AZ

Almaniya və Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

Ölkə başçılarının rəsmi dövlət səfərləri dövlətlərarası münasibətlər sistemini daha da möhkəmləndirir. Azərbaycan müstəqil dövlət elan edildikdən sonra dünyanın əksər dövlətləri Azərbaycanı rəsmən tanıdı və ölkəmizlə ikitərəfli əlaqələr yarandı. 44 günlük Vətən müharibəsindən sonra isə bu əlaqələr daha etibarlı səviyyədə möhkəmləndi. Azərbaycanla Almaniya arasında olan əlaqələr də bu baxımdan da diqqəti çəkir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 aprel tarixində Almaniyaya rəsmi səfəri də bu xarakterdə oldu. Səfər zamanı təşkil edilən mətbuat konfransında cənab İlham Əliyevin çıxışı istər səfərin məqsədi haqqında, istərsə də Azərbaycan və Almaniya münasibətlərinin hansı formada davam edəcəyi haqqında informativ məlumat oldu. Ölkə başçısı cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, “Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”. Cənab İlham Əliyevin bu çıxışı təkcə Almaniya və Azərbaycan dövlətləri arasında əlaqələri deyil, eyni zamanda regionu əhatələyir.

Cari ilin 26 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edərək bir çox mühüm məsələlərə toxunmuşdur.

Cənab İlham Əliyev çıxış edərək bildirmişdir ki, “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq. Bunları söyləyəndə, mən 120 ölkəni birləşdirən hərəkatda, yəni Qoşulmama Hərəkatında bir neçə il – dörd il ərzində sədrliyimizi nəzərdə tuturam. Biz yekdil qərarla seçildik və sədrliyimiz yekdil qərarla bir il də uzadıldı. Sədrliyimiz zamanı biz Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurduq. Sədrliyimiz COVID-19-a təsadüf etdi. Beləliklə, biz çox məsuliyyətlə davrandıq və 80-dən artıq ölkəyə humanitar, maliyyə və texniki yardım göstərdik. Bir sözlə, ümid edirəm ki, həmin beynəlxalq platforma bizə Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək imkanını yaradacaq. Eyni zamanda, bir çox Avropa ölkələri ilə münasibətlər uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Bunları söylədikdə, ümid edirəm ki, həmin beynəlxalq əlaqələr bizə həmrəyliyi gücləndirməyə imkan verəcək. Bizə məhz bu lazımdır. Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq məsuliyyət lazımdır”. Qeyd etmək lazımdır ki, COP29-un ölkəmizdə keçirilməsinə dünya dövlətlərinin yekdilliklə səs verməsi və ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. Azərbaycan dünyada baş verən iqlim dəyişikliyinə, yaşıl enerjiyə keçidi ilə əlaqədar çox önəmli işlər görür və yaşıl enerji istehsalı sahəsində böyük layihələr icra edilməsinə imza atır. Bu istiqamətdə işlər ölkəmiz tərəfindən uğurla davam etdirilir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yaşıl zona elan edilmiş və ərazilərimizin şəhəri, kəndləri ağıllı şəhər və ağıllı kənd prinsipləri əsasında yenidən qurulur. Ölkə başçısı cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri zamanı “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakını ölkəmiz adına növbəti tarixi hadisə hesab etmək olar.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla