AZ

İstanbulun Taksim meydanında 1 May nümayişi keçirilməsi qadağan edilib

İstanbulun

Bakı, 29 aprel, AZƏRTAC

Türkiyənin hakimiyyət orqanları İstanbulun mərkəzindəki Taksim meydanında 1 May nümayişinin keçirilməsini qadağan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya jurnalistlərə deyib.

“Bu günədək “Əmək və Həmrəylik Günü” münasibətilə ölkənin 55 vilayətində 103 tədbirin keçirilməsi üzrə müraciətlərin hamısı təmin edilib. 2023-cü ildə 17,5 milyon turisti qəbul edəcək İstanbul şəhəri istisnadır. O, ölkəmizin təhsil, mədəniyyət, incəsənət, ticarət və sənaye mərkəzidir”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, bəzi terror təşkilatları son bir həftə ərzində sosial şəbəkələrdə tərəfdarlarını Taksimdəki nümayişdə iştirak etməyə çağırıb.

Əli Yerlikaya, eyni zamanda bildirib ki, mayın 1-də Taksimdə tədbirlər keçirmək üçün müraciət edən həmkarlar ittifaqı nümayəndələri orada Türkiyə Cümhuriyyətinin şərəfinə ucaldılmış abidənin önünə gül dəstələri qoya və bəyanatla çıxış edə bilərlər. Lakin meydanda və onun yaxınlığında digər tədbirlərin keçirilməsi qadağan olunub.

İstanbulda “Əmək və Həmrəylik Günü” ilə bağlı tədbirlər üçün 40 yer ayrıldığını qeyd edən nazir şəhərdə təhlükəsizliyin təmin olunmasına 42 mindən çox polis əməkdaşının cəlb edildiyini deyib.

Xatırladaq ki, İstanbulun Taksim meydanında ilk kütləvi 1 May yürüşü 1976-cı ildə həmkarlar ittifaqları tərəfindən təşkil edilmişdi. Bir il sonra orada keçirilən tədbir zamanı baş verən toqquşmalar nəticəsində 40-a yaxın insan həlak olmuş, 200-dən çox insan yaralanmışdı. Son illər Taksimdə 1 May nümayişlərinin keçirilməsinə icazə verilmir.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla