AZ

Müştərilərin cibinə “girən” restoran sahibləri-“ “Çayavoy” məcburi yox, könüllü olmalıdır”-ARAŞDIRMA

Son illər bir çox restoranlarda müştəriyə təqdim edilən hesabda ofisiantın göstərdiyi xidmətə görə əlavə ödəniş, yəni “servis haqqı” tələb olunur. Əlbəttə ki, əksər hallarda müştəri bundan ən sonda xəbər tutur. Bu məbləğ adətən ümumi məbləğin 10 %-ni təşkil edir. Ümumiyyətlə restoranlarda xidmət haqqı tələb olunmalıdırmı? Moderator.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, xidmət haqqı könüllü olmalıdır. 
 
 
““Çayavoy” Sovet ölkələrindən başqa bütün kapitalist ölkələrdə mövcud olub. Bəlkə də bəzi ölkələrdə olmayıb. Məsələn, Şimali Koreya kimi ölkədə və s. Ümumiyyətlə istehlakçıya istənilən bir sahədə yaxşı xidmət göstərəndə o çalışır ki, xidmət göstərənə artıq pul versin. Bu hal artıq istehlakçının düşüncəsində, psixologiyasında mövcuddur. Azərbaycanda bunun əcaib forması var. Artıq bunu çekə, menyuya daxil ediblər. Adətən bu könüllü olmalıdır. Məsələn, Kanadada 20 faiz həcmindədir çayavoy. Orda da ofisianta verirsən. Ofisiantın gözü çayavoyda qalır və o da yaxşı xidmət etməyə çalışır. Ölkəmizdə son 5 ildə “çayavoy”-u çekə daxil edirlər. Bu qanunla heç yerdə tənzimlənmir. Belə hallar olanda biz İqtisadiyyat Nazirliyi ilə məsləhətləşmə aparırıq. Onlar da deyir ki, öz əraziləridir, özləri bilərlər müştəri ilə necə davranırlar. Düşünürəm ki, kafelər, restoranlar üçün qaydalar hazırlanmalıdır, Nazirlər Kabinetinin bir qərarı olmalıdır. Getdikcə “çayavoy” adı ilə şişirdilmiş rəqəmlərin şahidi oluruq” deyə o bildirib.
 
Eyyub Hüseynov bildirib ki, müştəriyə öncədən xidmət haqqı haqda məlumat vermək lazımdır. 
 
“Əgər ofisiant “çayavoy” u müştəridən məcburi tələb edirsə, ona öncədən bildirilməlidir ki, xidmət haqqı mövcuddur. Öncədən bildirilsə narazılıq da olmaz. Bir çox ölkələrdə tələb yoxdur, istehlakçı verməyə də bilər. Çekə yazılırsa bu normal hal hesab olunur. Demək ki, vergi də verilir. Heç bir kriteriya yoxdur ki, çəngəl neçə dəqiqəyə gətirilməlidir, su neçə dəqiqəyə gətirilməlidir. Problem yaşayan, xidmətindən narazı qalan müştəri bir daha o restorana getməyəcək. Bunun kriteriyası yoxdur ki, deyək filan qanunvericiliklə tənzimlənir. Ölkədə ailə biznesi inkişaf etməyib, restorandakılar gündəlik pula işləyirlər. Bilirlər ki, günün axırına onun cibinə 10 manatı qoyacaqlar. Belə bir şəraitdə əlbəttə ki, restoranlarda xidmət səviyyəsi çox aşağı olacaq. Kənardan da heç kim buna müdaxilə edə bilmir. Çünki konkret olaraq bir qanun, alqoritm yoxdur” deyə Eyyub Hüseynov bildirib.
 
 
Hüquqşünas Nəriman Əliyev bildirib ki, müştəri 5 faizə qədər olan xidmət haqqını ödəməlidir. 
 
“Xidmət göstərən şəxs servisin pullu olması barədə öncədən müştəriyə məlumat verməlidir. Adətən restorana gedəndə menyu verilir və orada qiymətlər göstərilir. Amma öncədən müştəriyə məlumat da verilməlidir. Çünki ola bilsin ki, müştəri menyuda göstərilən xidmətin pullu olmasına fikir verməsin. Əgər restoranda servis haqqını 5 faizə qədər yazırsa, bu müştəri üçün gözlənilən bir hal hesab oluna bilər. Lakin 5 faizdən çoxdursa, bu artıq müştəri üçün gözlənilməz hal hesab olunmur. Buna görə də onu restoran sahibindən geri tələb edə bilər” deyə hüquqşünas bildirib.
Seçilən
60
Mənbələr
Şərh ()
Bağla

Reytinq