AZ

Qərbi Azərbaycana qayıdacağıq!

Mən, Qasımova (Heydərova) Cahan Əmiş qızı 1958-ci il mayın 30-da Ermənistan SSR-in Sisiyan rayonunun Ağudi kəndində anadan olmuşam. Ailəmiz 6 nəfərdən ibarət olub.

Atam Qasımov Əmiş Süleyman oğlu, anam Əhmədova (Qasımova) Zeynəb Alməmməd qızı, qardaşım Süleymanov Əliş Əmiş oğlu, bacılarım Zülfiyeva Tamara Əmiş qızı və Muradova Hüsni Əmiş qızı. Mənim uşaqlığım və məktəb illərim o kənddə keçib, orta məktəbə orada getmiş və həmin məktəbi bitirmişəm, Bizim kəndimizdə ermənilər yaşamırdı. Kəndimiz Sisiandan 6 km aralıda yerləşirdi. Başqa kəndlərə gedən marşurutlar bizim kənddən keçirdi.

O zaman ermənilər bizi çox incidirdilər. Rayona gedəndə erməni dilində danışmayanda cavab vermirdilər, bizi “hayes-turkes” deyib daşa basırdılar, Novruz bayramlarımızı qara edirdilər, hər çərşənbələrimizdə işıqları söndürür, gecələrimizi zülmət edirdilər. Hətta istəyirdilər ki, azərbaycanlıları öldürsünlər, bəzən də öldürürdülər. Erməni sürücüləri olanda biz marşurutlara minə bilmirdik, gözləyirdik ki, nə vaxtsa azərbaycanlı sürücü gələcək. Bizi öz dillərində təhqir edirdilər, Bizim məktəbdə erməni dili keçilmirdi, ona görə də ermənilər bizi heç istəmirdilər. Kəndimizin qeyrətli sakinləri erməniləri kəndimizə buraxmırdılar. Anam bizə danışırdı ki, 1948-1953-cü illərdə ermənilər bizi köç edəndə Bərdə rayonunda məskunlaşdıq, amma orada isti iqlimə dözə bilmədik yenidən öz vətənimizə qayıtdıq. Bu, mənim uşaqlıq xatirələrimdir. Atam isə həmişə deyərdi ki, nə etsək (tiksək-qursaq) erməniyə qalacaq. Çox ümidsiz yaşayırdılar. Təəssüf ki, onlar həyatdan tez köçdülər (atam-anam və 40 yaşında qardaşım). Sonuncu qaçqınlıq onlara qismət olmadı. Onlar orada dəfn edildilər, öz vətənlərində qərib oldular. 35 ildir ki, məzarlarını ziyarət edən belə yoxdur. Qardaşımın ailəsi və bacılarım 1987-ci ildən qaçqın düşdülər, bunu izah etmək çətindir. Hər bir insanın yurdu, evi, əşyası, mal-qarası və s.saymaqla qurtarmaz, hamısını qoyub bir canını götürüb çıxmaq nə deməkdir, biz bilirik. Bizim ailəmiz zülmlə olsa da gəlib Sumqayıt və Bakıda məskunlaşdılar.

Mən Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Hal-hazırda Zaqatala rayonunun Bazar kənd V. Ağasıyev dına tam orta məktəbində tarix müəllimi və sinifdən xaric məktəbdənkənar direktor müavini vəzifəsində işləyirəm. Mənim bu rayonda məskunlaşmağımın əsas səbəbi Ermənistana göndərişin olmaması idi.

İllərdir çox əziyyət, ağrı-acılar çəkmişik. Doğma el-obamızdan qəddarlıqla, amansızlıqla didərgin salınmışıq, olmazın faciələri görmüşük, öz vətənimizdə qaçqın-köçkün kimi yaşamağa məcbur olmuşuq. Bir gözümüzlə gülsək də, o biri gözümüzlə hər zaman ağlamışıq. “Vətən” deyə-deyə ürəyimizdən qara qanlar axıtmışıq. Yurdu yuxuda görməyi özümüzə təskinlik bilmişik. Vətən həsrəti ilə dünyadan gözü açıq köçən əzizlərimizi doğma torpaqlarında dəfn edə bilməmişik..

İllərdir həsrətində olduğumuz, ürəyimizdə qubara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına qayıdışın arzusu, xəyal ilə yaşamışıq...

Doğma yurdundan qovulan, olmazın xilfətlərə düçar edilən, 35 ilə yaxındır qaçqın həyatı yaşayan vətəndaşlarımızın yenidən öz doğma ocaqlarına qayıdacaqları inamını içimizdə böyüdüb ölməyə qoymamışıq...

Bəzən gözləməkdən yorulmuşuq, uzun sürən intizardan bezmişik. Bəzən içimizdə inamsızlıq baş qaldırıb, əlimizi hər şeydən üzmüşük, Hətta Tanrıya belə üsyan etmişik. Amma qəlbimizdəki ümid qığılcımı heç vaxt sönməyib.

Biz bu günü çoxdan gözləyirik. Şükürlər olsun Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev 2022-ci il dekabrın 24-də bildirdi ki, babasının məzarını ziyarət edəcək, o torpaqları azad edəcək. Bunun sayəsində biz də vətənimizə dönüb həsrətimizə son qoyacağıq. Allah sizə nəsib eləsin.

Bu, bir övlad bir lider üçün ən böyük xoşbəxtlikdir.

Bu, bir xalq üçün ən böyük nailiyyətdir.

Bu, bir dövlət üçün ən şərəfli salnamədir.

Cahan Heydərova,
Zaqatala rayonu, Bazar kənd V. Ağasiyev adına tam orta məktəbin sinifdən xaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla

Reytinq