AZ

"Qarşıda 4 final oyunu var" - "Sumqayıt"ın futbolçusu

style='margin-bottom:10px;'>

“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Stadionda möhtəşəm atmosfer yaratmışdılar. Bu cür dəstəyin qarşısında oynamaq ikiqat xoşdur. Qələbə qazanmaq isə lap gözəldir”.

QOL.az saytına açıqlamasında bu sözləri “Sumqayıt”ın müdafiəçisi Murad Xaçayev Misli Premyer Liqasının 32-ci turunda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, Ağdam təmsilçisinin əsas heyətinə qalib gəlməyin daha xoş olduğunu bildirib: “Hamı “Qarabağ”ın hansı gücə malik olduğunu bilir. Onların avrokuboklarda necə inamlı təsir bağışladığını hər kəs görüb. Rəqibin əsas heyətinə qarşı oynamaq maraqlı idi. Ona görə də qalib gəlmək çox xoşdur”.

28 yaşlı futbolçu bu qələbədən sonra avrokuboklara yollanmaq şanslarını belə dəyərləndirib: “Qarabağ”la oyuna qədər bizim üçün 5 final var idi. İndi qaldı 4 final. Biz sadəcə 5 döyüşdən birini udmuşuq. Qarşıda bizi daha 4 döyüş gözləyir. Həmin matçlarda da maksimum nəticə qazanmalıyıq. Bu halda mövsümün sonunda istəyimizə çata bilərik”.

Xaçayev növbəti turda səfərdə “Kəpəz”lə qarşılaşacaqları görüşə də toxunub: “Tovuzda oynamaq həmişə çətindir. Orada meydanın süni olması işimizi bir qədər də çətinləşdirir. Lakin hesab edirəm ki, “Qarabağ” üzərində qələbədən sonra motivasiyamız daha çox olacaq. Görüşə daha çox köklənəcəyik. Daha istəkli olacağıq və əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq”.

“Qarşıdakı 4 matçdan hansı sizin üçün daha çətin olacaq?” sualını M.Xaçayev belə cavablandırıb: “Hər oyun özünə görə çətin olacaq. Hər komanda avrokuboklara vəsiqə əldə etmək istəyir, hər komanda turnir cədvəlində daha yüksək pillədə qərarlaşmaq istəyir. Turnir cədvəlində də vəziyyət elədir ki, bütün komandalar bir-birinə çox yaxındır. Bu səbəbdən də hər matç maraqlı və gərgin olacaq”.

Seçilən
17
2
Mənbələr
Şərh ()
Bağla