AZ

Qurban Qurbanov: “Bu cür epizodlardan istifadə edə bilmiriksə…”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Sumqayıt”ı təbrik edirəm. Bu gözəl şəhərdə çox xoş təəssüratlar oldu. Yaxşı azarkeşlər, futbol atmosferi, stadionda əsl bayram oldu. Rəqibi təbrik edir və uğurlar arzulayıram. Pis oynamadıq. 90 dəqiqə ərzində sadəcə bir neçə əks-hücum imkanı verdik. Bunun da birindən rəqib çox yaxşı istifadə etdi. Topa sahib olmaq, meydanda düzgün yerləşmək çox vacib idi ki, futbolçular bunu bacardılar. Bu gün uğur “Sumqayıt”ın tərəfində idi. Yaxşı qol epizodlarımız oldu, istifadə edə bilmədik. Çox istərdik ki, oyunlar belə stadionlarda, belə atmosferdə keçsin. Futbolçular daha istəkli olurlar. Azarkeşlər üçün maraqlı görüş alındı. Mövsümün sonuna yaxın futbolçularda konsentrasiya bir az aşağıdır. Bunun olmaması üçün çalışırıq. Rəqib çox istəkli idi, həm oyunçular, həm də azarkeşlər”.

Qurban Qurbanov son oyunlarda məhsuldarlığın aşağı olması barədə suala belə cavab verib:

“Belə oyunlar olur. Ola bilər ki, futbolçularda mövsümün sonuna yaxın məsuliyyət və konsentrasiya aşağıdır. Görünür ki, aşağıdır. Danışırıq və çalışırıq ki, belə olmasın. Bu cür qol epizodlarından istifadə edə bilmiriksə, soyuqqanlı ola bilmiriksə, deməli oyuna yaxşı hazırlaşmamışıq, fikir başqa yerdədir”.

“Qarabağ”la oynamağı bacarırıqsa, deməli…” – Mübariz Orucov

“Sumqayıt”ın məşqçisi Mübariz Orucov isə matçdan sonrakı mətbuat konfransında bunları dilə gətirib:

“Matç, atmosfer, azarkeşlər möhtəşəm idi. Fanatlara təşəkkür edirəm. Çağırış edirəm ki, bütün oyunlarda belə atmosfer yaratsınlar. Futbolçular da bu gün möhtəşəm oynadılar. “Qarabağ”la matçda bu dönəmdə 3 xal qazanmaq vacib idi. “Qarabağ”a avrokuboklarda uğurlar arzulayıram. Həmişə Azərbaycanı layiqincə təmsil ediblər. Bundan sonra da onlara uğurlar arzulayıram.

Xəyal Fərzullayev bu gün Premyer Liqada debüt etdi, özü də “Qarabağ” kimi rəqiblə oyuna çıxmışdı. Oyundan sonra alnından öpdüm. Bəli, ehtiyatda Orxan Sadıqlı da var idi. Amma qapıçı məşqçisi və Samir Abasovla da məsləhətləşdik ki, Xəyala şans verək. Özünü doğrultdu. Xəyalı təbrik edirəm, debütünü möhtəşəm qələbə ilə qeyd etdi.

Gündə bir neçə dəfə Samir Abasovla əlaqə saxlayırdıq. O, bizə tapşırıqlarını verirdi. Düzdür, komandanı oyuna mən çıxarmışdım, amma bu, Samir Abasovun komandasıdır, onun əziyyətidir. Həftəboyu danışmışıq, məsləhətləşmişik. İspaniyada olsa da, sanki bütün günü bizimlə idi.

“Qarabağ” üzərində qələbə komandaya əlavə motivasiya verəcək. Futbolçular dərk edir ki, bundan sonra hər oyun finala bərabərdir. Bu gün də matça final ab-havasında çıxmışdıq. Geriyə yox yoxdur. Hər oyunun mahiyyəti eynidir.

Bu gün Avropanın ən güclü komandalarından birinə qarşı oynadıq. Futbolçulara oyundan qabaq dedim ki, avrokuboklarda oynamaq istəyiriksə, “Qarabağ” elə ən yaxşı rəqibdir. Bu dəqiqə onlar “böyük beşlik” komandalarından geri qalmırlar. “Qarabağ”la oynamağı bacarırıqsa, demək ki, avrokuboklarda da yaxşı çıxış edə bilərik. Bunu futbolçular da dərk edirlər”.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla