abdullayev, Fatimə Əliyeva, Marina Litvinenko, Nadir Əbdürrəhimov, Zaur Terequlov, Fərid Bəhramov, Zaur İsgəndərov, Dilarə Nəzərova, Ruslan Pavlov, Cövhər Abdullayev rejissorun qarşılarına qoyduğu vəzifələrin öhdəsindən çox gözəl gəliblər.

Tamaşanın üzərində dekorasiyalar üzrə rəssam, Azərbaycanın əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, kostyumlar üzrə rəssam, Azərbaycanın əməkdar mədəniyyət işçisi Olqa Abbasova, bəstəkar Anar Yusufov, işıq üzrə rəssam Nikolay Rudıçev, xoreoqraf Olqa Arsentyeva, rejissor köməkçisi Lanita Afonina işləyiblər.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla