AZ

İstək, dəstək, qələbə

“Sumqayıt” Azərbaycan Premyer Liqasının XXXII turunda “Qarabağ”ı məğlub edib – 1:0.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyuna böyük maraq var idi. Demək olar, biletlərin hamısı satılmış, tribunalarda boş yer qalmamışdı. Bu il istifadəyə verilən arenada cari mövsümdə ikinci dəfə bu hal yaşanırdı. İlki açılış günü “Neftçi” ilə matçda da olmuşdu. Böyük azarkeş dəstəyini arxasına alan “Sumqayıt” hər iki komandanı məğlub etməyi bacarıb.

“Kimyaçılar”ın baş məşqçisi Samir Abasov İspaniyada “Barselona”nın düşərgəsində olduğu üçün matçı buraxmışdı. Komandanı oyuna onun köməkçisi Mübariz Orucov çıxarmışdı. Orucov da həmkarı qədər olmasa da, öz çılğınlığı ilə seçilən məşqçilərdəndir. “Qarabağ”la görüşün xüsusilə, son dəqiqələrdə otura bilməyən mütəxəssisin qələbədə payı var. Matçdan sonra mətbuat konfransında Samir Abasovla tez-tez danışdıqlarını desə də, Orucovun kənardan futbolçulara göstərişlər verməsi, əvəzetmələri sonda üç xalın qazanılmasına səbəb oldu.

Matçdan əvvəl “Qarabağ”ın çempionatda son iki turda xal itirməsindən sonra “Sumqayıt”la oyunda bütün gücünü qoyub, qələbə qazanacağı ehtimal edilirdi. Qurban Qurbanov meydana əsas “11-liy”i buraxmışdı. Təhlükəli hücumlar, qol epizodu sayı, topa sahib olma və s. digər bütün komponentlərdə üstün olan “Qarabağ” səfərdən xalsız döndü. Buna əsas səbəb isə qaçırılan real qol imkanları oldu. Eyni zamanda, komandada istək hiss olunmurdu. 2-3 futbolçunu çıxmaqla meydanda sona qədər döyüşən, can qoyan demək olar, yox idi. Düzdür, komanda çempion olub və liqada hansısa hədəfi qalmayıb. Görünür, futbolçular da mövsümün tez bitməsini və istirahəti düşünür. Buna baxmayaraq, komandanın meydanda istəksiz görünməsi ardıcıl üç turdur müşahidə edilir və Qurbanov buna çarə tapmalıdır.

“Sumqayıt” əks-hücumlara bel bağladığı, bütün gücünü müdafiəyə verdiyi matçdan qələbə ilə ayrıldı və avrokubok yarışından qopmadı. Xallarını 50-yə çatdıran və müvəqqəti ikinci sıraya yüksələn “kimyaçılar” üçün çempionun məğlub edilməsi əlavə motivasiya olacaq. “Sumqayıt”ın növbəti rəqibi “Kəpəz” olacaq. Bu görüş avrokubok yolunda kritik önəm kəsb edir. Xal itkisi komandanı “beşlik”dən kənarda saxlaya bilər.

“Qarabağ” isə növbəti oyunu “Neftçi”yə qarşı keçirəcək. “Atlılar” Ardıcıl xal itkilərindən sonra derbi qələbəsiylə azarkeşlərin könlünü almağa çalışacaq.

Şahin Cəfərov
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla