AZ

“Snayperlərin yetişdirilməsi Silahlı Qüvvələrimizin əsas tapşırıqlarından biridir” - Hərbi ekspert

2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, hərbi qulluqçular müxtəlif mərhələlərdə “Rahat olmayan vəziyyətdən atış”, “Snayper müdafiədə”, “Snayper hücumda”, "Snayper estafeti” və digər mövzular üzrə çalışmaları yerinə yetiriblər. Yarışın keçirilməsinin əsas məqsədi hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.

Snayperin əsas üstünlüyü nədir? Snayperdən döyüşlərdə hansı hallarda istifadə olunur?

Ehtiyatda olan zabit, hərbi ekspert Elxan Şıxəliyev Herbiand.az-a bildirib ki, snayperlər adətən xüsusi təyinatlılarda olan komanda briqadalarının və kəşfiyyat qruplarının tərkibində özlərinin xüsusi tapşırıqlarını yerinə yetirirlər:

“Demək olar ki, hər qrupun tərkibində kəskin atıcı silah ilə silahlanmış bir snayper olur. Onların əsas tapşırıqları xüsusi əhəmiyyət kəsb edən hədəflərin, xüsusən də imkan daxilində yüksək hərbi vəzifəlilərin sıradan çıxarılması və yaxud əməliyyatın içərisində ona verilən xüsusi tapşırığın yerinə yetirilməsidir. Snayperlərin adətən qrupun tərkibində, bir də fərdi qaydada tapşırıqları olur. Fərdi qaydada olanda düşmənlə təmas vəziyyətində olan hər hansı bir hərbi hədəfin sıradan çıxarılması tapşırıqları qoyulur. Qrupun tərkibində isə xüsusi təyinatlı qrupun və yaxud kəşfiyyat qrupunun tapşırığına əsasən mümkün ola bilən hədəflərin erkən aşkar olunması və sıradan çıxarılmasıdır. Snayperlərin fəaliyyətinin digər bölmələrdən fərqi ondan ibarətdir ki, fəaliyyəti çox gizli olmalıdır. Yəni, qarşı tərəf olan düşmən heç bir halda atəşin haradan açıldığını və kimin tərəfindən edildiyini görməməlidir. Snayperlər fərq edilmədən tapşırıqları yerinə yetirib bölgədən uzaqlaşmalıdır. Snayperlərin hazırlığı adətən gündəlik döyüş hazırlığı planlarına uyğun həyata keçirilir, bir də təlimlərdə. Təlimlərdən sonra isə yarışlarda hazırlıq keçirilir hansı ki, hazırda Azərbaycan Silahlı Qüvvələrində bu yarışlar baş verir”.

Ehtiyatda olan zabit qeyd edib ki, bizim Silahlı Qüvvələrdə xüsusi təyinatlılarımızın, komanda briqadalarımızın və kəşfiyyat bölmələrimizin tərkibində kifayət qədər yüksək peşəkar, ixtisaslaşmış snayperlər var:

“Adətən onlar ən yüksək döyüş hazırlığı səviyyəsində olan xüsusi təyinatlıların tərkibindədir, sonra komandalar və digər bölmələrdə var. Belə snayperlər nə qədər çox xidmət edirsə, xüsusən də müqaviləli müddətdən artıq xidmət keçəndirsə və ya qrupun tərkibindədirsə bunlar xidmətdən dolayı yüksək ixtisaslaşma prosesindən keçirlər. Ona görə də snayperlərin yetişdirilməsi Azərbaycan Silahlı Qüvvələrimizin, xüsusi təyinatlılarımızın əsas tapşırıqlarından biridir ki, zamanı gələndə onlara verilən tapşırıqları ən yüksək səviyyədə yerinə yetirə bilsinlər”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla