AZ

Tyaqo Silva “Çelsi”dən ayrılacağını bəyan etdi

İngiltərənin “Çelsi” klubunun braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva cari mövsümün sonunda “zadəganlar”dan ayrılacağını açıqlayıb.

Arena.az London təmsilçisinin rəsmi saytına istinadən, braziliyalı futbolçunun bu barədə açıqlamasını təqdim edir:

“Çelsi” mənim üçün çox şey deməkdir. Mən buraya cəmi bir il sərf etməyi planlaşdıraraq gəldim, amma dörd il qaldım. Bu klub təkcə mənim üçün deyil, ailəm üçün də önəmlidir.

Oğullarım “Çelsi”də oynayırlar, ona görə də “Çelsi” ailəsinin bir hissəsi olmaqdan çox qürur duyuram. Ümidvaram ki, onlar karyeralarını burada, bir çox oyunçunun bir hissəsi olmaq istədiyi klubda davam etdirə bilərlər.

Düşünürəm ki, dörd il ərzində hər şeyimi verdim. Amma təəssüf ki, hər şeyin başlanğıcı, ortası və sonu var. Bu, son olduğunu bildirmir. Ümid edirəm ki, yaxın gələcəkdə ən azından fərqli bir rolda qayıda biləcəyim üçün qapını açıq qoyacağam.

Amma mənim sevgim sözlə ifadə olunmazdır. Mən yalnız təşəkkür edə bilərəm. Ən adi şəraitdə belə, vidalaşmaq çətindir, amma qarşılıqlı sevgi olduqda daha da çətindir. Amma bir dəfə “mavi” – həmişəlik “mavi”. Gedənlərə və bir daha geri dönməyənlərə əlvida deyin. Bir gün qayıtmaq fikrindəyəm”, deyə Silva vurğulayıb.

151 oyun, 9 qol, 3 assist

Tyaqo Silva 2020-ci ilin avqustundan “Çelsi”də çıxış edir. Braziliyalı müdafiəçinin “zadəganlar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Silva “zadəganlar”ın heyətində bütün yarışlarda 34 oyun keçirib və 4 qol vurub. Müdafiəçisinin “Çelsi” karyerasının ümumi mənzərəsi isə belədir: 151 oyun, 9 qol, 3 məhsuldar ötürmə.

2005/2006 mövsümündə Moskva “Dinamo”suna transfer edilmiş Tyaqo ağır vərəm xəstəliyinə tutulmasına və futbolla vidalaşmaq təhlükəsinə rəğmən, dəhşətli xəstəliyə qalib gələrək yaşıl meydanlara dönməyi bacarıb. “Bədheybət” ləqəbi ilə məşhur olan futbolçu “Fluminense”, “Milan” və PSJ-də də uğurla çıxış edib.

Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

“Transfermarkt” internet-portalı 39 yaşlı futbolçunun tansfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
43
40
Mənbələr
Şərh ()
Bağla