AZ

Revanşistlər dayanmaq fikrində deyil

Tavuş bölgəsindən başlayan aksiyalar hazırda İrəvanda davam etdirilir

Məlum olduğu kimi, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasından sonra Ermənistanda başlayan etiraz aksiyaları ara vermir. Tavuş bölgəsindən başlayan aksiyalar hazırda İrəvanda davam etdirilir. Sosial şəbəkələrin ermeni seqmentinin paylaşdığı görüntülərdə separatçılar “Tavu!ş”, “artsax!” şüarları səsləndirərək separatçı rejimin əski parçasını qaldırmağa cəhd ediblər. Lakin əraziyə dərhal polis qüvvələri cəlb edilərək aksiyaçılar uzaqlaşdırılıb, bəziləri isə həbs olunub. Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan polisin artıq prosesləri hadisə yerindən işıqlandıran media nümayəndələrinə də güc tətbiq etməsi barədə məlumat yayıb. O, sosial şəbəkələrdə bununla bağlı video paylaşıb. “Polisin “New Day” media orqanının operatoruna və “LragirNews”un jurnalisti Ani Nerkararyana qarşı qanunsuz hərəkətləri hakimiyyətin mətbuat və media nümayəndələrinə münasibətinin ən yaxşı nümunəsi oldu", - o yazıb.

1991-ci ildə işğal olunan 4 kəndin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) delimitasiya prosesi çərçivəsində ölkəmizə qaytarılması Nikol Paşinyan hökumətinin “xəyanəti və satqınlığı” kimi qiymətləndirilir. Etiraz edənləri əsasən 3 qrupa bölmək olar. Etitazçıların bir hssəsi 20 il ərzində (1998-2018) Ermənistanı çapıb-talayan, onu vassala, asılı dövlətə çevirən və erməni cəmiyyətinin bu gün haqlı olaraq talançılar adlandırdığı keçmiş prezidentlər Robert Koçaryan və Serjik Sarkisyan tərəfdarları, onların parlamentdəki fraksiyalarına üzv olan deputatlardır. Digər hissəsi isə Paşinyan tərəfindən vəzifədən çıxarıldıqdan sonra müxalifət düşərgəsinə keçənlər, həmçinin 4 kənddə məskunlaşmış şəxşlərdir. Elə bir neçə gün öncə R.Koçaryanın parlamentdəki “Hayastan” fraksiyasına daxil olan deputatlar hayların “Voskepar” adlandırdıqları Yuxarı Əskipara kəndində olublar. Görüşdə çıxış edən “Hayastan”ın deputatı Lilit Qalstyan bildirib ki, ermənilərin başına gələn bəlalarda yalnız bir nəfər və onun manqurtları təqsirkardır. Qalstyan baş naziri nəzərdə tutaraq deyib: “O, bugünlərdə parlamentdə bildirdi ki, iki cür Ermənistan mövcuddur: Tarixi və real. Hətta, ən qorxulu yuxularımızda belə biz nə vaxtsa erməni xalqının öz soyundan bu qədər uzaqlaşmış bir nümayəndəsinin dünyaya gələcəyini görə bilməzdik. Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, onlar ötən 30 il ərzində vətənpərvər nəsil yetişdirdikləri üçün qalib gəliblər. Bəs bizim hazırkı hakimiyyət nə edir? Ermənistanda məhv edə biləcəyi hər şeyin axırına çıxıb”.

Qalstyan əlavə edib ki, Qarabağın və Ermənistanın vəhdəti hər zaman bizim dəyərimiz olub: “Bu gün isə hakimiyyətin əsas vəzifəsi Qarabağ səhifəsini bağlamaqdır. Hökumət Qarabağdan olanların yerləşdirilməsi məsələsini həll etməklə işini bitmiş hesab edir. İndi isə onlar Tavuşun kəndlərini (?) qaytarmaq həşirindədirlər. Nikol qorxaq və satqındır. Cəsarətli olmaq və mübarizə aparmaq lazımdır. Əks-təqdirdə biz dövlətçiliyimizi itirəcəyik.”

Hakimiyyətlə münasibətləri, yumşaq desək, sərin olan Erməni apostol kilsəsi də proseslərə qızışdırıcı təsir göstərməkdədir. Tavuşdakı etirazlara kilsənin vilayət yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın rəhbərlik etdiyini desək, yəqin ki, səhv etmərik. O, əhalinin 4 kənddən çıxmaması üçün xüsusi canfəşanlıq göstərir, onları müqavimətə səsləyir. Bir neçə gün öncə Yuxarı Əskiparada keçirilən mitinqdə çıxış edən Qalstanyan deyib ki, “Voskepar bizim üçün “qələbənin simvolu” olmalıdır: “Hakimiyyət nümayəndələri dəfələrlə bəyan ediblər ki, vətənin bir qarışını da güzəştə getməyəcəklər. Amma onlar “artsax”ı və digər əraziləri artıq təhvil veriblər. Bu adamlar ancaq yalan danışır, aldadır və öz xalqını terrora məruz qoyurlar. İndi onlar deyirlər ki, kəndlər Ermənistana məxsus deyil və biz onları qaytarmasaq, yeni müharibə başlaya bilər. Bu adamlar bizim “müqəddəs torpaqlarımızı” xarabalıq adlandırırlar. Demək istəyirəm ki, yeni müharibə başlasa, bunun təqsirkarı bütünlüklə indiki hakimiyyət olacaq. Ölkəni belə acınacaqlı vəziyyətə məhz onlar gətirib çıxarıblar. Bizə birləşmək və mübarizə aparmaq lazımdır. Ümid edirəm ki, bizim mübarizəmiz böyük hərəkata çevriləcək.”

Bu qüvvələr anlamırlar ki, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Ermənistanın düşdüyü acınacaqlı durumdan qurtulması üçün imkanlar yaranıb. Əgər burada indi də vəziyyət düzgün dəyərləndirilməzsə, onda məğlub ölkə daha ağır duruma düşəcək. Düzdür, postmüharibə mərhələsində Ermənistan höküməti də ozü də üçtərəfli sənədlərlə təsbit olunan müddəalardan boyun qaçırmağa çalışır və yaxud həmin sənədlərlə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməkdən ötrü müəyyən şərtlər irəli sürüblər. Lakin müharibənin məğlub tərəfi olan Ermənistan elə vəziyyətdə deyil ki, şərtlər dili ilə danışsın. Bu ölkə cinayət törədib, böyük iqtisadi və humanitar fəsadlara yol açan müharibənin başlamasına rəvac verib. Bütün bunlardan sonra məğlub ölkənin şərtlər dili ilə danışmağa və ya hansısa tələb irəli sürməyə hansı haqqı və gücü var?

Sevinc Azadi, “İki sahil”

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla

Reytinq