AZ

Banculda 15-ci İslam sammiti keçiriləcək

Banculda

Bakı, 29 aprel, AZƏRTAC

Qambiya Respublikasının paytaxtı Bancul şəhərində mayın 4-5-də İslam sammiti keçiriləcək.

AZƏRTAC sammitin təşkilatçısı qismində çıxış edən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) istinadla xəbər verir ki, “Dayanıqlı inkişaf naminə dialoq vasitəsilə birlik və həmrəyliyin gücləndirilməsi” mövzusunda keçiriləcək sammitdə yeni qlobal çağırışlar fonunda İƏT-ə üzv dövlətlərin qarşısında duran vəzifələr müzakirə olunacaq.

İslam sammitindən əvvəl aprelin 30-da və mayın 1-də yüksək vəzifəli şəxslərin hazırlıq iclası keçiriləcək, iclasın sənədləri müzakirə olunacaq və onların hesabatı İƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasına təqdim ediləcək. XİNŞ-in hazırlıq iclası isə mayın 2-də baş tutacaq.

İƏT-in Baş katibi Hissein Brahim Taha sammitin açılış sessiyasındakı çıxışında təşkilatın həyata keçirdiyi ən geniş fəaliyyətləri, proqramları və layihələri nəzərdən keçirən hesabat təqdim edəcək. Sammitdə üzv dövlətlərin liderləri İslam dünyasının siyasi gündəliyini, xüsusilə Fələstin problemini, iqtisadi, humanitar, sosial və mədəni inkişaf, həmçinin gənclər, qadınlar, ailə, elm və texnologiya, informasiya, İƏT-ə üzv olmayan dövlətlərdə müsəlman icmaları və azlıqlar və hüquqi məsələləri müzakirə edəcəklər.

Sammitdə, həmçinin nifrət ritorikasının və islamofobiyanın rədd edilməsi, dialoqun təşviqi, iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Sonda müzakirələrini yekununa dair Bancul Bəyannaməsi qəbul ediləcək.

Seçilən
10
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq