AZ

ABŞ Dövlət katibinin Prezident İlham Əliyevə zəngi regionda gündəliyi Azərbaycanın diktə etdiyini göstərirŞƏRH

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmanın təqdir edildiyini vurğulayaraq təbriklərini çatdırması Bakının növbəti qələbəsidir. Daha doğrusu, hər kəs bir daha şahid oldu ki, regionda sülh və təhlükəsizlik sferaları başda olmaqla, gündəlik Azərbaycan tərəfindən diktə olunur. Məlumdur ki, Azərbaycan və Ermənistan arasında müvafiq razılaşmanın imzalanmasının ardınca ABŞ sükuta üstünlük verir və məsələyə münasibət bildirməməyə çalışırdı. Lakin Blinkenin zəngi göstərir ki, Vaşinqton nəinki artıq proseslərin Prezident İlham Əliyevin müəyyən etdiyi formatı ilə barışmalı olub, üstəlik ABŞ Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılmasına dəstək göstərməyə də hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Azərbaycanın regionda dayanıqlı sülh naminə istənilən sağlam təklif üçün açıq olduğunu diqqətə çatdıran deputat deyib: “Hətta aprelin 26-da Almaniya Kansleri ilə birgə mətbuat konfransında Azərbaycan Prezidenti bildirmişdi ki, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq”. Lakin “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Prezident məsələyə daha detallı aydınlıq gətirərək qeyd etmişdi ki, “Söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik”.

B.Məhərrəmov bildirib ki, Prezident İlham Əliyev Blinkenlə danışığında da iki ölkənin delimitasiya Komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu xüsusi vurğulamaqla Bakının vasitəçisiz təmasları daha səmərəli hesab etdiyini diqqətə çatdırmış oldu. Həqiqətən də, ABŞ-ın özünün keçmiş Minsk qrupu çərçivəsində vasitəçilərdən biri kimi cəlb olunduğu və heç bir səmərə verməyən 30 illik danışıqlardan fərqli olaraq Bakı və İrəvan arasında cəmi 6 aydır start verilən vasitəçisiz təmaslar artıq nəticələr verməkdədir. İlk növbədə ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlaması, habelə bu il aprelin 19-da dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyalarının 8-ci görüşünün nəticəyönümlülüyü bunu bir daha təsdiq edir. Üstəlik, hazırda müzakirə olunan sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı da Azərbaycan Respublikasıdır. Aprelin 5-də Avropa İttifaqı, ABŞ və Ermənistanın Brüsseldə keçirilən görüşü başda olmaqla, bir çox platformalarda kollektiv Qərbin Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün cəhdlər göstərdiyi bir vaxtda Azərbaycan sülh gündəliyində israr göstərərək bu xüsusda qəti siyasi iradəyə malik olduğunu sübut edib. Bu mənada, indiki halda ABŞ-ın prosesə töhfəsi selektiv yanaşmadan və ikili standartlardan tam imtina etməsi ola bilər. Prezident İlham Əliyevin də Blinkenlə telefon danışığı zamanı ifadə etdiyi kimi, “Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir”.

“Telefon danışığında digər diqqət çəkən məqam, Blinkenin ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə etməsi, ələlxüsus enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirməsi olub. Bildiyiniz kimi, bir çox hallarda ABŞ Azərbaycana Ermənistanın prizmasından baxmış, xüsusən Vətən müharibəsində Qələbəmizin ardınca İrəvanın maraqları üzrə hərəkət etməkdə idi. Lakin Prezident İlham Əliyev Münxendə Antoni Blinkenlə görüşündə proseslərin bu cür gedişi ilə razılaşmayaraq qəti olaraq bildirmişdi ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir. Cari telefon danışığında Blinkenin ritorikasından aydın görmək olur ki, Bakı elə bir konfiqurasiyaya nail olub ki, Vaşinqton, nəhayət, Azərbaycanla münasibətlərinə heç bir amildən asılı olmadan, özlüyündə ayrı formada yanaşmağın zərurətini dərk edib. Vaşinqtonun tədricən reallıqları qəbul etməyə başlaması fonunda telefon danışığının ümumən pozitiv xarakter daşımasına baxmayaraq təəssüflə deməliyik ki, ABŞ hələ də situasiyanı lazımi surətdə həzm edə bilmir. Belə ki, bütün sahələrdə əməkdaşlıqdan dəm vuran Dövlət katibinin yenidən qlobal ombudsman obrazına bürünərək ənənəvi insan haqları məsələsini gündəmə gətirməsi başqa cür izah oluna bilməz. Təbii ki, insan haqlarının daim inkişafda olan bəşəri dəyər olduğunu Azərbaycan qəbul edir. Prezident İlham Əliyevin özünün də ifadə etdiyi kimi, Azərbaycan insan hüquqları sahəsində öhdəliklərinə sadiqdir və ölkəmizdə demokratik islahatlar davam etdirilməkdədir. Biz gizlətmirik ki, Azərbaycanın hüquq və azadlıqların daha effektiv formada təmini və müdafiəsi üçün ən müasir təcrübəyə ehtiyacı var, lakin Culian Assanja və Donald Trampa münasibətdə söz və ifadə azadlığına təcavüz, habelə çoxsaylı polis zorakılıqları fonunda Vaşinqtonun Azərbaycan üçün ortaya qoyacağı əmsal nümunəsi yoxdur. Aydındır ki, indiki məqamda ABŞ insan haqları məsələsini gündəmə gətirməklə yeni dövrün qüdrətli Azərbaycanına qarşı əlini gücləndirmək niyyətindədir. Əlbəttə, biz bu sahədə Vaşinqtonun səmimiyyətinə nə qədər inanmaq istəsək də, reallıqları başa düşmək çətin deyil və ABŞ-ın hələ də insan haqları və demokratiya amilindən öz məqsədləri naminə istifadə etmək niyyətindən əl çəkmədiyi aydın görünür”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Seçilən
176
7
Mənbələr
Şərh ()
Bağla