AZ

“Qəbələ”nin kapitanı: Premyer Liqa ilə vidalaşamaq faciə deyil

“Qəbələ”nin

Bakı, 29 aprel, AZƏRTAC

“Premyer Liqa ilə vidalaşmaq faciə deyil. “Qəbələ”nin adı böyükdür. Əlimizdən gələni edib yenidən elitaya qayıdacağıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qəbələ” futbol klubunun kapitanı Asif Məmmədov Premyer Liqanın XXXII turunda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olaraq elita ilə vidalaşmaları barədə danışarkən deyib.

O, bildirib ki, Gəncə təmsilçisi xal fərqini aradan qaldırmaq demək olar ki, mümkünsüz idi: “Oyundan öncə də turnir cədvəlinin son pilləsindən xilas olmağın çətin olduğunu bilirdik. Premyer Liqanı tərk edəcəyimiz əvvəldən gözlənilən idi. Sadəcə, “Kəpəz”ə məğlubiyyətdən sonra rəsmiləşdi. Gəncə klubu ilə aramızda xal fərqi böyükdür. Bunu dəyişmək çətin idi. Həmçinin kollektivdə əhval-ruhiyyə yaxşı deyildi. Buna baxmayaraq, rəqibdən pis oynamadıq. Lakin yenə əlimizə düşən fürsətlərdən yararlana bilmədik”.

38 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, mövsümün əvvəlində transfer edilən futbolçular heç cür komandaya kömək edə bilmədilər: “Bəzən bəyənib transfer etdiyin oyunçular komandaya gəldikdən sonra ondan gözlənilən performansı sərgiləmirlər. Bizdə də belə hal yaşandı. Həm Elmar Baxşıyev, həm də hazırkı baş məşqçi Kaxaber Sxadadze əlindən gələni etməyə çalışdı. Futbolçular da məşqçilərin dediklərini meydanda yerinə yetirə bilmədilər. İndi bu komandanın adı üçün çalışmalıyıq. Ümid edirəm ki, klub sayı artar və Premyer Liqada qalarıq. Bu cür hal baş verməsə belə, ruhdan düşməyəcəyik. Yenidən elitaya qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.

38 yaşlı yarımmüdafiəçi növbəti mövsüm də komandada qalmaq ehtimalının olduğunu söyləyib: “Əgər rəhbərlik mənimlə yola davam etmək istəsə, “Qəbələ”də olacağam. Başqa komandaya getmək barədə düşünmürəm”.

Qeyd edək ki, “Qəbələ” 17 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb. Reqlamentə əsasən, “qırmızı-qaralar” növbəti mövsüm I Liqada mübarizə aparmalıdır.

Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla