AZ

Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

Dövlət başçısı İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində keçirilən görüşlər, iştirak etdiyi “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı iki ölkənin münasibətlərinin dünəninə, bugününə və perspektivlərinə işıq saldı

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa ölkələri ilə əməkdaşlıqdır. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq dövrdə bu münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində keçirilən görüşlərdə müasir dövrün çağırışlarına uyğun olaraq müzakirə edilən məsələlər hazırda ölkə və dünya mətbuatında geniş təhlil edilməkdədir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Həmçinin Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi.

Hər bir səfər, tədbir malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqətində olub. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin və normal biznes mühitinin yaradılması iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynadı. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Həmin vaxtdan bugünədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. «Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş.» Dövlət başçısı İlham Əliyevin bu fikirləri Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunun təqdimatıdır.

 Qeyd etdiyimiz kimi, ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsinə və uğurlu sonluqla başa çatdırılmasına geniş yol açır. Əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirdi, çoxtərəfli əlaqələrin qurulması üçün imkanlar yarandı. Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Bu isə öz növbəsində 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Müqavilənin vaxtının 2050-ci ilə qədər uzadılması özündə ölkəmizin bu gününə və gələcəyinə olan inamı əks etdirir. Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirdikdə də bu məqam özünü qabarıq şəkildə büruzə verir ki, münasibətlər strateji tərəfdaşlıqdan etibarlı tərəfdaşa doğru inkişaf edir. 

Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, bu beynəlxalq təşkilatın üzvü olan ölkələrlə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi göz qabağındadır. Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz, həmçinin elektrik enerjisi ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır. Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Bugünümüzün reallıqlarından da göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.

2022-ci ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Ölkəmizlə qurum arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. O da məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan dövlətlərin üçdəbiri arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Bu, ölkəmizin dünyanın enerji təhlükəsizliyində rolunun, həmçinin dünyanın enerji xəritəsini dəyişmək imkanlarının göstəricisidir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı olan və nəzərdə tutulduğu vaxtda icrası başa çatan Cənub Qaz Dəhlizi layihəsində hazırda yeddi ölkə iştirak edir - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Göründüyü kimi bu nadir layihə çərçivəsində geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Ölkə Prezidentinin vurğuladığı kimi, Azərbaycan ixrac imkanlarını genişləndirmək istəyir. Avropada Azərbaycan qazına tələbat var. Avropa bazarı ölkəmiz üçün ən əlverişli bazardır. Hazırda TANAP-ın və TAP-ın genişləndirilməsi məsələsi günümüzün aktual məsələləri sırasındadır.

Dövlət başçısı İlham Əliyev Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı diqqəti ölkəmizin enerji diplomatiyasının uğurlarına yönəldərək bildirdi ki, neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır: «Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən Memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda, yaşıl gündəliyimiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb.»

Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb. Bu il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi. Yalnız cari il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat təşkil edəcək.

Azərbaycan bu il mötəbər tədbirə-COP29-a ev sahibliyi edəcək. Cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə, eyni zamanda, sözügedən tədbirdəki çıxışında əsas diqqət göstərilən məsələ məhz ölkəmizin COP29-a ev sahibliyi oldu. Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts mətbuata birgə bəyanatında da COP29 diqqət göstərilən əsas məsələ idi. «Cənab Prezident, Sizin bugünkü səfəriniz əsasən iqlim siyasəti çərçivəsindədir və Azərbaycan COP29-un sədrliyini üzərinə götürüb, yəni, ev sahibi olacaq. COP28 çərçivəsində Dubayda vacib qərarlar qəbul olundu. Deməli, 2030-cu ilə qədər bərpaolunan enerji üç dəfə, enerji səmərəliliyi iki dəfə artırılmalıdır, metan tullantıları azaldılmalıdır» söyləyən Olaf Şolts onu da qeyd etdi ki, 2030-cu ilə qədər Azərbaycanın enerji sektorunda külək, Günəş və su elektrik enerjisinin payını 30 faiz artırması çox gözəl bir xəbərdir. Yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar. Belə bir əminlik də ifadə edildi ki, Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində çox böyük rol oynayır və vacib tərəfdaşdır.

Reallıq budur ki, Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa İttifaqı ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Onu da qeyl edək ki, Prezident İlham Əliyevin Almaniyaya 2004-cü ildə gerçəkləşmiş ilk rəsmi səfərinin nəticələri əməkdaşlıq üçün daha böyük potensialın olduğunu bir daha təsdiqləmişdi. Səfər çərçivəsində imzalanmış bir sıra sazişlər iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açdı.

Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə də bu məsələlərə xüsusi diqqət yönəldildi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan tərəfi olub. Sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər Azərbaycan tərəfindən formalaşdırılıb və təqdim olunub. Azərbaycan tərəfi, həmçinin bunun əsasında sülh müqaviləsinin mətnini hazırlayıb. Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun dəstəyi ilə Ermənistanın baş naziri ilə keçirilmiş görüşü, bu görüş çərçivəsində də məhz delimitasiya və demarkasiya məsələlərinin, sülh gündəliyinin irəlilədilməsinə dair müsbət müzakirələrin olduğunu qeyd etdi. Prezident İlham Əliyev Qazaxıstan tərəfinin təklifi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə danışıqları davam etdirmələri üçün növbəti görüşün Qazaxıstanda təşkil olunacağını da diqqətə çatdırdı. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer qeyd etdi ki, Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyini yaxından dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.

Cənab İlham Əliyevin sözügedən səfərinin qısa təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, bu səfər Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq. Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun «Siz son 14 ay ərzində Almaniyaya dörd dəfə səfər etmisiniz. Sonuncu dəfə fevral ayında Münxen Təhlükəsizlik Konfransına gəlmişdiniz. Bu, onu göstərir ki, bizim müzakirə edəcəyimiz mövzular çoxdur» fikirlərinin davamı olaraq cənab İlham Əliyevin «Son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Mən keçən ilin mart ayında burada idim, iki ay bundan əvvəl biz Münxendə cənab Kansler ilə görüşmüşdük. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir» çağırışı iki ölkənin münasibətlərinin gələcək inkişafı barədə aydın təsəvvür yaradır.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla