AZ

“Kocaelispor Gazetesi” Ramili yerə-göyə sığdırmadı

Türkiyə mətbuatı Ramil Şeydayevin “Kocaelispor”dakı çıxışını dəyərləndirib.

Millimizin qardaş ölkənin 1-ci liqasında çıxış edən üzvü yenidən təriflənib. “Kocaeli Gazetesi”nin yazarı Hakan Yazıcıoğlu futbolçudan bəhs etdiyi yazıda ona güvənməyin vacibliyini vurğulayıb:
“Ramilin karyerasına nəzər salanda nəhəng futbolçu olduğunu anlamışdıq. Əsas məsələ onun yeni komandada özünü hansı tərəfdən göstərəcəyi idi. O, əvvəllər performansıyla diqqəti çəksə də, növbəti matçlarda azarkeşləri məyus etdi. Halbuki “Kocaelispor” camiəsi ona böyük ümidlər bəsləyirdi. Təəssüf ki, Ramilin oyununda bir müddət durğunluq yaşandı. Təbii ki, bunda komanda daxilində yaşanan qruplaşmaların da payı var idi. Nəticədə zəngin və məhsuldar karyeraya sahib futbolçu gücünü vaxtında nümayiş etdirə bilmədi. Durum o həddə çatdı ki, onu çox sevinən, gəlişini bayram edən tərəfdarlar tənqidlərə başladı, hətta çoxu lağ etdi! İndi vəziyyət başqadı. Ərtoğrul Sağlam və Əngin Koyuncu getdi, Mustafa Gürsəl və Rəcəb Durul gəldi. Ardından Ramil Azərbaycan millisində çıxış edib geri qayıtdı. Bundan sonra hücumçunun əsl gücü ortaya çıxdı. Onda bir çox dəyişikliklərin olduğunu gördük. Bəli, etiraf edək ki, indi əvvəlkindən daha yaxşıdı. Mövsümün əvvəlindəki baxımlı oyununa indi qol vurmaqla, həmçinin komanda yoldaşlarının fərqlənməsinə kömək etməklə bəzək vurur. Ramilin gücünü son həftələrdə daha yaxşı görəcəyik. Buna əminəm. Onun komandaya çox faydası dəyəcək. Şeydayev uğurlarını davam etdirməlidi. Alınsa, “Kocaelispor”un əvəzedilməz oyunçularından biri olacaq!”


Türkiyəli həmkarımız millimizin hücumçusu haqda danışarkən fiziki durumunu da dəyərləndirib:
“İricüssəli və ağır futbolçudu. Belədə onun ləng və dəqiq olmaqda çətinlik çəkən biri olacağını düşünmək olardı. Lakin belə deyil. Çəkisinə baxmayaraq, qısa zamanda sürət yığır və rəqibləri aldatmaqda ciddi çətinliklə üzləşmir. Ən xoşagələn cəhəti isə yerlə verilən ötürmələri rahat qəbul edə bilməsidi. Onun bu barədə ustalığına şübhə etməyə dəyməz. İndi hər kəs Ramildən qollar və məhsuldar ötürmələr gözləyir. İnanırıq ki, Şeydayev gözləri yolda qoymayacaq”.

KƏNAN BAHADIR
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla