AZ

Adil Şükürov: "Belə infrastrukturu dağıtmaq Azərbaycan futboluna qəsd etməkdir"

Azərbaycan Premyer Liqasının XXXII turunda keçirilən "Qəbələ" - "Kəpəz" oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...

- "Kəpəz" azarkeşlərini təbrik edir, onlara təşəkkür edirəm. Premyer Liqada qalmağı təmin etdik. Bu gün mübarizə apardıq, döyüşdük. Qələbəni alın tərimizlə qazandıq. Bütün oyunçulara təşəkkür edirəm. İnşallah ki, yeni mərhələyə keçirik.

- Komandanı çətin vəziyyətdə götürüb, irəli apardınız. Komandanın uğurunun sirri nədir?
- Hər kəsin burada əməyi var. Hər kəs bir yumruq kimi çıxış etdi. Bu gün də bu əməyin bəhrəsini görürük.

- "Qəbələ" elitanı tərk etməlidir, yoxsa komanda sayı artmalı və onları çempionatda saxlamaq lazımdır?
- "Qəbələ"nin infrastrukturu Azərbaycanda bir nömrədir. Bu komandaya yardım etməliyik. "Qəbələ" daha yaxşı olmalıdır, çempionatda qalıb, ölkə futboluna yeni oyunçular bəxş etməlidirlər. Belə infrastrukturu dağıtmaq Azərbaycan futboluna qəsd etməkdir.

- Uzun müddət kənarda qaldınız, amma "Kəpəz"ə gəlib, pis vəziyyətdən çıxardız. Sizə qarşı ədalətsizlik olduğunu düşünmürsünüz?
- "Zirə"də ilk ilimdə gümüş medal qazandım. Böyük şans yarandı. Əsas komandanı qurmaqda düz yolda olmuşuq. Bunu həm "Zirə"də, həm də burada göstərdim. Tovuz akademiyasının qurulmasında iştirak etmişəm. İdman Nazirliyinin nəzdində "Ulduz" akademiyasının yaradılmasında da iştirakım oldu. Bunlar böyük təcrübə idi və bunlardan yararlandım. İşimizi daha təkmilləşdirdik. Bu gün komandamız sona dörd tur qalmış çempionatda qalmağı rəsmiləşdirdi. Gələcəkdə yaxşı yerlər uğrunda mübarizə aparmalıyıq.

- Sizə olan münasibətə görə küskünlüyünüz yoxdu?
- Xeyr, şans oldu və insanları tanıdım, müəyyən təcrübə qazandım.

- Maraqlıdır, daha erkən gəlsəydiniz, "Kəpəz"i yuxarı sıralarda görə bilərdikmi?
- Bu komandanı toparlayan Azər müəllimə təşəkkür edirəm. Heyəti o qurub. Sadəcə futbola baxış fərqi var. Bizim baxışımız fərqli olduğu üçün həmin komandanı önə apardıq, xallar qazandıq. Tez gəlsəydim, necə olardı, bilmirəm. Gəncədə son oyunların birində "Səbail"ə məğlub olmuşduq. 0:3 hesabıyla bitən görüşə baxmışdım. Bəzi epizodlarda komanda xoşuma gəlmişdi. Düşünürdüm ki, bu komandaya gəlsəm, nələrsə edə bilərik. Futbolçular uduzsa da, mübarizə aparmışdılar. Oyunçulardakı potensialı görmüşdüm. Bir işi etməkçün əlimizdəkilərin potensialına baxıb, nələrsə tələb etmək lazımdır.

- Ümid Səmədova şans verməyi düşünürsünüzmü?
- Ümid gələn günündən bizimlə olub. Sadəcə problemləri oldu. Futbolçu kimi keyfiyyətləri bizi qane edir. Həkimlər bizə rəy verməlidir ki, oynaya bilər, ya yox. Onun potensialı var. Lakin səhhəti ilə bağlı məsələlər aradan qalxmalıdır. Əsas komanda ilə əvəzedicilərdə yüklənmələrdə fərqlər olur. Uşağın atasıyla da danışmışıq. Ümidin xətrini çox istəyirəm, yaxşıdır. Amma həkimin də sənədi olmalıdır ki, oynaya bilər, ya yox.

Şahin Cəfərov
Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla