AZ

ADP İdarə Heyəti ABŞ-dan gələn zəngə münasibət bildirdi

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
 
İclasda Türkiyə - Rusiya monitorinq qrupunun özünü buraxması alqışlanıb. Qeyd edilib ki, bu hadisə də onu təsdiq edir ki, Azərbaycanın Qarabağ bölgəsində artıq terrorizm təhlükəsi yoxdur, erməni separatist hərəkatı başa çatıb və Rusiya silahlı kontigentinin bizim ölkəmizdə qalmasına heç bir bəhanə qalmayıb. 
 
Azərbaycan Prezidentinin Moskva səfərinə diqqət çəkən ADP İH Rusiya prezidentinin cəhdlərinə baxmayaraq BAM-ın Azərbaycanın maraqlarına cavab verməməsinin vurğulanması və ölkəmizin İpək yolu və şimal-cənub marşurutlarına üstünlük verməsinin nümayiş etdirilməsini təqdir edib. Qeyd edilib ki, Rusiya ilə yalnız qarşılıqlı faydalı əməkdaşlıq modelində münasibətlərin davam etdirilməsi milli maraqlarımıza uyğundur. 
 
Həmçinin İlham Əliyevin Almaniya səfərinə toxunan İH üzvləri bu səfərin Avropa İttifaqının əsas dövləti olaraq Almaniya ilə çoxtərəfli siyasi-iqtisadi əlaqələrinin inkişafı baxımından önəmini qeyd ediblər. Qeyd edilib ki, Almaniya ilə əlaqələrimizin inkişafı xalqımızın gələcək siyasi maraqları baxımından xüsusilə önəmlidir.
 
Ölkənin quru sərhədlərinin bağlı saxlanmasının səbəblərinin birinci şəxsin dilindən eşidilməsinə rəğmən, hətta təhlükəsizlik maraqlarını qorumaq naminə olsa belə vətəndaşlarımıza maddi-mənəvi ziyan vurulmasına haqq qazandırmağın mümkün olmadığı iclasda bir daha qeyd olunub. Bildirilib ki, ən azı vətəndaşlarımızın ən çox səfər etdiyi Türkiyə və Gürcüstanla olan quru sərhədləri tezliklə açılmalıdır.
 
Qırğızıstan Prezidentinin Azərbaycan səfərinə toxunan İH üzvləri son zamanlar ölkəmizə Orta Asiyanın türk respublika başçılarının səfərlərini yüksək dəyərləndiriblər və qardaş ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələrimizin yüksələn xətlə inkişaf etməsinin mühüm əhəmiyyətini qeyd ediblər. 
 
ADP İH-də ABŞ-ın dövlət katibi A.Blinkenin İ.Əlyev və N.Paşinyanla son telefon danışıqlarına da münasibət bildirilib. ABŞ rəsmisinin Azərbaycan və Ermənistanın sülh razılaşması istiqamətindəki səylərə, regiondakı vəziyyət və insan hüquqları məsələlərinə obyektiv mövqeyi alqışlanıb və bunlar ABŞ-ın regionda sülhdə maraqlı olmasının təzahürü kimi dəyərləndirilib. Eyni zamanda partiya İH Azərbaycan hakimiyyətini ABŞ-la münasibətləri daha da inkişaf etdirməyə çağırıb. 
 
ADP İH-də Qubad İbadoğlunun həbsdən azad edilməsi alqışlanıb və digər siyasi məhbusların da həbsdən azad edilməsinin vacibliyi bir daha vurğulanıb. 
 
“28 Aprel” Azərbaycanın Rusiya tərəfindən işğalının ildönümü ilə bağlı məsələyə diqqət çəkən partiya yetkililəri bu işğalın xalqımıza vurduğu ağır zərbələrin təsirini hələ uzun müddət unutmağın qeyri mümkün olduğunu qeyd ediblər. Həmçinin qeyd edilib ki, işğalçı ölkə Azərbaycandan həmin vaxt soyğunçuluqla apardığı çoxlu miqdarda maddi mədəniyyət nümunələrini hələ də qaytarmayıb və xalqımıza vurduğu maddi-mənəvi ziyana görə üzr istəməyib. Bildirilib ki, xalqımız bu işğalın nəticələrini heç bir zaman unutmamalı və imkan düşdükcə ən yüksək səviyyədə Rusiya dövlətinə bunu xatırlatmalıdır.
 
ADP İH-də Gürcüstanda və Ermənistanda siyasi vəziyyətin getdikcə gərginləşməsindən narahatlıq ifadə olunub və bu ölkələrdə aşkar şəkildə kənardan qızışdırılan siyasi gərginliyin artmasının bütün region üçün təhlükəli nəticələrə səbəb ola biləcəyi qeyd edilib. 
 
Son zamanlar ölkədə baş verən səs-küylü intihar halları, qida sektorunda və səhiyyədə baş verən özbaşınalıq və xalqın maraqlarına zidd siyasətin yürüdülməsi məsələləri də iclasda müzakirə edilib və qeyd edilən məsələlərlə bağlı narahatlıq ifadə olunub. 
 
 
Seçilən
16
Mənbələr
Şərh ()
Bağla